“Dilqəm Əsgərov yazıb ki, ağrıyıram”

“Dilqəm Əsgərov yazıb ki, ağrıyıram”
18:58 26 Dekabr 2014
167 Ölkə
Ölkə mətbuatı
A- A+

“14 noyabrda Azərbaycanın xaricdəki səfirliklərinə, o cümlədən xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, habelə beynəlxalq təşkilatlara Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciət etmişik. Bizim müraciətimizdən sonra Latviya, Estoniya ombudsmanları, BMT-nin İnsan hüquqları üzrə Ali Baş Komissarı, eləcə də BMT-nin Təhlükəsizlik Şurasından məktublar almışıq. Onlar məktublarında bu işlə maraqlanacaqlarını deyiblər”. Bu sözləri Lent.az-a açıqlamasında Kəlbəcərdə ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə məşğul olan “Azıxantrop” tarixi araşdırmalar ictimai birliyinin sədri Rəsmiyyə Babayeva bildirib.

 

24 noyabr girovların ailəsi ilə birlikdə mətbuat konfransı və dəyirmi masa keçirdiklərini deyən Rəsmiyyə Babayeva son olaraq üç gün əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakıdakı ofisində olub: “Dekabrın 23-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisində insan hüquqları üzrə milli müşavir Kamran Bağırovla görüş keçirtdim. Həmin görüşdə Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərovu da dəvət etmişdim. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisində bu işdə ATƏT-in Minsk qrupunun daha çox rol oynaya biləcəyini deyildi. Bildiyiniz kimi də, onlar heç bir reaksiya vermir. Kamran Bağırov Baş nazirin müavini Əli Həsənovun bu məsələ ilə bağlı 23 oktyabrda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərdiyi məktubu və 13 noyabrda cavab məktubunun sürətini bizə təqdim etdi. Məktubda Əli Həsənova cavab olaraq bildirilib ki, məsələ ilə xüsusi qruplara bölünmüş mühazirəçilər məşğul olacaq. Həmin görüşdə BMT-nin bundan artıq iş görə bilməyəcəyi diqqətimizə çatdırıldı. Bu işlə məşğul olacaq mühazirəçilərin elektron ünvanları aldıq. Əli Həsənovun məktubuna verilən cavaba istinad edərək, 24 noyabrda mühazirəçilərə təşkilatımız və girovların ailələri adından mühazirəçilərin gördükləri işlər barədə məlumat almaq istədiyimizi söylədik. Çünki dekabrın 29-da “məhkəmə”nin hökmü elan olunacaq. Bu gün elektron poçtuma cavab məktubu yollayıblar. Cavab olaraq yazıblar ki, çalışacağıq sizə cavab verək”.

 

Rəsmiyyə Babayeva Qızıl Xaç komitəsinin də ölkəmizdəki nümayəndəliyi də görüşüb: “Onlar da bildirdilər ki, bu iş bizim səlahiyyətimizdə deyil. Deyirlər ki, nə video, nə foto çəkə bilərik. Ancaq məktubları ailələrinə veririk. Dilqəm Əsgərov qardaşına yazdığı sonuncu məktubda yazıb ki, ağrıyıram. Qaçqınların işi üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəsi Dak Siqurddsona da məktub yollamışam. Bir problem çıxmasa, dekabrın 29-da bizimlə görüşməlidir”.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR