“Azərbaycanın elm məbədi” sənədli filminin çəkilişləri davam edir

“Azərbaycanın elm məbədi” sənədli filminin çəkilişləri davam edir
16:18 6 Avqust 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin qərarına əsasən akademiyanın 70 illik yubileyi ilə əlaqədar “Azərbaycanın elm məbədi” adlı sənədli filmin çəkilişləri davam edir.
Akademiyanın tarixi ənənələrini və müasir inkişafını əks etdirən ekran əsərinin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Salnamə” studiyasının çəkdiyi filmin baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinematoqrafiya İnstitutunun məzunu Yuri Varnovskidir.
Yaradıcı qrupun rəhbəri və filmin ssenari müəllifi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin verdiyi məlumata görə, çəkilişlər artıq başa çatmaq üzrədir. Bu günlərdə yaradıcı qrup AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Şəki Regional Elmi Mərkəzi və Şamaxı-Qəbələ-Şəki arxeoloji qazıntılarında çəkilişlər aparıb.
Yaradıcı qrup rəsədxananın fəaliyyət istiqamətləri ilə tanış olub, buradakı mövcud teleskopların qurulma tarixi, onların hazırki texniki durumları ilə maraqlanıb, teleskoplarda aparılan gecə müşahidələrini lentə alıb.
Çəkiliş qrupunun üzvləri Şəki rayonunun Fazıl kəndi ərazisində tunc dövrünə aid qədim yaşayış məskəni – “Təpəbaşı” arxeoloji abidəsində də olublar. Məlumat verilib ki, labirint formasında olan bu kompleksdə aşkarlanan maddi mədəniyyət nümunələri bizim eradan əvvəl III-II minilliklərdə bu ərazidə yaşayan əhalinin təsərrüfat həyatı, məişəti və adət-ənənələri barədə maraqlı və dolğun təəssürat yaradır.
Şəkinin qədim tarixi abidələri ilə tanış olan yaradıcı heyət Şərq memarlığının ən nadir incilərindən hesab edilən, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi - Şəki Xan sarayında da çəkilişlər aparıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_elm_mebedi_senedli_filminin_chekilisleri_davam_edir-875823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR