Yeni, qorxulu Avropa reallığı - FOTO

Yeni, qorxulu Avropa reallığı - FOTO
19:17 24 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa və Aİ-nin terrorla mübarizə tədbirlərinin xarakteri necə olacaq?
Fransada törədilmiş son terror aktlarının yalnız bu ölkənin deyil, bütünlükdə Avropanın sosial-siyasi həyatı üçün ciddi nəticələri olacaq. "Köhnə Qitə" liberal eyniliyini qorumağın yollarını axtarır və bununla yanaşı, optimal multikulturalizm modelini də tapmağa çalışır. Lakin bütün niyyətləri yalnız təhlükəsizliyin təmini ilə reallaşdırmaq mümkündür. Fransa və Aİ-nin müvafiq instansiyaları bu istiqamətdə bir sıra strateji xarakterli tədbirlər hazırlamaqdadır.
 
Parisdə rekord sayda - 1,5 milyon insanın qatıldığı millətin birliyi yürüşü (bütünlükdə Fransada nümayişə çıxanların ümumi sayı 3,5 milyondan artıq olub) fransızların demokratiyanın keşiyində durmağa hazır olduqlarını göstərib. Amma "Charlie Hebdo" jurnalının cəmi bir neçə saat sonra çap olunan növbəti sayı bir çox avropalının düşüncəsində demokratiya ideallarının son dərəcə qəribə xarakter daşıdığını ortaya qoyub. Onlar müsəlman olan milyonlarla vətəndaşlarının təhqir edilməsində antidemokratik heç nə görmürlər. Üstəlik, söhbət həm də bütün dünyadakı 1,5 milyard müsəlmanın təhqir olunmasından gedir.
 
Terror hücumuna məruz qalmış jurnal növbəti sayında yenidən Məhəmməd Peyğəmbərin karikaturasını dərc edib və bununla da sivilizasiyalararası dözümsüzlük zəminində baş verə biləcək yeni asayiş pozuntularına görə məsuliyyəti üzərinə götürüb. Yəni doğrudanmı, bu intellektual özbaşınalıq jurnalın və onun oxucularının guya təbliğ etdikləri "söz azadlığı"nın mahiyyətini əks etdirir? Yoxsa insanların milli və ya dini mənsubiyyətinə görə təhqir olunması, onlar üçün müqəddəs olanların, dəyərlərin məsxərəyə qoyulması nifaq salmaq hesab olunmur?
 
Qərbin müəyyən dairələrində Paris terroruna reaksiya olaraq islamofobiyanın güclənməsi də bundan az hörmətsizlik deyil. Fransanın özündə artıq məscidlərə onlarca hücum təşkil olunub, hökumət onların mühafizəsi üçün ciddi tədbirlər görmək məcburiyyətində qalıb. Almaniyada isə PEGIDA ("Qərbin islamlaşdırılmasına qarşı vətənpərvər avropalılar") təşkilatı fəaliyyətini gücləndirir. Təşkilat islamla terroru, az qala, bir sıraya qoyur.
Yeri gəlmişkən, Almaniyada səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu islamofobiya təbliğatına kifayət qədər kəskin cavab verib. O bildirib ki, türklərin Almaniyada neonasistlər tərəfindən kütləvi şəkildə məhv edilməsini "alman" və ya "xristian" terroru adlandırmaq heç kimn ağlından belə keçməyib. Demək, "islam terroru" kimi terminlərdən istifadə etmək olmaz.
 
Avropa ziyalılarının bir çox görkəmli nümayəndələri Parisdə baş vermiş faciədən antimüsəlman isteriyası qaldırılmasında istifadə olunmasını yolverilməz sayırlar. Məsələn, məşhur fransız rejissoru Lyuk Besson Fransanın müsəlman gənclərinə açıq məktubla müraciət edərək, onları silahdan, zorakılıqdan imtinaya, əvəzində qələmlə, karandaşla "silahlanmağa" çağırıb. "Qardaşım, bilsən, bu gün sənin, həmçinin sənin gözəl dininin ləkələnməsi, alçaldılması, ittiham olunması mənə nə qədər ağır gəlir. Sənin gücün, enerjin, yumorun, ürəyin, qardaşlığın unudulub. Bu, ədalətsizlikdir və biz bu ədalətsizliyə birlikdə son qoymalıyıq", - deyə Bessonun "Le Monde" qəzetində dərc olunmuş məktubunda bildirilir. Rejissor ölkə rəhbərliyini qəribçilik içərisində qalmış gənc müsəlmanların təhsillə, işə düzəlmə ilə bağlı problemlərinin həllinə çağırıb.
 
Beləliklə, müasir Avropa demokratiyasının liberalizmlə istənilən dinin (yalnız İslamın deyil) müqəddəslərinə hörmətin bir arada necə mövcud olmasına dair müzakirələr hələ uzun müddət davam edəcək. Amma Avropada hamı terrorizmin qarşısının alınması üçün artıq bütün ölkələrin eyni dərəcədə sərtlik nümayiş etdirməsinin qaçılmaz olduğunu anlayıb. Fransada bu istiqamətdə presedenti olmayan tədbirlər görülür. İndi Avropanın bu və ya digər dövlətləri də Fransanın atdığı bu addımlardan nümunə götürməyə hazırdlırlar. Ölkənin ən vacib orqanlarının mühafizəsinə 10 minədək hərbçi cəlb olunub. Fransanın müdafiə naziri Jan-İv Le Drian bildirib ki, hərbçilərin səfərbər olunması ilə bağlı qərar ölkə başçısı Fransua Olland tərəfindən ölkənin təhlükəsizliyinə dair keçirilən iclasda qəbul edilib.
 
Vəziyyətin unikallığı Fransanın indiyədək olan dövrdə heç zaman bu qədər miqyaslı təhlükəsizlik tədbirləri görməməsindədir. İndi ölkədə yəhudi məktəbləri, sinaqoqlar, mağazalar və yəhudi icmalarının toplandığı yerlər də ciddi mühafizə altındadır.
 
Əksər Avropa ölkələrində də ciddi antiterror tədbirlərinə əl atılıb. Məsələn, Almaniyada terrorla mübarizə sahəsində əlavə qanunlar paketinin qəbulu planlaşdırılır. Yeni qanunlar ölkə vətəndaşlarının dünyanın qaynar nöqtələrinə gedişinin qadağan olunmasını nəzərdə tutur. Qonşu Avstriyada isə polisin xüsusi əməliyyatların keçirilməsi üçün lazım olan daha müasir zirehli maşınlarla, vertolyotlarla təchiz edilməsi məsələsi gündəmdədir.
Böyük Britaniya da istisna deyil. Ölkənin Baş naziri Devid Kemeron təkrarəın hökumət başçısı seçiləcəyi təqdirdə, xüsusi xidmət orqanlarının səlahiyyətlərini artıracağını vəd edib. Bu halda, Britaniyanın xüsusi xidmət orqanları terrorçuluqda şübhəli bilinən şəxslərin internet əlaqələrini qanuni şəkildə izləyə biləcək.
 
Nəhayət, İspaniyanın daxili işlər naziri Xorxe Fernandes Dias digər Avropa ölkələri ilə sərhədlərin bağlanması təklifi ilə çıxış edib. O, Şengen razılaşmasında dəyişikliklərin edilməsini vacib sayır. Nazirin təklifi etdiyi dəyişikliyə görə, insanlara total nəzarət həyata keçirilməsə də, terrorla əlaqədə şübhəli bilinən istənilən şəxslə bağlı yoxlamalar aparılacaq.
 
Ümumilikdə, Avropa İttifaqında isə Avropa ərazisinə giriş şərtlərinin ağırlaşdırılması haqda düşünməyə başlayıblar. Hazırda qüvvədə olan Şengen razılaşması Aİ ərazisinə ittifaqın xarici sərhədlərindən daxil olan hər kəsin sənədlərinin yoxlanılmasını nəzərdə tutur. Bundan sonra isə yoxlamalar daha ciddi olacaq.
 
Geridə qalan həftədə Avropa siyasətində vacib hadisə kimi, Aİ ölkələrinin DİN başçılarının Paris görüşünü göstərmək olar. Toplantıda ABŞ-ın baş prokuroru Erik Holder də iştirak edib. İclasda, şübhəsiz ki, əsas müzakirə mövzusu terrorla mübarizə olub. Polis orqanlarının rəhbərləri aviaşirkətlərin müştəriləri ilə bağlı məlumatların toplanılacağı Ümumavropa sisteminin yaradılmasına dair razılığa gəliblər. Bundan başqa, internet rabitəsi operatorları arasında əməkdaşlığın dərinləşdirilməsi də qərara alınıb və məqsəd ekstremist saytların kökünün kəsilməsidir. Fransanın daxili işlər naziri Bernar Kaznyov Avropa Komissiyasının bu istiqamətdə lazımi addımlar atacağına ümidini ifadə edib. O hesab edir ki, terrorla mübarizə sahəsində tədbirlərin sərtləşdirilməsi yalnız Fransa ilə məhdudlaşmamalıdır. Bu fikir parlamentdəki iclasdan sonra da təkrarlanıb. Nazirin fikrincə, Parisin bu addımları Aİ-nin digər ölkələri, həmçinin tərəfdaşları üçün də nümunə olmalıdır.
 
Terror təhlükəsi ilə mübarizə tədbirləri çərçivəsində Avropa ölkələrinin kəşfiyyat xidmətlərinin bu və ya digər formada birləşməsi mümkündür. Fransa xüsusi xidmət orqanlarının fəaliyyətindəki ciddi yanlışlıqlar (bu, rəsmi Paris, konkret desək, Baş nazir Manuel Vals tərəfindən də etiraf olunub) belə perspektivi kifayət qədər aktuallaşdırıb. Fransa hökuməti terrorçu Amedi Kulibali ilə əlbir olan, Parisin şərqindəki ərzaq mağazasına terror hücumu etmiş 26 yaşlı Hayat Bumeden haqqında ətraflı informasiyaya malik olmadıqlarını etiraf edib. Beləliklə, indi Ümumavropa miqyasında terrorçuluqda şübhəli bilinən hər kəsin danışıqlarının dinlənilməsi gündəmdədir. Bunun üçün qanunvericiliyə dəyişikliklər olunmalı, hüquq-mühafizə və prokurorluq orqanlarının koordinasiyasının gücləndirilməsi lazımdır. Bundan başqa, terrorçuluqda təqsirləndirilən radikal islamçılar təcrid vəziyyətinə salınmalı, ayrıca həbsxana bloklarında saxlanılmalıdır. Bu, onların məhbəsdə potensial yaraqlıları ələ almalarını önləmək üçün vacibdir.
 
Avropanın xüsusi xidmət orqanlarının birləşdirilməsi ideyası əvvəllər də səsləndirilib. Hələ 2013-cü ilin payızında ədliyyə məsələləri üzrə avrokomissar Vivian Redinq Ümumavropa kəşfiyyat xidmətinin yaradılması təklifi ilə çıxış etmişdi. Lakin Aİ-nin digər instansiyaları o zaman bu təklifə son dərəcə ehtiyatla yanaşmış, onu "dəqiqləşdirilməsi tələb olunan siyasi ideya" kimi qiymətləndirmişdilər. Məsələ ondadır ki, Redinqin təklifi ABŞ xüsusi xidmət orqanları ilə qarşıdurma kontekstində səsləndirilmişdi. Bu qarşıdurmaya səbəb isə amerikalıların Aİ dövlətlərinin birinci şəxslərinin danışıqlarını dinləməsi faktının üzə çıxması idi.
 
Beləliklə, "Charlie Hebdo" jurnalının redaksiyasına olunan terror hücumundan sonra, Ümumavropa əhəmiyyətli "vacib strukturlar"ın yaradılması məsələsi yenidən gündəmə gəlib. Amma məhz bu şəraitdə Aİ ilə Birləşmiş Ştatların gələcək münasibəti məsələsi gündəmə çıxır. Prioritet terrorla mübarizə olsa belə, Avropa xüsusi xidmət orqanlarının birləşdirilməsi ABŞ-la fikir ayrılıqlarının (xüsusilə Amerikanın həyata keçirdiyi izləmələrlə bağlı qalmaqal nəzərə alınarsa) dərinləşməsinə səbəb ola bilər. Aİ ölkələrinin kəşfiyyatı obyektiv olaraq okeanın o tayındakı tərəfdaşlarının təzyiqlərində maraqlı deyil. Amma ABŞ elitası ilə sıx əlaqələrə malik Avropa isteblişmenti məhz yeni şəraitdə tərəflər arasında hər hansı qarşıdurmanın baş qaldırmasını istəmir. O, qlobal təhlükələr qarşısında zəif olduğunu anlayır və Vaşinqtona arxalanmağa ehtiyacın olduğunu başa düşür. Bu isə əlbəttə ki, həm də ABŞ-ın maraqlarına cavab verir.
 
Yeri gəlmişkən, Paris terrorları ilə bağlı ABŞ maliyyə nazirinin sabiq müavini Pol Kreyq Robers kifayət qədər maraqlı versiya irəli sürüb. Onun fikrincə, "Charlie Hebdo" jurnalına hücumda məqsəd Fransanın Vaşinqtonun vassalı statusunun möhkəmləndirilməsidir. "Şübhəli şəxslər günahkar da ola bilərlər, qurbanlıq qoyun da. Unutmayın ki, MKİ-nin hazırladığı bütün terror aktlarında məqsəd amerikalılar üçün terror təhlükəsini real göstərməkdir", - deyə Robers qeyd edib. O, ABŞ-ın Fransaya təsir imkanlarını artırmaq istəyini Fransa prezidenti Fransua Ollandın son zamanlar xarici siyasətdə həddindən artıq müstəqillik nümayiş etdirməsi ilə əsaslandırır. Robers misal kimi, Ollandın Rusiyaya qarşı sanksiyaları dayandırmaq təklifini göstərir.
 
Ekspertlər Parisin anti-Rusiya siyasətindəki yumşalmanı Moskvaya tətbiq edilmiş embarqolar üzündən Fransa iqtisadiyyatına ciddi zərbələrin dəyməsi ilə izah edir. Pol Kreyq Robers isə Amerikanın Avropada "yalançı bayraq" əməliyyatını məqsədli şəkildə planlaşdırdığını iddia edir. Onun fikrincə, Vaşinqtonun məqsədi "müsəlmanlara qarşı nifrət yaratmaq, Avropa ölkələrini ABŞ-ın nüfuz orbitinə cəmləməkdir".
 
Maraqlıdır ki, bənzər fikirlərə bir sıra dünya KİV-də də rast gəlinir. Mətbuat yazır ki, Parisdə törədilmiş terror aktlarından sonra Birləşmiş Ştatlar üçün İraq və Suriyanın böyük bir hissəsini nəzarətdə saxlayan "İslam dövləti"nə qarşı antiterror koalisiyasını formalaşdırmaq xeyli asanlaşacaq.
Bu cür versiyalar kontekstində, deyilənlərin yalan, ya doğruluğundan asılı olmayaraq, hadisələrin Qərblə müsəlman Şərqi arasında qarşıdurmaya doğru inkişaf etdiyinə şübhə yoxdur. Bu mənada, Avropanın siyasi dairələri qarşısında ciddi məsələlər dayanır. Uzun illərdir, Fransa və bütünlükdə dünyanın Yaxın Şərqdə avroatlantistlərə boyun əyməyən rejimləri devirmək üçün dəstək verdikləri qüvvələr elə Parisdə terror aktı törədən "cihadçılar" deyil ki? Doğrudanmı, Fransada terrorçuların 17 nəfəri qətlə yetirməsindən sonra da Qərb terrorla mübarizəyə "seçimli" yanaşmanın doğru olmadığını dərk etmədi? Yoxsa cihadçılar Fransada söz azadlığı haqda təsəvvürlərə əl uzadarkən pis, Suriya və digər dövlətləri məhv edilməsi işində isə yaxşıdırlar?
 
Şübhəsiz, islam adı altında cinayətlər törədən terrorçuların islama heç bir aidiyyəti yoxdur - nə ideya, nə hüquqi, nə də əxlaqi baxımdan. Terrorçuluğa ən yaxşı cavab isə dünyanın bütün dövlətləri və xalqlarının bu bəla ilə mübarizədə birləşməsi olar. Amma söhbət real birlikdən gedir, ayrı-ayrı dünya mərkəzlərinin geosiyasi maraqlarının güdülməsindən yox. Çünki bu mərkəzlər müsəlman cəmiyyətlərinin getdikcə artan nüfuzunu Qərb liberalizminin qlobal hökmranlığı yolunda əsas maneə kimi gördüyündən, islamofobiyadan bir silah kimi istifadə etməyə cəhd göstərirlər.
 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR