25 illik tünd məktub (VİDEO)

25 illik tünd məktub (VİDEO)
00:26 26 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

İndi isə xüsusilə kütlərə və əski sovet vətəndaşlarına və ya sovet vətəndaşı əskilərinə bir sirr açım. Bilirsiniz, Sovet İttifaqı çoxdan dağılıb. Özü də onu biz dağıtmışıq, siz dağıtmısınız. İnanmırsınız, gedin baxın… Və qorxmayın. Heç kim buna görə bizi, sizi cəzalandırmayacaq, Lefortovoya göndərməyəcək. Güllələməyə məhkum etməyəcək… Gedin və qəhrəmanlığınızla, qəhrəmanlarınızla fəxr edin.

…Və bütün bunlardan sonra maraqlı bir açıqlama vermək istəyirəm. 20 Yanvar hadisələrinin düz 25 illiyində məlum oldu ki, heç demə Azərbaycan öz müstəqilliyini yalnız Sovet İttifaqı ilə yox, bütün dünya ilə müharibədə qazanıb. Necə. İzah edim.

Birləşmiş Ştatların indiki dövlət katibi Kerri də daxil olmaqla bir qrup keçmiş senatorunun hələ 1990-cı ildə, yanvarın 18-də SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı məktubun mətni üzə çıxıb. Onlar Qorbaçovdan Azərbaycanda qayda yaratmağı, ermənilərə görə azərbaycanlıların cəzalandırilmasını tələb edirlər. Tələbin siyasi xarakteri də var. Senatorlar ittifaq rəhbərliyindən şəxsən Qorbaçovdan tələb edir ki, Qarabağı Azərbaycandan çıxarsınlar və onlara öz talelərini ittifaq tərkibində öz istədikləri kimi müəyyənləşdirməyə icazə versinlər. İndi cəmiyyətdə bu mövzu bəlkə də bir nömrəli müzakirə hədəfidir. Çox umduğuna görə çox küsülən Birləşmiş Ştatları buna qədər də kəskin tənqid edən Azərbaycanın sanki ikinci nəfəsi açılıb. Əlbəttə Bakı haqsız deyil. Geriyə WikiLeaks həqiqəti onu bərk mütəəssir edib. Belə çıxır ki, Azərbaycan təkcə Sovet İttifaqı rəhbərliyinin deyil, elə Birləşmiş Ştatların da başağrısı olub. Hə yaxşı hadisə deyil. Elə bil ki, görüşdüyün dost dediyin birisinin nə vaxtsa sənə qarşı etdiyi xəyanətin üstü açılıb. Amma onun da arqumentləri ola bilər. Məsələn, deyə bilər ki, axı o vaxt mən səni heç tanımırdım da. Ortada neft müqaviləsi və Əfqanıstana hava darvazaları filan da yox idi… Sovet İttifaqı var idi, Azərbaycan onun bir parçası… Bir sözlə qarşı tərəfin kifayət qədər tutarlı arqumentləri tapıla bilər və buna görə də nə ruhdan düşmək nə də yeni ruha minmək lazımdır. Bir şeyi anlamaq lazımdır ki, bu milli müstəqillik uğrunda ümumxalq mübarizə idi. Sovet İttifaqı rəhbərliyinin qoruduğu maraqlar var idi, Birləşmiş Ştatların qoruduğu maraqlar var idi və heç vaxt amerikalı senatorlar Azərbaycanla siğə qardaşlıq əqdi imzalamamışdılar. Buna görə də unutmaq lazım deyil ki, Kerri bu gün dövlət katibidir və bu Kerrinin keçmiş senator Kerriyə dəxli olmaya da bilər. O zaman Kerri Sovet İttifaqına bir dövlət olaraq hörmət edirdi, onun qaydalarını tanıyırdı, bu gün isə o Azərbaycana bir dövlət kimi hörmətə dəvət olunmalıdır və bu dövlətin qaydalarını tanımağa vadar edilməlidir. Amma qol gücünə yox. Azərbaycan Birləşmiş Ştatlardan güclü deyil, amma elə məsələlər var ki, o məsələlərdə Ştatlardan haqlıdır… Və elə burdaca bir məsələyə də diqqətinizi yönəltmək istərdim. Nisbətən yaşlı tamaşaçıların yadından çıxmasın gərək. O zaman Azərbaycanda “Azadlıq” radiosu az qala əfsanəvicəsinə populyar idi… Hamı ona qulaq asırdı. Yadımdadır, insanlar zəng vurub ağlayır. Dərdlərini bütün dünyaya çatdırmağı məhz bu radiodan istiyirdilər. Mirzə Xəzər milli qəhrəman statusunda idi… 25 il sonrakı məktubdan sonra deyəsən hər şey daha yaxşı anlaşılır… Deməli 20 yanvar hadisələrinə okeanın o tayından heç də Azərbaycana yandıqlarına görə həssas yanaşılmırdı, burada Birləşmiş Ştatların Sovet İttifaqı ilə bağlı fundamental planı var idi və bu plana görə də İmperiyanın parçalanmasına investisiya qoyulurdu… “Azadlıq” radiosunun fəaliyyətinə də bu kontekstə yanaşılmalıdır. Sadəcə bəxtimiz gətirdi ki, Azərbaycan xalqının apardığı istiqlal mücadiləsi Amerika Birləşmiş Ştatlarının Sovet İttifaqına qarşı apardığı siyasətin bəzi fraqmentləri ilə üst-üstə düşdü… Amma əksər hallarda Azərbaycan dünyanın müqaviməti ilə rastlaşırdı və buna görə də mən bayaq dedim ki, 20 Yanvarda Azərbaycan təkcə Sovet İttifaqı ilə yox, həm də Birləşmiş Ştatlarla mübarizə aparırdı. Müharibə aparırdı döyüşürdü… Bütün bunları danışıram, amma o saat da barmağımı dişləyirəm ki, görəsən biz bir şey edənin bir yerin kəsmək əvəzinə görənin gözünü çıxarmırıq ki… Bəzən rəsmilərimiz hissə o qədər qapılır ki, adam çaşıb qalır: Bəyəm Bakıya Sovet Qoşunları yox, Birləşmiş Ştatların silahlı qüvvələri soxulmuşdu...? Niyə biz Sovet Rəhbərliyinin üzərinə Birləşmiş Ştatların dövlət katibinin üstünə getdiyimiz ürəklə yürümürük! Və ümumiyyətlə niyə yürüyürük? Axı Milli Müstəqillik uğrunda mübarizə aparan xalq niyə öz komplekslərindən azad ola bilmir. Niyə biz 20 Yanvarda verdiyimiz qurbanların radiusundan çıxa bilmirik. Axı 27-30 nəfər Sovet əskər və zabitin də Bakının küçələrində, Lənkəranda, Cəlilabadda ağcaqanadlar vurub öldürməmişdi… Onları güllələyən dirigözlü yandıranlar da azərbaycanlılar idi… Bir sözlə Birləşmiş Ştatların Qarabağa münasibəti barədə düşünək, amma buna görə dünyanın ən qüdrətli dövlətinin üzərinə balta-bıçaqla da getməyək…

Mənbə
Hesabat: Mir Şahin


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR