SİTE təşkilatı: İŞİD yaraqlıları çox güman ki, yapon girovlardan birini qətlə yetiriblər

SİTE təşkilatı: İŞİD yaraqlıları çox güman ki, yapon girovlardan birini qətlə yetiriblər
21:38 24 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 24 yanvar, AzərTAc
İŞİD yaraqlıları çox güman ki, yapon girovlardan birini qətlə yetiriblər. İŞİD-in internetdə fəaliyyətinin monitorinqi ilə məşğul olan SİTE təşkilatının yaydığı məlumata görə, yaraqlılar əlində Haruna Yukavanın şəklini tutmuş Kenzi Qotonun fotosunu dərc ediblər.
Kyodo informasiya agentliyi həmin ərəfədə girovların sağ olduğu barədə məlumat yaymışdı. İŞİD yaraqlılarının girovlarla əlaqədar verdikləri ultimatumun vaxtı artıq başa çatıb.
Yaponiya xarici işlər naziri Fumio Kişida girovların yeri və vəziyyəti barədə məlumata malik olmadıqlarını bildirmişdi: “Biz girovların olduğu yeri müəyyən etməyə çalışsaq da hazırda heç bir yeni məlumat təqdim edə bilmərik. Vəziyyət çox gərgindir və biz bütün lazım olan tədbirləri görməyə çalışırıq”.
Xəbər verdiyimiz kimi, özünü İŞİD qruplaşmasının nümayəndəsi kimi təqdim edən şəxs Yaponiya hökuməti 72 saat ərzində 200 milyon dollar ödəməyəcəyi təqdirdə iki yapon girovun qətlə yetiriləcəyi barədə videonu bu təşkilata yaxın olan saytlardan birində yerləşdirib. İki dəqiqədən bir qədər az davam edən video Baş nazir Şinzo Abenin İraq hökumətinin terrorla mübarizəsini dəstəkləyən çıxışı ilə başlayır.
F.Kişidanın jurnalistlərə bildirdiyinə görə, hazırda Yaponiya hökuməti kütləvi informasiya vasitələrində yayılmış məlumatın dəqiqləşdirilməsi ilə məşğuldur: “Hazırda biz girovların taleyi ilə bağlı daxil olmuş məlumatın dəqiqləşdirilməsi ilə məşğuluq. Bunun üçün biz Əmmanda olan nümayəndələrimizlə artıq əlaqə yaratmışıq”.
Əmmanda hazırda xarici işlər nazirinin müavini Yasuhide Nakayamanın rəhbərlik etdiyi qrup Yaponiya hökumətinin girovların azad edilməsi ilə bağlı fəaliyyətini əlaqələndirir. İŞİD yaraqlılarının verdiyi ultimatumdan artıq kifayət qədər vaxt keçib.
Girovlardan birinin qətli barədə yayılmış informasiyaya münasibət bildirən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, İŞİD-in guya girovlardan birini öldürməsi barədə yayılmış xəbərlər Yaponiyanı qəzəbləndirir. Y.Suqa hökumətin daxil olmuş məlumatın hazırda dəqiqləşdirilməsi istiqamətində çalışdığını söyləyib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR