SSRİ məmurlarının rahatlığını pozan "Taqankalı oğlan": Əfsanəvi Vısotski…

SSRİ məmurlarının rahatlığını pozan "Taqankalı oğlan": Əfsanəvi Vısotski…
21:32 25 Yanvar 2015
647 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alkoqol və narkotik düşkünü olmuş məşhur müğənninin nahamar həyatı…
Yanvarın 25-də məşhur kino və teatr aktyoru, şair, bard musiqiçisi Vladimir Vısotskinin anadan olmasından 77 il keçir. 200 şeir yazan, 800 mahnı bəstələyib ifa edən, "Taqanka" teatrında 15-dən artıq tamaşada, 30-dan artıq sovet filmində rol alan Vısotski bütün bu nailiyyətlərə 42 illik ömrü ərzində nail olub. Sovet hakimiyyəti tərəfindən daim məsafədə saxlanılan, heç zaman Mərkəzi Televiziyada çıxış etmək izni verilməyən sənətkar həm də şəxsi həyatda bir çox zərərli vərdişlərdən əziyyət çəkib. Onun alkoqol və narkotik vasitələrdən istifadə etdiyi, 2 dəfə komaya düşdüyü və sonda isə buna görə ürək tutmasından vəfat etdiyi məlumdur.

Milli.Az modern.az-a istinadən ümumittifaq məşhurluğu qazanmış Vısotskinin heç də hamar keçməyən 42 illik həyat yoluna nəzər salır.

1938-ci il yanvarın 25-də Moskvada hərbçi Semyon Vısotskinin (1915-1997) və onun alman dilindən tərcümələr edən xanımı Nina Seryoginanın (1912-2003) ailəsində Vladimir adlı oğlan övladı dünyaya gəlib. Vladimir 3 yaşına qədər valideynləri ilə birlikdə Moskvada yaşayıb. Lakin 1941-ci il iyunun 22-də Hitler Almaniyasının Sovet İttifaqına hücum etməsi ilə o, atasından ayrı düşür.

Qırmızı ordu sıralarına çağırlan Semyon Vısotski Böyük Vətən Müharibəsində aktiv iştirak edir və 20-dən artıq orden-medallarla təltif olunur. O, həm də SSRİ komandanlığı tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülür.

Balaca Vladimir və anası isə müharibə dövründə Moskvanın əksər sakinləri kimi Urala köçürülmüşdü. 1941-1943-cü illər arasında Vladimir Vısotski Orenburqun Voronsovka kəndində yaşayır. Lakin Moskvanın almanlar tərəfindən zəbt olunması ehtimalı heçə endikdən sonra 1943-cü ildə ailə paytaxtın Dzerjinsk rayonundakı 1-ci Meşşan küçəsində yerləşən köhnə evlərinə geri dönür. Daha 4 il burada yaşayan Vısotski sonralar bəstələdiyi mahnılarda 1-ci Meşan küçəsində keçən uşaqlıq illərini xatırlayacaq.

1945-ci ildə 7 yaşlı Vladimir Moskvanın Rostokinski rayonundakı 273 saylı məktəbin 1-ci sinfinə gedib. Amma iki sinif burada oxuduqdan sonra o, Şərqi Almaniyaya köçməli olur. Belə ki, Semyon Vısotski ilə Nina Seryogina həmin il boşanmaq barədə qərar qəbul edirlər. Semyon yeganə oğlu Vladimiri özü ilə zabit kimi xidmət keçdiyi Şərqi Almaniyanın Ebersvald şəhərinə gətirir.

Tezliklə Vlamirin atası evlənir. Vladimirin analığı erməni mənşəyinə malik Yevgeniya Stepanovna Martirosova olur. Onun analığı ilə münasibətləri zamanla möhkəm dostluğa çevrilir. Məhz Almaniyada yaşadığı zamanlarda Vladimir musiqi ilə məşğul olmağa başlayır. O öncə Ebersvalddakı musiqi məktəblərindən birində fortopiano dərsləri almağa başlayır.

Amma həyatının ilk çağlarından tez-tez yer dəyişməyə məcbur olan Vısotski Almaniyada da çox qala bimlir. 1949-cu ilin oktyabrında onlar ailəlikcə yenidən Moskvaya köçürlər. Burada yalnız oğlanlar üçün nəzərdə tutulan 186 nömrəli məktəbin 5-ci sinfinə getməyə başlayan gələcək ulduz 1955-ci ildə orta təhsilini bitirir.

Vladimir Vısotskinin gələcək ixtisasının müəyyənləşməsi və kim olmaq istəməsi məhz Moskvaya geri döndükdən sonra qətiləşir. Belə ki, məktəbdə təhsil aldığı illərdə o, paralel olaraq Müəllimlər Evindəki dram dərnəyini ziyarət edir. Burada dərs verən professional teatr pedaqoqlarından çox şeylər öyrənir. Vısotski həm musiqiyə, həm də aktyorluğa meylinin olduğunu anlayır.

Amma 1955-ci ildə məktəbini bitirən kimi 17 yaşlı Vladimir valideynlərinin güclü təkidi ilə qarşılaşır və onların istəyinə tabe olaraq Moskva Memarlıq və İnşaat İnstitutunun mexanika fakultəsinə daxil olur. Lakin elə ilk semestrdəcə institutun, ümumiyyətlə, texniki sahənin onun ruhuna uyğun gəlmədiyin anlayır. O, valideynlərindən gizli 1955-ci il dekabrın 23-də tələbəsi olduğu təhsil ocağının rəhbərliyinə ərizə yazaraq, öz istəyi ilə institutdan xaric olunur.

Bu zaman artıq Vladimirlə oğlundan intizam və tabeçilik gözləyən hərbçi atası arasında münasibətlər də bir qədər gərginləşmişdi. Oğul Vısotski ata evini tərk edərək, anası Ninanın 1-ci Meşşan küçəsindəki evinə qayıtmalı olur. O, 25 yaşına kimi anası ilə həmin evdə yaşayır.

Aktyor olmağı qətiləşdirən Vladimir Vısotski 1956-cı ildə “MXAT” teatrının nəzdində fəaliyyət gösətərən studiyada aktyor təhsili almağa başlayıb. 4 illik təhsil müddətində o, ilk səhnə addımlarını atır. 1959-cu ildə “MXAT” səhnəsində “Cinayət və Cəza” tamaşasında rol alır. Həmin ildə rejissor Vasili Ordınskinin “Həmyaşıdlar” filmində epizodik rol ifa etməklə həm də kinematoqrafiya sahəsində ilk addımını atmış olur. Məhz “MXAT” teatr studiyasında təhsil alarkən o, birinci həyat yoldaşı İza Jukova ilə tanış olur və 1960-cı ilin yazında evlənirlər.

Aktyorluq təhsilini bitirən kimi Vısotski Puşkin adına Moskva Dövlət Dram Teatrı ilə əmkdaşlığa başlayıb. Bu əməkdaşlıq qısa fasilələrlə 1964-cü ilə kimi davam edib. O burada əsasən epizodik rollarda olmaqla 10 tamaşada oynayıb. Bu zaman Vladimirin ilk həyat yoldaşı İza Jukova ilə münasibətləri də korlanır və onlar 1961-ci ildən faktiki olaraq ayrı yaşamağa başlayırlar. Amma evliliklərini yalnız 1965-ci ildə rəsmən pozurlar.

Vladimir Vısotski 1961-ci ildə “713 eniş etmək istəyir” filminin çəkilişlərində tanış olduğu Lyudmila Abramova ilə sevgi münasibələrinə başlayır və 1965-ci ildə ilk həyat yoldaşı ilə boşanmanı rəsmləşdirdikdən sonra Abramova ilə evlənir.

1965-1970-ci illər arasında davam edən bu evlilikdən onların Arkadi (1962) və Nikita (1964) adlı iki oğul övladı doğulur.

Teatrla yanaşı, Vısotski 60-cı illərin əvvəllərində müğənnilik və şairlik də edirdi. O, 1953-cü ildə sovet rəhbəri İosif Stalinin ölüm xəbərini eşidərkən “Mənim andım” adlı ilk şeirini yazmışdı. Bundan sonra ara-sıra şeir yazan Vısotski 60-cı illərin əvvəllərində şeirlərinə musiqi də bəstələmə başlayır. Əvvəlcə hobbi kimi yanaşdığı bu məşğuliyyət bir qədər sonra teatr və kino aktyorluğu ilə yanaşı, onun əsas işinə çevrilir. Vladimir piano və akkardeondan sonra gitarada da ifa etməyi öyrənir və 1968-c ildə “Şaquli” filmi üçün yazdığı mahnı ilə ümumittifaq məşhurluğu qazanır.

1968-ci ildən Vısotskinin mahnıları sovet mətbuatında ciddi tənqid edilmiş və ona SSRİ-də kitab çap etdirmək qadağan olunmuşdu. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski öz sözünü deməyi bacaran, öz qanunları ilə yaşayan adam imici qazanmışdı. Həqiqəti deyə bilməyənlərin əvəzinə də deyirdi. Elə buna görə də milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Bu insan kütlələrinin sayı-hesabı yox idi. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Bir də qadağalara, yasaqlara baxmayaraq Vısotski cürəti, Vısotski iradəsi vardı...

Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı uğursuzluqla müşayiət olunurdu.

1964-cü ildə Vladimir Vısotski ömrünün son günlərinə kimi çalışacağı “Taqanka” teatrına işə düzəlir. 1967-ci ilin dekabrında isə 3-cü və sonuncu həyat yoldaşı olacaq rus mənşəli fransız aktrisası Marina Vladi ilə tanış olur. Lyudmila Abramovadan boşanan aktyor 1970-c ildə Vladi ilə ailə həyatı qurur.

Azadlıq onun daxilində idi. Heç nə və heç kim bu azadlığın qarşısını ala bilməzdi. Məqsədli şəkildə tənqid atəşlərinə tutulmasının, xüsusi orqanlar tərəfindən daim nəzarətdə olmasının fərqinə varmırdı. O, öz qanunları ilə yaşayırdı. Mövcud rejimdə, bu qadağalar burulğanında fransız əsilli aktrisa Marina Vladiylə evlənməyi isə ona qarşı təzyiq göztərənlərə ən qəzəbli cavabı idi. Vladimirin aktyor, musiqiçi olmağı atasını necə hiddətləndirmişdisə, onun fransız aktrisa ilə evlənməyini həzm edə bilməmiş və hətta bu haqda DTK-ya xəbər verməkdən özünü saxlaya bilməmişdi. Amma dünyanı vecinə almayan, öz qanunları ilə yaşayan Vladimiri heç DTK da qorxutmamışdı.

Vladimir Vısotski çox yaxşı bilirdi ki, onun lent yazılarına bağlı qapılar arxasında sovet çinovnikləri də böyük həvəslə qulaq asırlar.
Ata-oğul münasibətlərindəki gərginlik o həddə çatmışdı ki, rejissor Yuriy Lyubimov Vladimiri narkotik asılılıqdan azad etməsi üçün atasından oğluna kömək etməsini xahiş edəndə o, “mənim antisovet adamına nəinki köməyim, onunla heç bir əlaqəm ola bilməz” deyə cavab vermişdi.

1969-cu ilin iyulunda Vısotski ağır xəstəliyə tutulur. Marina Vladi onu xəstəxanaya çatdırdığı üçün aktyorun həyatını son anda xilas etmək mümkün olur. 18 saatlıq əməliyyatdan sonra Vısotskinin boğaz damarlarından birinin partladığı aydınlaşır. Səhətinin pozulmasına səbəb onun alkoqola və narkotik vasitələr olan hədsiz meyli idi.

1971-ci ilin noyabrında “Taqanka” teatrında "Hamlet" tamaşasının premyerası keçirildi. Vladimir Vısotski isə baş rolun ifaçısıydı. O, Hamlet rolunu uğurla ifa edir və tamaşaçıların sevgisini qazanır. 1972-ci ildə Estoniya televiziyasında onun barəsində "Taqankalı oğlan" 56 dəqiqəlik sənədli film yayımlanır. Bu, onun televiziyada ilk görüntüləri idi.
Vladimir Vısotski kino yaradıcılığında öz sözünü deyə bilən aktyorlardan oldu. O, “Qısa görüşlər”, “Vertikal”, “Tayqanın sahibi”, “İki dost xidmət edirdi”, “Yeganə yol”, “Pis yaxşı adam”, “Sannikov torpağı”, “Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl”, “Mister Mak-Kinlinin qaçışı” filmlərində çəkilmişdi.

1979-cu ildə isə Stanislav Qovoruxin onu "Görüş yerini dəyişəmk olmaz" 5 seriyalı bədii televiziya filminin çəkilişlərinə dəvət etdi. Vısotskiyə Moskva cinayət-axtarış şöbəsinin təcrübəli əməliyyatçısı Qleb Jeqlov rolu təklif olunurdu. 5 seriyalı film sovet tamaşaçılarının xoşuna gəldi və həmin rol Vısotskiyə məşhurluq gətirdi. Buna baxmayaraq, aktyora heç bir dövlət mükafatı verilmədi. Yalınz 1987-ci ildə, ölümündən xeyli sonra Jeqlov rolunuun ifasına görə ona SSRİ Dövlər mükafatı verildi.

Hələ1975-ci ildə alkoqol asılılığını narkotik asılılığı ilə əvəzləyən Vısotski səhhətinin get-gedə daha da pisləşdiyini anlayırdə. 1979-cu ildə bard müğənnisi kimi konsert verdiyi Özbəkistanın Buxara şəhərində komaya düşmüş və yerli həkimlər tərəfindən çətinliklə həyata qaytarılmışdı.

Daha sonralar o, "Taqanka" teatrının heyətində SSRİ və Avropanın sosialist ölkələrində qastrollarda oldu. Paralel olaraq müğənni kimi Moskva vilayətində konsertlərlə çıxış edirdi.
Vladimir Vısotski yaradıcılığının gücü onda idi ki, o həm düşündürürdü, həm də əyləndirərək müsiqi zövqü bəxş edirdi. Repertuarının zənginliyindən asılı olmayaraq yaratdığı bütün əsərlərdə dərin hikmət və məntiq var idi. Bütün oxuduqlarının sonluğu isə eyni notla bitirdi - ədələt, haqsızlıqları törədənlərə sərt etiraz və haqqa çağırış. Bu çağırışın nəticəsi idi ki, Vısotskinin dinləyici auditoriyası təkcə SSRİ məkanı ilə məhdudlaşmırdı, Sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da onu sevə-sevə dinləyidilər. Ömrünün sonuna kimi komplekssiz, azad, demək olar ki, dünyanı vecinə almayan adam kimi yaşadı.
Cəmi 42 il ömür sürdü Vladimri Vısotski. Bu 42 ildə dillər əzbəri olan 800-dək artıq mahnının müəllifi oldu. Ölümü ilə həyatının bir çox sirlərini və müəmmalarını da özü ilə apardı. Onun vəfatı haqqında qəzetlərdə heç nekroloq da yazılmadı. Cəmisi bir-iki qəzetdə bir-iki cümlə ilə Vısotskinin vəfatı ilə bağlı məlumat verildi.

1980-ci ilin yayında - iyulun 19-da Moskvada XXII Yay Olimpiya Oyunlarının başlanması ilə onun problemləri daha da artır. Belə ki, şəhərə giriş-çıxış nəzarətə götürüldüyü üçün Vladimirin narkotik vasitə tapmaq imkanları məhdudlaşır. 1980-ci il iyulun 18-də o, "Taqanka" teatrının səhnəsində sonuncu dəfə "Hamlet" tamaşında oynayır. 1980-ci il iyulun 25-də gecə saat 4 radələrində aktyor Moskvadakı evində yuxudaykən vəfat edir. Meyit yarılmadığı üçün onun ölüm səbəbi dəqiq müəyyən olunmasa da, Vısotskinin narkotik və alkoqol asılılığının yaratdığı kəskin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.
Olimpiadaya görə Moskvada insanların kütləvi toplaşması qadağan olunmuşdu. Amma iyulun 28-də insanlar bu qadağaya baxmayaraq, Moskvanın “Taqanka” teatrının qarşısına toplaşmışdılar. Sıxlıq səbəbindən qonşu binaların damına qalxanlar da çox idi. 40 minlik insan kütləsi iyulun 25-də gecə saat 4-də yuxuda olarkən ürək tutmasından vəfat edən Vladimir Vısotskinin dəfn mərasiminə toplaşmışdı. Onun ölümü barədə heç bir mətbuat orqanı xəbər verməsə də, minlərlə pərəstişkarı hadisədən müxtəlif yollarla xəbər tutmuşdu.

Təbii ki, belə bir dövrdə qapalı şəhər elan olunan Moskva şəhəri bütövlüklə sovet pejiminin nəzarəti altında idi. Ancaq bu nəzarət Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilməmişdi. Sadə insanlar, əfsanəvi müğənninin pərəstişkarları stadionların, idman komplekslərinin əvəzinə Vısotski ilə son görüşə tələsirdilər. Dəfn böyük bir mitinqi xatırladırdı. Dövlətin icazə vermədiyi, ancaq insanların könüllü axışdığı mitinqə.

İnsanlar onu son mənzilə göz yaşlarıyla və onun bəstələdiyi mahnılarla yola salırdılar. Ancaq bu dəfə Vladimir Vısotskinin ifasında yox, Vısotski sevgisini qəlblərində yaşadan minlərlə pərastişkarın ifasında.

Vladimir Vısotski Moskvanın Vaqankov qəbistanlığında dəfn olunub.

Onun həyat və yaradıcılığına maraq Sovet İttifaqının dağılmasından sonra kəskin artdı. Vısotskinin şərəfinə heykəllər, poeziya müsabiqələri, mahnı festivalları və həyatı haqda sənədli-bədii filmlər ortaya çıxdı. Sağlığında dövlət rəsmlərin soyuq yanaşdığı Vladimir Vısotski buna baxmayaraq, ən böyük mükafatı - ümumxalq sevgisni qazanmış oldu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR