“Azərbaycan - gələcəyin ölkəsi” adlı seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb

“Azərbaycan - gələcəyin ölkəsi” adlı seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb
12:58 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Tokio, 25 yanvar, AzərTAc
Yaponiyanın Fukuoka şəhərində təşkil olunan “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb.
“World İnvestors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, seminarın təşkilində məqsəd tədbir iştirakçılarını regionun dinamik inkişaf edən ölkəsi olan Azərbaycan haqqında ətraflı məlumatlandırmaqdır.
Seminarda Azərbaycanın iqtisadiyyatı haqqında məlumat verilib, son illər müşahidə olunan sürətli inkişaf barədə danışılıb. Bildirilib ki, Azərbaycanda karbohidrogen ehtiyatların hasilatından əldə edilən mənfəət iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəldilir.
Ötən ilin sonlarında Tokioda nəşr olunan “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabı barədə iştirakçılara məlumat verən K.İşida deyib ki, burada icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən söz açıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm layihələrin həyata keçirildiyini vurğulayan ekspert ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Seminarda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, son illər bu istiqamətlərdə mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan___geleceyin_olkesi_adli_seminar_yapon_is_adamlari_terefinden_maraqla_qarsilanib-827387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR