"Başçı bazarı"nın 1 manatlıq dərdi: o balığı yeyən necə olur?

"Başçı bazarı"nın 1 manatlıq dərdi: o balığı yeyən necə olur?
14:42 25 Yanvar 2015
677 Sosial
Ölkə mətbuatı
A- A+

“10 ildən çoxdur bu bazarda balıq satıram. İndi icra başçısı vağzal tərəfdə bazar tikdirib, bizi qorxudurlar ki, balıqlarınızı yığıb o bazara getməsəniz, hamınızı tutduracağıq”.

Neftçala sakini Rəsmiyyə Zülfüqarova virtualaz.org saytına rayon icra hakimiyyətinin başçısından şikayət edərkən belə deyib.

Şikayətçi deyir ki, başçının adamları ona balıq bazarında alver etməyə imkan vermirlər: “Neçə dəfə başçının yanına getmişəm, həyat yoldaşıma iş istəmişəm. Deyib, məndə iş yoxdur. Yaxşı, ay başına dönüm, səndə iş yoxdur, heç olmasa imkan ver, balığımızı satıb başımızı dolandıraq. Həyat yoldaşım işləmir, 7 nəfərlik ailəni balıq satmaqla təkbaşına dolandırıram. 2-3 manat qazanıb evə aparanda sevindiyimizdən özümüzə yer tapmırıq”.

Neftçala Rayon Baytarlıq İdarəsi Rəsmiyyə Zülfüqarovanı və bir neçə balıq alverçisini satdıqları məhsulu laborator müayinədən keçirmədiyinə görə cərimələyib.

Rəsmiyyə Zülfüqarova isə cərimə ilə razılaşmır: “Özləri müayinədən keçirmirlər. 1 manat alıb yola salırlar. Bu günə qədər bircə dəfə də bizə aldıqları pula görə qəbz verməyiblər. Mən məhsulu niyə müayinədən keçirməyim ki? Nə marağım var ki? Sadəcə işi elə qurublar ki, heç bir məhsul müayinədən keçmir. Hamıdan 1 manatdan alıb deyirlər get malını sat”.

Cəriməyə gəlincə isə məbləği 25 manatdır. Ancaq Rəsmiyyə Zülfüqarovanın cəriməni ödəmək fikri yoxdur: “Dedim axı, gündə 3-4 manat qazancım olanda sevinirəm. Məndə pul haradandır cərimə ödəməyə? İndi guya başçı bu yolla adamları sıxışdırır. Gözümüzü bu yolla qorxudur. Gör kasıb-kusubu nələrlə sınağa çəkirlər. Elə adamlar var ki, qadağan olunmuş balıq, quş əti satır, heç onlara dəyib-dolaşan da yoxdur”.

Rəsmiyyə Zülfüqarova “başçının bazarı” kimi tanınan təzə bazara getməməsinin səbəbini ora müştəri gəlməməsi ilə əlaqələndirir: “2-3 dəfə getdim, saat 11-12-yə kimi müştəri gözlədim, gələn olmadı. Yığıb gətirdim, burada satdım”.

Rayonun baytarlıq idarəsinin laboratoriya müdiri Mələk Hüseynova balıq alverçilərinin cərimələndiyini təsdiqlədi:

- Mələk xanım, deyirlər, sizə başçıdan göstəriş gəlib ki, həmin satıcıları cərimələyəsiniz...

- Bəli, cərimələniblər. Məhsullarını laborator müayinədən keçirmədiklərinə görə akt tərtib etmişik, cərimələmişik. Başçının nə dəxli var məsələyə? Cərimələrini ödəmədiklərinə görə aktları məhkəməyə göndərmişik.

- Ora həqiqətənmi başçının bazarıdır?

- Vallah, bilmirəm. Ancaq pislik etməyib ki... O təzə bazarın yeri bilirsiz nə gündə idi? Tikanlıq, çala-çuxur... Nə qədər torpaq töküb quyuları örtdülər. Adamlar bu cür təmiz yeri qoyub o iylənmiş köhnə bazarda nə axtarırlar, bilmirəm.

- Deyirlər, təzə bazara müştəri gəlmir...

- Əgər bunlar aparıb məhsullarını təzə bazarda satsalar, təbii ki, müştəri də ora gələcək. Mərkəzdən elə də uzaq deyil. Avtobusa 20 qəpik ver, gəl düş bazarın düz yanında... Gül kimi bazar tikdiriblər, gedin ora də... Yerhaqqı da baha deyil. Alver etdinsə, 1 manat yerpuludur. Alver edə bilməyəndən isə həmin gün ümumiyyətlə, yerhaqqı alınmır.

Təzə bazar tikiləndən sonra “köhnə bazar” kimi tanınan balıq bazarı “Vüsal” MMC-yə məxsusdur. Bazarın sahibi Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev virtualaz.org saytına bildirib ki, balıqçıları bazardan çıxarmaqda əsas məqsəd bazar boşalandan sonra oranı da yaxınlıqdakı digər ticarət obyektləri kimi ələ keçirib sökməkdir.

Bu günə qədər bazara bir neçə dəfə polis qüvvəsi gətirilib və satıcılardan oranı tərk edərək “başçının bazarı” deyilən təzə tikilmiş bazara getmələri tələb olunub. Satıcıların bir qismi təzyiqlərə dözməyərək bazarı tərk etsələr də bir qismi hələ tərk etmək fikrində deyil.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR