Adı rüşvətdə hallanan rektor tapıldı

Adı rüşvətdə hallanan rektor tapıldı
16:31 6 Avqust 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev və digər rəsmi şəxslər adı rüşvət qalmaqalında hallanan universitetdə olub.

ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 6-da Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxslərinin də iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək son zamanlar univesitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verib.
O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib.

Firudin Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib. O, iclasda tədris işləri, həmçinin Elm və texnika üzrə yeni təyin olunmuş prorektorları kollektivə təqdim edib, rektora universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması barədə nazirin tapşırıqlarını çatdırıb.


Firudin Qurbanov - Təhsil nazirinin müavini


Həmçinin, nazirin əmrinə əsasən, universitet rəhbərliyi tərəfindən Nazirliyin kollegiya iclasında 2015/2016-cı tədris ilinin nəticələrinə dair geniş hesabatın təqdim edilməsinin nəzərdə tutulduğu qeyd olunub. Təhsil Nazirliyi öz növbəsində bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımların atılmasını davam etdirəcək.


Universitetdə iclas


İclasda müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.


Akif Süleymanov - Azərbaycan Texnologiya Universitetinin rektoru


Bir müddət əvvəl Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb. Məlumata görə, rektor Akif Süleymanov tələbələrin adına saxta təqaüd kartları açıb. Baş verənlərin üstü açılandan sonra rektorun yoxa çıxması haqqında məlumatlar yayılmışdı. Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyev korrupsiya halının olduğunu təsdiqləmiş, ANS PRESS-ə 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başladığını bildirmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR