Qazaxda işçilər aksiya keçirdilər

Qazaxda işçilər aksiya keçirdilər
23:32 24 Yanvar 2015
209 Sosial
Ölkə mətbuatı
A- A+

“Azər” Mühafizə İdarəsinin Qazax şöbəsinin işçiləri musavat.com saytına şikayət məktubu ünvanlayıblar.
 
Şikayət məktubunda bildirilir ki, adı çəkilən mühafizə xidməti 2014-cü ilin aprelindən fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 10 ay ərzində işçilərə cəmi 3 dəfə maaş verilib. Aylardır hər yerə müraciət etsələr də, bunun heç bir faydası olmayıb.
 
İşçilərə oktyabr ayından maaşlar verilmir. "Azər" Mühafizə Xidmətinin Qazax şöbəsinin rəisi Elxan İsmayılov isə işçiləri "bu gün - sabaha maaşlar gələcək" deyib yola verib. Dekabrda maaşların veriləcəyini desə də bayrama görə hərəyə 30 manat pul verib. Daha sonra söz verib ki, yanvarın 6-dan 23-nə kimi maaşlar paylanılacaq.
 
Ancaq hələ də maaşlar öfənilməyib. İdarənin rəisi “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı adamları işə düzəltmək adı ilə aldadıb. Həmin adamlardan guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə müxtəlif məbləğlərdə pullar alıb. Onlara ötən ilin oktyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən ödəyib. Sonradan isə “yoxa çıxıb”. Buna görə də Vüqar Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır.
 
Təkcə Qazaxda bu idarənin 190 nəfər işçisi var, ümumilikdə isə respublikanın 48 rayonunda şöbəsi fəaliyyət göstərir. "Azər" Mühafizə Xidmətinin fırıldağı ilə üzləşən yüzlərlə Qazax sakini isə boş vədlərdən bezərək aksiya keçiriblər.
 
Şikayətçilər deyirlər ki, onlara müxtəlif vədlər verilir, amma heç biri yerinə yetirilmir. Bundan əlavə işə qəbul olmaq üçün verdikləri pulları da geri almaq şansları yoxdur.
 
“Azər” Mühafizə İdarəsinin fırıldağı ilk gündən bəlli olub. Belə ki, işə qəbul olmaq istəyən şəxslərə maaşla bağlı müxtəlif qiymətlər deyilib. İstənilən şəxs işə qəbul olmaq üçün depozit qoymalı olub. Depozitə uyğun olaraq, maaş da dəyişib. Min manat depozit qoyduqda 480 manat, 2000 manat depozit qoyduqda isə 980 manat maaş vəd edilib. Hər işə girəndən 500 manatdan başlayaraq, 1500 manata kimi rüşvət alıblar. İşçilərin ilk maaşı 45 gündən, ikinci maaşları 35 gündən hesablanıb. Bundan əlavə işçilərdən əlavə olaraq 110 manat pul alınıb.
 
Mühafizə Xidməti rayonda sahibkarların obyektlərini mühafizə edirmiş, ancaq havaların soyumasına baxmayaraq işçilər üçün qorunmağa yerlər yaradılmadığından, işçilər məcbur olub kimi öz maşınında, kimi də soyuqda çöldə küçələrin zibilini yandırmaqla sabaha kimi 14 saat xidmət aparıblar.
 
İşçilər deyirlər ki, onlara verilməli olan pulları almadan, dayanan deyillər. Sona qədər haqlarını tələb edəcəklər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/48569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR