Emil Hüseynli: "Bəzən informasiya agentliyi ilə saytın fəaliyyət prinsipləri dəyişik salınır" (MÜSAHİBƏ)

Emil Hüseynli: "Bəzən informasiya agentliyi ilə saytın fəaliyyət prinsipləri dəyişik salınır" (MÜSAHİBƏ)
10:38 26 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynlinin milli.az-a müsahibəsi

- 2014-cü ildə Azərbaycan mediası nə ilə yadda qaldı?

- Sözsüz ki, 2014-cü ildə Azərbaycan mediası dünya mediası sırasında mövqelərini daha da möhkəmləndirdi. İstər daxili, istərsə də xarici auditoriya üçün informasiya bolluğu müşahidə edildi. Söz və məlumat azadlığının yaratdığı şəraitdən maksimum istifadə edildi. Azərbaycanın dünya mediasına çıxışı artdı. Sözsüz ki, bu istiqamətdə Trend öndədir. Bu da onunla bağlıdır ki, Trend İnformasiya Agentliyində çalışan jurnalistlərin səviyyəsi elə vəziyyətə çatıb ki, dünya mediası bu jurnalistləri qəbul edir, tanıyır. Əvvəllər dünya mediasında Trend-in xəbərləri yayılırdısa, indi agentliyimizin jurnalistlərinin məqalələri dərc edilir.

Trend agentliyi bu gün ən çətin məsələni həll edir, bəlkə də deyərdim ki, həll edib. Trend Azərbaycanla bağlı həqiqətləri dünyanın ən nüfuzlu media orqanlarının oxucularına çatdırır. Mən ancaq Yahoo, Google, Yandex və digər axtarış sistemlərini nəzərdə tutumuram. Bunlar öz yerində. Orada hamı var. Trend-in məlumatları dünyanın nüfuzlü şirkətləri tərəfindən pulla alınır. Dünyada media biznesi belə işləyir və bu cür biznes şəbəkəsinə düşməsən, dünyanın nüfuzluları səni görmür. Biz özümüz bilirik ki, bunun üçün neçə illər əmək sərf etdik, jurnalistləri müəyyən səviyyəyə qaldırmaq üçün nə qədər maliyyə yatırtdıq ki, Trend-i o mühit qəbul etsin. Və biz artıq oradayıq. Azərbaycan həqiqətlərini orada görürlər.

- Gəlin etiraf edək ki, bu informasiya bolluğu bəzən neqativ hallara gətirib çıxardı. Bəzən hərbi sirrlər yayıldı, əxlaq dəyərlərinə zidd olan məlumatlar verildi. Bunu necə dəyərləndirərdiniz?

- Çox şey medianın səviyyəsindən asılıdır. Məsələn, Trend hələ 2006-cı ildə bütün nışanlarını qeydiyyatdan keçirib. Biz hələ 2007-ci ildə məhşur "Moody's International" şirkətinə müraciət etdik ki, bizim ofisdə səviyyəli menecerlər işi qursunlar. Bir ildə ofisin işini tamamilə dəyişdik. Bundan sonra 2008-ci ildə "Moody's International" Trend-ə keyfiyyət sertifikatı təqdim etdi. Şirkət o vaxtdan Trend-in menecment sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini tanıyıb. Bu da o demək idi ki, agentlikdə işin təşkili beynəlxalq standartlara uyğunlaşdırıldı. Bu, bizdə daha çox məsuliyyət yaradıb ki, işimizdə peşəkar olaq. Lakin hələ də görüləsi işlərimiz çoxdur.

Əslində, gənc müstəqil ölkənin mediasında bu cür proseslərin olması proqnozlaşdırılan məsələdir. İfadə azadlığı olan ölkədə jurnalistin bilərəkdən və ya bilməyərək milli maraqlarımıza, mənəvi əxlaqımıza zərbə vuracaq məlumatlar verməsi gözlənilən idi. Lakin hər şey çərçivəsindən çıxanda ciddi fəsadlar yaradır. Yay aylarında cəbhədəki gərginlik zamanı mətbuatda yaranan xaotik vəziyyəti yada salaq. Nə baş verdi? Azərbaycanda bəzi KİV-lər müharibə şəraitinin xüsusiyyətlərini untdular, ümummilli məsələlərdə informasiya süzgəcindən peşəkarcasına istifadə edə bilmədilər, yarana biləcək gərgin hərbi-siyasi vəziyyətə hazır olmadıqlarını nümayiş etdirdilər. Nəticə olaraq Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi. Mövcud vəziyyət təhlil edildi. Məlum oldu ki, əsasən saytlar İP yarışına girərkən Azərbaycana dəyə biləcək zərəri unudurlar. Jurnalist ifadə azadlığından istifadə edərkən birinci növbədə ölkənin milli maraqlarını yaddan çıxarmamalıdır, ilk növbədə vətəndaş mövqeyini ortalığa qoymalıdır. Bu cür hallar təəssüflər olsun ki, gündəlik məişət xəbərlərində də müşahidə edilir. Hesab edirəm ki, bunlar tədricən aradan qalxacaq.

- Bu gün Azərbaycan mediasında portalların bolluğu müşahidə edilir. Sizin bayaq qeyd etdiyiniz kimi, bu proses çərçivəni aşmayıb ki?

- Azərbaycan dövlətinin söz və məlumat azadlığına yaratdığı şəraitin məntiqi nəticəsidir ki, bu gün portalların bolluğu mövcuddur. Əslində normal prosesdir. Azərbaycanda yaranan hər bir xəbər agentliyinin, portalın fəaliyyətə başlamasını sevinc hissi ilə qarşılayırıq. Çünki media bazarında alternativlik nə qədər çox olarsa, söz və məlumat azadlığı, jurnalistlərin peşəkarlığı bir o qədər artar, media nümayəndələrinin sosial bazası güclənər. Vətəndaşların informasiya seçimi artır. Bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Həddindən artıq xırda portalların yaranması dezinformasiyaya yol açır, bəzən isə cəmiyyətdə çaşqınlıq yaradan informasiyalara yol verilir. “Düşmənin dəyirmanına su tökən” informasiyaların olmasını qoyaq bir kənara, etik normalara sığmayan məlumatların internet mediasında yer alması jurnalistlərin adi iş rejiminə çevrilib. İnformasiya agentliklərində isə bir məsuliyyət var. İnformasiyalar “ölçülür-biçilir”, mənbələr yoxlanılır, hətta informasiyanın cəmiyyətdə doğura biləcək fəsadları qabaqcadan proqnozlaşdırılır. Bundan sonra informasiya istehsal edilir. Bu gün bəzi portallar ucuz sensasiyalar dalınca qaçırlar. İnformasiyanı çox ucuzlaşdırıblar.

- Ümumiyyətlə, bəzən informasiya agentliyi ilə portalın fəaliyyət prinsipləri dəyişik salınmır ki?

- Əslində, siz çox aktual bir məsələyə toxundunuz. Bu gün bəzən informasiya agentlikləri ilə portalların işi, prinsipi dəyişik salınır. İnformasiya agentliyinin fəaliyyətini təkcə “sayğac”a görə qiymətləndirmək olmaz. Onda bu məntiqlə dünyanın tanınmış informasiya agentlikləri gərək öz fəaliyyətlərini donduralarki. Dünyada tanınan informasiya agentliklərinin əksəriyyətində xəbərlər bağlı gedir. Bağlı gedən xəbərlərə sözsüz ki, oxucu kütləsi cəlb etmək mümkün deyil. Ancaq bunun müqabilində informasiya agentliyi məhsulunu pulla satır. Əslində agentliyin əsas fəaliyyəti daha çox pul qazanması, xaricdə tanınması, beynəlxalq tərəfdaşların çoxluğu ilə seçilməlidir. Dünya praktikasında necədir? Birinci, agentliyə beynəlxalq auditor təşkilatlarının qoyduğu qiymətə görə önəm verirlər, sonra partnyorlarına görə. Sözsüz ki, bunlar da informasiya agentliklərinin yaydığı özəl məlumatlar fonunda yaranır. “Google” və digər beynəlxalq axtarış proqramlarında çıxan xəbərlərə görə qiymət verilmir. Bu gün əslində bu cür axtarış sistemlərindən əyləncə məqsədilə daha çox istifadə edilir.

Yuxarıda qeyd etmişdim, Trend-in saytında azad istifadədə olan xəbərləri iri ödənişsiz xəbərlər provayderlərin bazalarına tədarük edilir. Bundan başqa internetdə ənənəvi ödənişsiz informasiya mənbələrindən başqa pullu əsasda öz bazasına çıxış təqdim edən iri xarici kontent provayderlər mövcuddur. İri xarici KİV-lər, beynəlxalq maliyyə institutları, neft şirkətləri və digərləri belə xəbər bazalarından istifadə edirlər. Trend dünyada bütün belə ödənişli kontent provayderlərlə işləyir. Bu baxımdan, portalların informasiya agentliyi adına iddia etməsi və ya “sayğac”a görə qiymət verilməsi düzgün yanaşma deyil. Məlum məsələdir ki, portallar bütün informasiya - istər xarici, istər daxili resurslardan istifadə edirlərsə, oxucu istədiklərinin hamısını orda tapa biləcək. Elə portalın missiyası budur. Ancaq informasiya agentliyinin missiyası dünya bazarına çıxmasıdır, dünya media ailəsində qəbul edilməsidir. Düşünürəm ki, son illər Azərbaycanın bəzi informasiya agentlikləri bu istiqamətdə müəyyən iddialar ortalığa qoya biliblər. Digər beynəlxalq agentliklərlə qarşılıqlı anlaşmalar imzalayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR