Misirin “Əl-Masr Əl-Yaum” qəzeti Azərbaycan səfirinin 20 Yanvar hadisələri ilə bağlı məqaləsini dərc edib

Misirin “Əl-Masr Əl-Yaum” qəzeti Azərbaycan səfirinin 20 Yanvar hadisələri ilə bağlı məqaləsini dərc edib
11:18 25 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 25 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Misirin geniş oxucu kütləsinə malik “Əl-Masr Əl-Yaum” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi dərc olunub. Məqalə, eyni zamanda, həmin qəzetin elektron saytında yerləşdirilib.
Yazıda səfir Ş.Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 1980-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında oxuculara ətraflı məlumat verir.
Məqalədə 20 yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilir, yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı bildirilir.
Vurğulanır ki, Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini qırmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqı öz yolundan dönməyib və dövlət müstəqilliyini yenidən bərpa edib.
Səfir məqaləsində qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu xüsusilə diqqətə çatdırır.
Xalqımızın müstəqilliyin ilk illərində bir sıra siyasi və iqtisadi çətinliklərlə, xüsusən də ölkə ərazilərinin 20 faizinin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyini xatırladan müəllif ölkə rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində Azərbaycanın hazırda yüksək templərlə inkişaf etdiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayır.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:
http://www.almasryalyoum.com/news/details/637974

Asya Hacizadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misirin_Al_Masr_Al_Yaum_qezeti_Azerbaycan_sefirinin_20_Yanvar_hadiseleri_ile_bagli_meqalesini_derc_edib-827380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR