"Biabır olmamaq haqda düşünürdük"

"Biabır olmamaq haqda düşünürdük"
17:47 6 Avqust 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Seltik"in yarımmüdafiəçisi Qari Meki Stiven UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la (0:0) cavab qarşılaşmasından sonra apasport.az saytına müsahibə verib.

- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...

- Qarşılaşma əslində, biz istədiyimiz kimi keçdi. Diktə edən tərəf biz olduğumuza görə, meydançanı sərfəli nəticə ilə tərk etdik. Topu özümüzdə saxlamağı bacardıq, üstəlik, bir neçə qol epizodu da yaratdıq. Amma bu şansları boşa verdik. Cütün taleyini Qlazqoda vurulan qol həll etdi. "Qarabağ" da əla oynadı. Müqayisə etsək, qol epizodu baxımından onların şansları daha çox oldu, sadəcə, reallaşdıra bilmədilər. İki matçın nəticəsinə görə, "Seltik" güclü oldu. Biz növbəti rəqibimiz haqda düşünməliyik, çünki mübarizə davam edir.
 
- Qazonun durumu həlledici məqamlardan idi. "Qarabağ"ın topla yaxşı oynadığını nəzərə alsaq, meydança normal olsaydı, təmsilçimizin qələbə qazanacağını proqnozlaşdırmaq mümkün idi?

- Bunu dəqiq deyə bilmərəm. Meydança əla vəziyyətdə olsaydı, bizim də işimiz rahat olardı. Hazırkı şərtlər hər iki komanda üçün eyni idi. Siz qazonun bərbad olmağının "Qarabağ"a problem yaratdığını deyirsiz. Bəs Qlazqodakı oyunda niyə onlar bunu bacarmadılar? Deməli, güclü olan mərhələni adladı.
 
- Maraqlıdır ki, nə Qlazqodakı, nə də Bakıdakı matçda bir vaxtlar "Barselona" ilə başabaş mübarizə aparan "Seltik"i görə bilmədik. Nə baş verib?

- Əvvəla, "Barselona" ilə "Qarabağ"a qarşı keçirdiyimiz oyunları müqayisə edə bilmərik. "Barselona"nın necə komanda olduğunu deməyə ehtiyac yoxdur. Həmin görüşdə əsasən müdafiə olunmaq və biabır olmamaq haqda düşünürdük. Ağılla müdafiə olunmağımız haqqımızda miflərin yaranmasına səbəb oldu. "Seltik" yenə əvvəlki kimi oynayır. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bunu sübut edəcəyik.
 
- "Qarabağ"ın heyətində hansı futbolçuları fərqləndirərdiniz?

- Hələ Qlazqodakı oyundan sonra Almeydanın texnikalı, dəqiq ötürmələr vermək qabiliyyətinə malik futbolçu olduğunu demişdim. Amma bu gün elə də nəzərə çarpmadı. Reynaldonu da unutmaq olmaz.
 
- Hər iki görüşü müqayisə etsək, "Seltik" hansı komponentlərdə üstün idi ki, mərhələ adladı?

- Hər şeydən əvvəl oyun planında dəqiq idik. Topu özümüzdə çox saxladıq. Əlimizə düşən şanslardan heç olmasa birini reallaşdırdıq. "Qarabağ" da güclü komandadır. Onların belə texnikalı futbolçulara sahib olduğunu bilmirdik. Təcrübəli və istəkli olmağımız mərhələ adlamağımızda həlledici rol oynadı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR