Bakıda “TransCaspian” və “Road and Traffic” sərgiləri açılacaq

Bakıda “TransCaspian” və “Road and Traffic” sərgiləri açılacaq
07:33 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, Ceyhun Rüstəmov, AzərTAc
Mayın 12-də Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian-2015”), 5-ci Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2015”) sərgiləri açılacaq.
Sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən AzərTAc-a verilən məlumata görə, “TransCaspian” sərgisi yükdaşıma şirkətlərinin yük sahibləri ilə görüşü üçün işgüzar platforma olmaqla yanaşı, nəqliyyat xidmətlərinizin Xəzər və Cənubi Qafqaz regionlarında təşviqi baxımından səmərəli vasitədir və geniş reklam kampaniyalarından istifadə üçün imkan verir. Hər il sərgiyə 2000-dən artıq peşəkar ziyarətçi gəlir və onlarında arasında müəssisə rəhbərləri, maddi-texniki təchizat üzrə menecerlər, habelə yüklərin daşınması və loqistikası üzrə cavabdeh şəxslər var. Sərgi, həmçinin dəmir yolu maşınqayırması üzrə fəaliyyət göstərən şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşü üçün ideal şərait yaradacaq. Sərginin daimi iştirakçıları arasında çay və dəniz limanları, eləcə də gəmiqayırma, kommersiya nəqliyyatı, maddi-texniki təchizat və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər var.
“Road and Traffic-2014” sərgisində isə ziyarətçilər yol örtüyü keyfiyyətinin ölçülməsi sahəsində ən son nailiyyətlərlə, asfalt, çınqıl və digər yol-tikinti materiallarının istehsalı, metro tikintisi və tunelqazma üzrə müasir texnologiyalarla, habelə nəqliyyat axınının idarə edilməsi və yol hərəkətinin təhlükəsizliyi sistemləri, yol sipərləri və nişanları, müasir işıqforlar və digər avadanlıqlarla tanış ola biləcəklər.
Hər iki sərgi mayın 14-də yekunlaşacaq.
Qeyd edək ki, ötən il “TransCaspian” sərgisində 25 ölkədən 104 şirkət iştirak etmişdi.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR