İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfəri başlanır

İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfəri başlanır
12:43 26 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
AzərTAc xəbər verir ki, bu gün İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfəri başlanır. Qeyd edək ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında diplomatik münasibətlər tarixində ilk dəfədir ki, İsrail şəhərinin meri Odlar Yurduna səfər edir.
Mer Şimon Lankri bir il bundan əvvəl Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evi yaradılması təşəbbüsü ilə çıxış etmişdi.
Şimon Lankri İsrail KİV-lərinə verdiyi müsahibədə qeyd edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında indiki strateji tərəfdaşlığın nizamlanmasında və möhkəmlənməsində həlledici rol oynayıb. Mer Heydər Əliyev adına Azərbaycan Evinin qədim və multikultural Akko şəhərinin ayrılmaz tərkib hissəsinə və müasir simvoluna çevrilməsi üçün nə mümkündürsə edəcəyini bildirib.
Akko şəhərinin meri “Tikvateynu - Bizim ümidimiz” adlı İrs Evinin yeni, çoxfunksional binasının tikintisi və Heydər Əliyev adına Azərbaycan Evinin yaradılması üçün 1 milyon dollardan artıq vəsait ayırıb. Bu layihə Akkodakı Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Nexemiya Şirin Mixaeli ilə birlikdə, habelə dağ yəhudilərinin beynəlxalq STMEQİ fondunun prezidenti German Zaxaryevin dəstəyi ilə həyata keçiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Azərbaycan Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilmiş səfər çərçivəsində Akko şəhərinin meri Azərbaycan rəsmiləri ilə görüşəcək.
Akko şəhərinin meri Azərbaycan paytaxtında tikilmiş yeni dağ yəhudiləri sinaqoqunu ziyarət edəcək, dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşəcək.
Bu görüşlərdən əlavə, mer Beynəlxalq Holokost Günü ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti tərəfindən təşkil edilən konfransda iştirak edəcək.
İsrailin Akko şəhərinin meri Azərbaycana rəsmi səfəri çərçivəsində Quba rayonuna da gedəcək, orada Soyqırım Memorial Kompleksini ziyarət edəcək, Qırmızı Qəsəbənin yəhudi icması ilə görüşəcək.
İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Azərbaycana səfəri dörd gün davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR