x
Loading...

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 63 milyon manatdan çox yardım ayrılıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 63 milyon manatdan çox yardım ayrılıb
18:08 6 Avqust 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilir. Dövlətimizin başçısının Sərəncamı ilə bu ildən istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 25 faiz artırılıb.
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi ilə bağlı 60 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 60 rayon (şəhər) komissiyası üzrə 372234 istehsalçıya 1263947 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63197350 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək, eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları mənfi hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) bildirməklə, yaxud [email protected] elektron poçtuna ünvanlamaqla yardımçı olmaları xahiş edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_mehsullari_istehsalchilarina_63_milyon_manatdan_chox_yardim_ayrilib-875903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR