Sığorta şirkətlərindən və sığorta vasitəçilərindən şikayətlərin verilməsinin vahid sistemi yaradılacaq

11:58 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
Vətəndaşlar sığorta şirkətlərindən və sığorta vasitəçilərindən şikayətlərini yaradılacaq vahid sistem vasitəsilə edə biləcəklər. Vətəndaşların sığorta şirkətlərindən şikayətlərinə ictimai aşkarlıq şəraitində baxılmasını təmin etmək məqsədilə xüsusi internet səhifəsinin yaradılmasına təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev AzərTAc-a bildirib ki, vahid sistemin yaradılması Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında nəzərdə tutulub.
Tədbirlər Planına əsasən, sığorta sahəsində çalışanların hazırlıq səviyyəsinə diqqət və tələblər artırılacaq. Belə ki, sığorta şirkətlərində çalışan və sığorta məhsullarının satışı ilə məşğul olan əməkdaşlardan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən attestasiyadan keçmələri tələb ediləcək.
M.Abdullayev bildirib ki, Tədbirlər Planında sığorta ödənişlərinin sadələşdirilməsi məqsədilə İKT-nin imkanlarından daha geniş istifadə nəzərdə tutulur. Belə ki, avtomobil qəzaları ilə bağlı arayışın alınmasının sadələşdirilməsi üçün İcbari Sığorta Bürosunun informasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq informasiya sismemi ilə əlaqələndirilməsi gözlənilir.
Əhalinin sığorta sahəsində maarifləndirilməsi məqsədilə müəyyən tədbirlər nəzərdə tutulub. Buraya sığortaya aid mobil telefonlar üçün proqramların hazırlanması, maarifləndirici tədbirlərin keçirilməsi, icbari sığorta növlərinin hər biri üzrə vahid formada yaddaş vərəqinin hazırlanması aiddir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR