"Hörmət"ə evinizi banka girov qoymayın!

"Hörmət"ə evinizi banka girov qoymayın!
20:22 25 Yanvar 2015
147 Sosial
Ölkə mətbuatı
A- A+

İqtisadçı alim Vüqar Bayramov: “Vətəndaşlar asan qazanc adı ilə öz əmlaklarını banka girov qoymamalıdırlar. Əks halda, asan qazanc arzusu onların həyatını çətinləşdirə bilər”.
 
Məşhur filmdə kino haqqında deyilən və uzun illərdir dillər əzbəri olan bir fikir var: “Bu kino ki var, çox qəliz məsələdir. Qəliz, həm də vacib”. İndi o söz olmasın, bu kredit ki var, çox qəliz məsələdir. Qəliz, həm də vacib.
 
Qəlizliyi ondadır ki, indi ölkədə maddi vəziyyət və həyat şəraiti elədir ki, kreditsiz yaşamaq çətin məsələdir. İnsanlar bir çox zəruri və daha çox pul tələb edən ehtiyaclarını məhz banklardan kredit götürməklə ödəyirlər. Amma “hər adam da bu işdən itkisiz çıxır” demək doğru deyil. Çünki bütün hallarda itirirsən - faiz verirsən. Kreditini ödəyə bilməyəndə isə maddi olaraq hər şeyini itirirsən. Bəzən kredit üstündə ən yaxın insanlar belə bir-birlərindən inciyir, üz-göz olurlar. Kreditin vacibliyi isə odur ki, “əlim yandıda” pul lazım olanda, əgər imkanlı qohumun, dost-tanışın yoxdursa, banka müraciət etməkdən başqa çıxış yolun qalmır.
 
Öz evlərini müəyyən müddətə qeydiyyata salır və buna görə onlardan pul alırlar
 
Son məlumatlara görə, ölkə üzrə ümumilikdə dövriyyədə olan kreditlərin məbləği 18,2 milyard manatdır. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin ödəmə vaxtı keçib.
 
Kreditin özü ilə gətirdiyi problemlər barədə mətbuatda çox yazılıb, çox deyilib. Amma hər dəfə yeni bir şey eşidirsən və təəccübünü gizlədə bilmirsən. Bu kimi yeniliklər içərisində ölkəmizə xarici təcrübədən gələnlər də az deyil.
 
Məsələn, bir müddət əvvəl Rusiyada yaşayan tanışlarımdan biri deyirdi ki, yaşadığı şəhərdə qeydiyyata düşmək istəsə də, buna nail ola bilmirmiş. Nəhayət, orada rus maklerlərdən biri ilə anlaşıb və müəyyən məbləğ qarşılığında onun evinə qeydiyyata düşüb. Məlumat üçün bildirək ki, bu ənənə Rusiyada çoxdan var. Əsasən imkansız adamlar, xüsusən də yaşlı insanlar əlavə gəlir məqsədi ilə miqrantları öz evlərinə müəyyən müddətə qeydiyyata salır və buna görə onlardan pul alırlar. Gəlmələrə bu iş sərf eləsə də, buna görə başı ağrıyan ev sahibləri də az deyil...
 
Bu günlərdə kredit mövzusunda hüquqşünas İlham Məmmədovdan “Zaman-Azərbaycan” üçün müsahibə alarkən maraqlı bir məlumat verdi. Dediyinə görə, xüsusən son dövrlər Azərbaycanda müəyyən məbləğ qarşılığında, öz dilləri ilə desək, “hörmət”ə öz evini banka girov qoyanlar var.
 
Hüquqşünas deyir ki, buna ən çox imkansız və savadsız adamlar razı olurlar: “Tutaq ki, bir insana 100 min dollar kredit lazımdır. Deyək ki, buna görə banka daşınmaz əmlak girov qoymalıdır. Əgər özünün həmin dəyərdə daşınmaz əmlakı varsa, məsələni həll edir. Yox, dəyəri azdırsa, başqa bir daşınmaz əmlak da axtarmağa başlayır. Təəssüf ki, istəyinə nail olur da. İmkansız adamlara vəd verilir və deyilir ki, götürüləcək 100 min dollar kreditdən 2-3 min dollar da sənə çatacaq. Ev sahibi də düşünür ki, asan qazancdır, əli təmiz, ayağı təmiz pul qazanacaq. Bəlkə, həmin pulu alır da. Ancaq sabah, birisigün kredit ödənilməyəndə və ya ödənişində gecikmə olanda əsas zərərçəkənlərdən biri də ev sahibi olur. İş böyüyür, bank kredit ödəməyən şəxsi məhkəməyə verir, daşınmaz əmlaka həbs qoyulur, ev sahibi evindən çıxarılır və s.”.
 
“Evimi başqasının yerinə banka girov qoyub, pul qazanacağam”
 
İ. Məmmədovun dediyinə görə, 2-3 min, bəlkə, daha çox məbləğ üçün başqasının yerinə evini banka girov qoyan şəxs sonradan problem yarananda elə bir vəziyyətlə üzləşir ki, ümumiyyətlə, evindən olur: “Təəssüf, belə hallar var və mən qəzetiniz vasitəsilə vətəndaşlara tövsiyə edərdim ki, bu cür şirnikləndirici vədlərə və ya məbləğlərə aldanmasınlar. Çünki bir problem yarananda maddi və mənəvi itkilər daha çox və daha ağır olur”.
 
Yox, əgər bütün hallarda “evimi başqasının yerinə banka girov qoyub, pul qazanacağam” deyib israr edirsinizsə, heç olmasa ailə üzvlərinizin xatirinə bir müqavilə tərtib edib, notarial qaydada təsdiqlətdirin. O müqavilədə qeyd edin ki, “zamin dururam, ancaq sabah ödənişdə bir problem yaranarsa və buna görə mənə bir ziyan dəyərsə, məsuliyyəti krediti götürən şəxs daşıyır və dəymiş ziyanı o ödəməlidir”. Notarial qaydada təsdiqlənmiş razılıq sənədi olduğu təqdirdə, zamin duran tərəfə dəymiş ziyan sonradan tələb oluna bilər. Amma ən yaxşısı, “azcaca aşım, ağrımaz başım” prinsipidir. Hər halda seçim sizin əlinizdədir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR