Şabranda sahibkarlara 1 milyon manat verildi (FOTO)

Şabranda sahibkarlara 1 milyon manat verildi (FOTO)
19:01 6 Avqust 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) avqustun 6-da Şabran rayonunun Rəhimli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu keçirib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub.

Sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.


Şirzad Abdullayev- SKMF sədri


Fondun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bildirilib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.




İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Şabran rayonunun Gəndov kəndində güzəştli kreditlərdən istifadə etməklə tikilmiş logistik mərkəzə, üzümçülük təsərrüfatlarına və Dəvəçi kəndində salınmış meyvə bağına baxış keçirilib.


Quba-Xaçmaz iqtisadi rayonunun xəritəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=357295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR