“AİTF 2015” beynəlxalq turizm sərgisində 400-ə yaxın şirkətin iştirakı gözlənilir

06:03 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
Aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AİTF 2015”) keçiriləcək. “AİTF 2015” sərgisində 35 ölkə və 400-ə yaxın şirkətin iştirakı gözlənilir. Bu, sərginin tarixində rekord göstəricidir.
Hər il dünyanın müxtəlif ölkələrindən peşəkarları və qonaqları Azərbaycana toplayan sərgidə səyahətlər, işgüzar turizm, müalicə və istirahət turizmi sahələrində ən son yeniliklər nümayiş etdirilir.
Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, builki sərgidə hava yolları, aviadaşıyıcılar və aviaagentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxana və hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.
Eyni vaxtda 9-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (“HOREX Caucasus 2015”) də işə başlayacaq. Bu sərgidə mehmanxana və restoran biznesinin aparıcı nümayəndələri, dünya hotel şəbəkələri iştirak edəcək, kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün avadanlıqlar nümayiş olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR