"Azərbaycanda ailə dolandırmaq çox çətindi"

"Azərbaycanda ailə dolandırmaq çox çətindi"
22:37 25 Yanvar 2015
264 İdman
Ölkə mətbuatı
A- A+

Gencaile.az saytının “11 sual” rubrikasının budəfəki qonağı vaxtilə futbol üzrə olimpiya yığmamızın şərəfini qorumuş, hazırda isə karyerasını İsrailin aşağı dəstəsində davam etdirən Emil Kitelman olub. Fanat.az müsahibəni təqdim edir.


- Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?

- Bildiyiniz kimi, mənim böyük qardaşım Mixail də futbolçu idi. Bu səbəbdən valideynlərim mənim futbolçu olmağıma da normal yanaşmışdılar.


- Maraqlədı, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

- Həkim olmaq istəyərdim. Amma bəlkə də karate ve cüdo ilə də məşğul ola bilərdim.


- Futbol adamları daim diqqət mərkəzində olan insanlardı. Maraqlıdı, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

- Yox, özümə qarşı belə bir şey hiss etməmişəm.


- Futbolçu əksər hallarda evdən uzaqda olur. Bu hal ailənizdə nə kimi problem yaradırdı?

- Heç bir problem yaratmırdı. Mənim yoldaşım stuardesa olduğundan məni çox gözəl başa düşürdü. Hər ikimiz anlayırıq ki, bu bizim işimizin tələblərindən irəli gəlir.


- Ailəniz sevgi üzərində qurulub, yoxsa valideynlərinizin məsləhəti əsasında?

- Sevgi əsasında qurulub. Bəlkə də biz həm də elə buna görə bir-birimizi yaxşı anlayırıq


- Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardı?

- Mən bu məsələdə ancaq müsbət məqamları vurğulaya bilərəm. Ailə quranda insan daha məsuliyyətli olur. Həyata baxışı dəyişir və belə demək mümkünsə, müdrikləşir. Həmçinin ən çətin anlarda yanında həyat yoldaşının olması baxımından çox yaxşıdı.


- İsraildə yaşayırsınız. Vətəndən uzaqda olmaq nə qədər çətindi?

- Əlbəttə ki, Azərbaycandan uzaqda olmaq asan deyil. Bütün dostlarım Bakıda, mən isə İsraildəyəm. Bunun özü də mənim vətənim üçün darıxmağıma səbəbdi. Ancaq mən doğma vətənimi tərk etməyə məcbur idim, çünki  Azərbaycanda ailə dolandırmaq çox çətindi.


- Bakıda dolanmaq üçün hansı çətinliklə üzləşirdiniz ki, İsraildə həmin problem yoxdu?

- Mən Azərbaycanda çıxış edəndə aldığım zədənin ardından I divizionda forma geyməyə başlamışdım. Aldığım maaş 500 manat idi. Az deyil?


- İsraildəki qazancınız nə qədər idi?

- İsraildə isə bundan ikiqat artıq qazanırdım və ən əsası futbolla yanaşı, başqa işlə də məşğul olmaq imkanım var idi. Elə indinin özündə də həm futbolçu karyeramı davam etdirirəm, həm də başqa işlə məşğulam.


- Sirr deyilsə, İsraildə futboldan başqa hansı işlə məşğulsunuz?

- Elektrik firmasının mağazasında işləyirəm.


- Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz..

- Düzü, indi ağlıma elə bir gülməli hadisə düşmür. Odu ki, nə danışacağımı bilmirəm. Belə hadisələrdən yalnız kiçik bir epizod xatırlayıram. Həmin hadisə mən “Şəfa” klubunda çıxış edəndə olmuşdu. Səhv etmirəmsə, 2000/01 mövsümü idi. Təlim-məşq toplanışında idik və “Abşeron” mehmanxanasında qalırdıq. Günlərin birində nahardan qayıdıb mehmanxanın birinci mərtəbəsində komandanın baş məşqçisini gözləyirdik. Əsgər Abdullayev gəlməli və komandadaxili iclas olmalıydı. Birdən Abdullayevin liftdən çıxaraq bizə tərəf gəldiyini gördük. Daha sonra isə gördük ki, Əsgər müəllimin başı şüşəyə dəydi. Sən demə, liftin qarşısında uzaqdan o qədər də görünməyən şüşə varmış. Məşqçimiz isə ordan keçməyə çalışırdı. Belə demək mümkünsə, şüşə ilə dirəşmişdi. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycanda-ail-dolandrmaq-cox-ctindiquot-t17788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR