Bakıda "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində işəgötürənlər üçün "Açıq qapı" günü keçirilib (FOTO)

13:08 26 Yanvar 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Yanvarın 26-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində Bakının Nizami, Xətai, Nərimanov, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə məqsəd əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi, bu sahədə mövcud olan normativ-hüquqi aktlar və s. barədə işəgötürənlərin ətraflı məlumatlandırılması olub.

Bildirilib ki, ölkənin əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, bunun üçün peşə risklərinin düzgün qiymətləndirilməsi, habelə iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması işəgötürənlər qarşısında duran əsas vəzifələrdəndir. Lakin bir sıra hallarda işəgötürənlər tərəfindən bu məsələyə lazımi qədər diqqət göstərilmir, əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsi təmin olunmur. Belə hallar isə ilk növbədə işçi insanların həyat və sağlamlığını təhlükə altında qoyur. Qeyd olunub ki, istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində hər il dünyada istehsalatla əlaqəli çoxsaylı bədbəxt hadisələr baş verir və bu hadisələr nəticəsində həm xeyli işçi insan həyatını itirir, xəsarət alır və ya peşə xəstəliyinə tutulur, həm də iqtisadiyyata ciddi ziyanlar dəyir. Ona görə də iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması həm sosial, həm də iqtisadi baxımdan mühüm önəm daşıyır.

Tədbirdə Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlər, əməyin mühafizəsi sahəsində dövlət siyasəti, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına dövlət nəzarətinin gücləndirilməsi istiqamətində son vaxtlarda həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. İşəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR