Sürücülərin ən böyük problemi

Sürücülərin ən böyük problemi
12:26 26 Yanvar 2015
100 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə sığorta tariflərinin artırılması gözlənilir. Bu barədə 2015-2017-ci illərdə sığorta bazarının inkişafı ilə bağlı Tədbirlər Planında əks olunub. Artıq bununla bağlı müəyyən işlər başlanılıb və yaxın müddətdə avtomobillərin sığorta ödənişində bu artımı müşahidə etmək mümkün olacaq. Ancaq burada bir neçə sual yaranır. Niyə görə, sığorta haqları artırılır? Sürücülər sığorta şirkətlərinə inamlarının olmadığını deyirlər.

ANS PRESS-in "qaynar xətti"nə müraciət edən sürücü Salman Əliyev icbari sığortasının olduğunu baxmayaraq dəfələrlə problemlərlə üzləşdiyini deyir. Salman sığorta şirkətinin dəyən ziyanı ödəmək əvəzinə müxtəlif bəhanələr uydurduğunu və ödənişdən yayındığını söyləyir.

Şübhəsiz Salmanın başına gələn hadisəni bir çox sürücü də təsdiq edə bilər. Sirr deyil ki, sığorta şirkətləri bəzi hallarda üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bəs belə olan halda sürücü sığortaya niyə pul ödəməlidir? Avtomobillərin məcburi olaraq sığortalanması sürücüyə nə verir? Sonda, baş verən qəzanın cəzasını sürücü çəkəcəksə sığorta şirkətinə pul ödəməyə nə ehtiyac var?

ANS PRESS-in bu suallarına sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı cavablandırmağa çalışıb. Mütəxəssis sığorta haqlarının artırılmasını bahalı avtomobillərin çoxluğu və qəzalar zamanı dəyən zərərin yüksək olması ilə əlaqələndirir. Ekspert buna baxmayaraq hazırki ödənişlərin kifayət qədər olduğunu söyləyir:

"İllər ötdükcə, avtobil vasitələrinin dəyəri artdıqca və yol nəqliyyat hadisələri zamanı maddi itkilər artdıqca müəyyən olunmuş 5000 manat zərərin ödənilməsinə bəs etmir. Ona görə də, belə bir məsələ gündəmə gətirilib. Bu sığorta məbləğinin artırılması planlaşdırılır və şübhəsiz ki, limit artacağı təqdirdə sığorta haqları da artacaq. Qəza zamanı vurulmuş ziyanın təxminən 10-15%-i 5 min manatlıq limiti ötür. Amma ümumi qəzaların statistikasına nəzərə salsaq görərik ki, 5 minlik vəsait dəyən ziyanın ödənilməsinə bəs edir. Qəza zamanı şəxslərə dəyən zərərə görə müəyyən olunan sığorta məbləği isə kifayət qədər aşağıdır. Bu məbləğin minimum 20-30 min manat civarına qaldırılmasına ehtiyac var".

Ötən il ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 931 min 464 müqavilə imzalanıb. 2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın sığorta şirkətlərinin AVSMMİS üzrə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 70,69 milyon manat olub. Bu dövr ərzində ödənişlərin həcmi 26,8 milyon manat olub ki, bu da 2013-cü ilin eyni dövrünə nisbətən 5,9 faiz çoxdur.

Statistika göstərir ki, yığılmış sığorta haqlarının təxminən 35-40%-i vətəndaşlara ödənilir. Ancaq buna baxmayaraq bəzi hallarda vətəndaşların hüquqlarının pozulduğu hallar da olur.

Mütəxəssislər isə icbari sığorta zamanı şirkətin imtina imkanının məhdud olduğunu söyləyirlər: "Yəni, vətəndaşın bütün hüquqları qanunla tənzimlənir və buna görə də, sığorta şirkəti özünə sərf edən müddənı müqaviləyə əlavə edə bilməz. Sığorta şirkəti üzərinə düşən bütün öhdəliyi yerinə yetirməyə borcludur. Əks təqdirdə vətəndaş maliyyə Nazirliyinə müraciət edir və əksər halda da bu müraciətlər təmin olunur. Bəzən isə vətəndaş səhlankarlıq edir və vaxtında sığorta şirkətinə müraciət etmir. Bu zaman isə mübahisəli vəziyyət yaranır", - deyə X.Məmmədxanlı söyləyib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR