Bu il fevralın 4-də xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur. Bu münasibətlə Rusiyanın paytaxtı Moskvada Polad Bülbüloğlunun yubiley konserti keçirilib.
Xalq artisti Polad Bülbüloğlunun yubiley konserti Moskva filarmoniyasının Çaykovski adına konsert salonunda keçirildi. Mərasimin son hazırlıq işlərinin ən xırda detallarına qədər bir-bir yoxlayan Polad Bülbüloğlunun hətta konsert proqramına da diplomatik fəaliyyəti kimi ciddi yanaşması diqqətimizdən qaçmadı.
Xalq artisti, Polad Bülbüloğlu konsert proqramı ilə bağlı bunları dedi:“Çox nadir hallarda olur ki, böyük konsert programı xoşagəlməz sürprizlərdən yan keçsin. Ona görə də hər bir xırda detalı yoxlamaq lazımdır. Baxın, simfonik orkestrdə 100 adam var. Onların hər birinin qarşısındaki not səhifəsini yoxlamaq lazımdır. Təsəvvür edin ki, əgər bir səhifənin yeri səhv qoyulsa, görün onda nə ola bilər. Axı bu canlı konsertdir. Fonoqrafiya altında oxumuruq. Ona görə hər şey ola bilər”.
Böyük sənətkarın dostları və pərəstişkarları onu yubiley konsertində də unutmadılar.
Yazıçı,Larisa Rubalskaya: “Bilirsinizmi, müxtəlif zamanlarda yeni musiqilər və bəstəkarlar meydana gəlir, onlar məşhurlaşırlar. Ancaq elə bəstəkarlar da var ki, onların həm musiqiləri, həm özləri heç vaxt qocalmırlar, ölmürlər. Polad Bülbüloğlu da belə bir sənətkardır. Onun musiqilərini bütün qəlbimlə sevirəm”.
Xalq artisti, Faiq Ağayev: “Polad Bülbüloğlu adını Azərbaycan musiqisində qızıl hərflərlə yazmış bir şəxsiyyətdir və mənim üçün bir azərbaycanlı olaraq, müğənni olaraq Polad Bülbüloğlunun Moskvada keçirilən bu möhtəşəm konsertində iştirak etmək böyük bir səadətdir. Azərbaycan adına, Azerbaycan musiqisi adına böyük bir uğurdur. Polad Bülbüloğlunu hamımız sevirik və ona bax belə həmişə səhnədə olmağı arzu edirik”.
Tamaşaçıların alqışları altında səhnəyə çıxan Polad Bülbüloğlu öncə Azərbaycan mahnısını ifa etdi.
Drijor Sergey Skripkanın rəhbərlik etdiyi orkestrin ifasında “Eşq və ölüm” baletinin yeni guruluşda premyerasından parçaları və Polad Bülbüloğlunun çəkildiyi kinofilmlərdən musiqiləri dinləyən tamaşaçılar nostalji hisslər yaşadı.
Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar fevralın 4-də Bakıda Heydər Əliyev Sarayında da təntənəli mərasimin təşkili nəzərdə tutulur.
Mənbə
ANS TV: Aqşin Sabiroğlu