“Nə ola, bu saat bir Hindistan kobrası tapaydım...” – “ƏYALƏTDƏ KİM VAR, KİM YOX”

“Nə ola, bu saat bir Hindistan kobrası tapaydım...” – “ƏYALƏTDƏ KİM VAR, KİM YOX”
13:04 26 Yanvar 2015
291 Sosial
Ölkə mətbuatı
A- A+

Bu dəfə kəndimizin ən unikal adamlarından olan Yaqubla söhbətləşməyi planlaşdırdım. Yaşı altmışı ötmüş Yaqub bəy sovet vaxtı uzun müddət sürücü işləyib. Bütün gəncliyini “Zil” markalı yük maşınlarının sükanı arxasında keçirib. Kəndimizdə ona çox vaxt “ilantutan Yaqub” deyirlər. Elə  bu söhbətimiz də əsasən onun ilanları necə ram etməsi ilə bağlıdı.

-         Yaqub, ilk dəfə nə vaxt ilan tutmusan?

-         13-14 yaşım olardı, qoyun otarmağa getmişdim. İyun ayının əvvəlləri idi, dağda ötəri bir yağış yağdı. Mən yekə bir qayanın altında daldalandım. Yağışdan sonra yenidən gün çıxdı. Qoyunların yanına qayıdanda, yağışdan qaçıb daşın altına girmiş bir ilan gördüm. Maraq mənə güc gəldi, iri daşı qaldırıb ilanın üstündən götürdüm. İlan quyruğu üstə qıvrılaraq başını dik qaldırıb üzümə baxdı. Ovcumun içi ilə başından cəld vurub boynundan yapışdım. Sonralar bildim ki, həmin ilan gürzə imiş.

-         Necə yəni, o yaşda qorxmadın, birinci dəfə gördüyün ilanı tutdun?

-         Hə, bax, ilk dəfə yaxın məsafədən ilanı onda görmüşəm, onu da tutmuşam. Qorxmaq nədi, məndə elə bir hiss olmayıb.

-         Bəs sonra ilanı neylədin?

-         Bir az əlimdə saxlayıb ora-burasına baxandan sonra dişlərini daşa sürtüb çıxardım. Sonra da başını daşla əzib öldürdüm. Qanmaz vaxtlarımda ilanlara çox əziyyət vermişəm.

-         Bəs qanan vaxtlarında?

-         Bilirsənmi, mən bir vaxtlar quş balalarını yemək üçün yarğanlardakı torpaq yuvalara girən ilanları tutanda dərhal öldürürdüm. Ancaq elə olurdu dağda, çəməndə tutduğum ilanları öldürmür, salamat buraxırdım. Bir dəfə başıma belə bir hadisə gəldi. Təxminən yetmişinci illərin ortaları olardı, çöldə yatmışdım. Oyananda gördüm, eynən kinolardakı kimi, bir ilan başımın üstündə durub mənə baxır. Son dərəcə ehtiyatla qalxıb ondan kənarlaşdım. İlan da qaçıb bir kolun dibinə girdi. Arxasınca gedib diqqətlə kolluğu yoxlayanda gördüm burda ilan iki dənədi. Yatdığım yerdə ilan məni rahat çala bilərdi, ancaq onu eləməmişdi. Həmin gündən etibarən bir dənə ilanı belə incitməmişəm.

-         Ona qədər çox incidirdin?

-         İncitmək nədi? Qanmaz vaxtlarımda onlara çox işgəncələr vermişəm. Elə olub ilanın ağzını sapla tikib buraxmışam, elə olub yersiz cəza ilə öldürmüşəm. İndi bunlar yadıma düşdükcə vicdan əzabı çəkirəm. Düşünürəm, ilanlara elədiyim pisliklərə görə təbiət mənə nə qədər cəza versə haqlıdı. 

-         Bizim tərəflərdə əsasən hansı ilan növləri var?

-         Gürzədi, su ilanıdı, ox ilanıdı, qızıl ilandı.

-         Ən qorxulusu hansıdı?

-         Ən zəhərlisi gürzədi. Özü də gürzə çox cəlddi. Məsəl var ee, deyirlər gülləyə atılır, o söz doğrudu. Gürzə gülləni tutur. Yəni güllədən də cəlddi. Zəhəri çox kəskindi. Onunla ehtiyatsızlıq eləyən adam öz həyatına son qoya bilər. Gürzənin başqa bir növü, daha kəskin zəhərlisi Sabirabad bölgəsi tərəflərdədi. Həmin gürzələr bizimkilərdən gödəkdi, amma zəhəri ən azı on dəfə kəskin olur. Bu ilanlar vurduğu adamın birbaşa sinir sistemi pozulur.

-         Bəs heç ilanın zəhərini çıxarmısanmı?

-         Hə, çox eləmişəm. Gürzənin zəhəri boynunun arxasında olur, lazım olanda ordan xüsusi kanalla üst çənədə yerləşən dişinə axıdır. İsti aylarda zəhərin rəngi sapsarı olur, avqust ayına getdikcə açıq sarı rəngə çevrilir.

-         Deyilənə görə ilan görmür, sadəcə, yaxındakı canlının bədən temperaturunu duyub hərəkət edir.

-         Əksinə, onlar çox iti görür, ancaq mütəxəssislərin dediyinə görə ilanın eşitmə qabiliyyəti yoxdu. Dili isə lokator rolunu oynayır.

-         Bəs, ən bəzəkli, gözəl hansı ilandı?

-         Bizim ilanların şahı qızıl ilandı. Gün vuranda bədəni min rəngə çalır. Özü də bu ilanın zəhəri yoxdu.

-         Ancaq heyf, adamlar onu tanımır, harda gördülər zəhərli ilan bilib öldürürlər.

-         Hə, onu da öldürürlər. Ümumiyyətlə, biz həmişə ilanları yaba-dəhrə ilə qarşılamışıq. Ancaq, ona toxunan olmasa, ən zəhərli ilan belə insana toxunmur. Təsadüfən üstünə ayaq basan, yaxud üstünə hücum eləyən adamı çalır ilan. Məsələn, boynundan yapışıb tutursan, o da biləyinə dolanır. Bir müddət çarpışdıqdan sonra ilan sənin bədən temperaturuna öyrəşir və sakitləşir. Bu prosesdən sonra onu buraxanda səni çalmır. Yəni ilan insana çox tez tabe olur, insanla tez dostlaşır.

-         Yadımdadı, orta məktəbdə oxuyanda uşaqlar dedi, Yaqub məktəbə ilan gətirib. Biz meydançaya tərəf getdik, sən ilanı torbaya qoymuşdun. Yəqin onda ilanla dostlaşdığın vaxt imiş. İlanı çıxarıb yerə buraxdın, sonra arxasınca qaçıb yenidən bir də tutdun. Şəxsən mən sənin o hərəkətindən dəhşətə gəlmişdim. Çünki həyatda ən çox qorxduğum və ürpəndiyim canlı elə ilandı.

 

-         Hə, üstümdə çox ilan gəzdirmişəm. Mənim üçün ilanlar yox, insanlar daha qorxuludu. O vaxtlar atam mənim ilan tutmağıma qəti qadağa qoymuşdu. Bir dəfə əlimdə ilan tutduğum zaman atam qəfildən qonşudan çıxdı. İlanı buraxmaq istəmədiyim üçün onu yumrulayıb papağımın içinə, papağı da yenidən başıma qoydum. Sürücü işləyəndə də çox vaxt  “Zil”in “bordaçok”unda ilan gəzdirirdim. Bir dəfə həmin maşınla uşaqlıq dostum Mehmanı qonşu kəndə aparırdım. Mehman o kənddə yaşayan nişanlısı ilə görüşməyə gedirdi. Maşını Zəyəm çayının ortasında saxlayıb aşağı düşdüm və Mehmana dedim, “bordaçok”dan dəsmalı mənə ver, güzgünü siləcəm. Bir də gördüm içəridən bir çığırtı qopdu. Orda ilan olduğu yadımdan çıxmışdı.  

-         Hə də, sevgilisi ilə görüşdən əvvəl ilandan qorxmağın ləzzətini yaşatmısan dostuna. Düşünürəm, aşiq üçün çox maraqlı sürpriz olub bu. Tanrı bizləri sənin zarafatdan saxlasın! Yaqub, eşitmişəm, bir dostunla dağda heyvan otararkən qaya dibində yatmış iri bir ilana rast gəlmisən. Qolundakı saatı açıb dostuna vermisən ki, bu ilanı tutmaq istəyirəm, işdi, ilan məni vurub öldürsə, bunu məndən yadigar saxlayarsan. Yəni o ilanı tutmaq çoxmu vacib idi?

-         Ola bilsin cavanlıqda belə bir əhvalat olub, ancaq xatırlaya bilmirəm. Qaldı ki, ilan tutmaq artıq mənim hobbimə çevrilib. İlanlarla oynamağı çox sevirəm. Nə ola, bu saat bir Hindistan kobrası tapaydım.

-         Kobranı neynirsən?

-         Kobra insanla rahat dostluq eləyir. Sənə verdiyim fotoda əlimdə tutduğum pitondur. Bir vaxtlar Bakıda keçirilən sərgidə çəkdirmişdim. Ancaq mənə belə zəhərsiz ilanlar ləzzət eləmir. Bir dəfə iri bir qızıl ilanı tutub onunla dostluq eləmək istəyirdim. Çox eqoist heyvan imiş. Bir az oynadıqdan sonra gördüm ilan öldü. Çırpınıb əlimdən qaça bilmədiyinə görə ürəyi partlamışdı.      

-         Demək, sən kəskin hisslərin adamısan.

-         Hə, mən insanı ən təhlükəli zonadan, məsələn, güllə altından qorxmadan çıxara bilərəm. Yanımda maşın qəzası olub, dəhşətdən hamı üzünü yana çevirib, ancaq mən parça-parça olmuş adamları içəridən çıxarmışam, neçə qanlı yaralını xilas eləmişəm. Həm də təhlükəylə oynamağı sevirəm. Bax, bu saat  paraşütlə sonsuz hündürlükdən tullanmağı arzulayıram.

-         Bəs, ilan vurubmu səni?

-         Yox, ilan vurmayıb, ancaq cavanlığımda bir dəfə əqrəb sancıb. Bilməmişəm, zəhərli əqrəbin başından vurmuşam, sən demə, quyruğu ilə sancırmış. Sancan kimi sağ əlimin barmağı keyidi. Sonra keyimə qoluma, ordan da bədənimin sağ tərəfinə keçdi. Qorxumdan evdəkilərə demədim, gecəni beləcə yuxuya getdim, ancaq tədricən bir neçə günə zəhər bədənimdə tam sorulub yoxa çıxdı.

-         Yeddi qardaş ilan deyirlər,  doğrudumu? Guya, qardaşlardan birini öldürsən o birilər səni tapıb qisasını alır.

-         Elə şey yalnız nağıllarda olur.

-         Özün xaraktercə necə adamsan?

-         Əməksevərəm. Heç vaxt var-dövlət aşiqi olmamışam. Dostluğa çox sədaqətliyəm. Mənə azacıq yaxşılıq eləyənin yaxşılığını artıqlaması ilə qaytarmaq istəyənəm. Haqlı düşməni haqsız oğlumun ayağına vermərəm!

 




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR