İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyalar vacib istiqamətdir

İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyalar vacib istiqamətdir
19:28 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycandakı diplomatik fəaliyyətini başa vuran İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti hökuməti arasında informasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq davam etdirilən əlaqələrdən söz açan Ə.Abbasov ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafının təmin edilməsi üçün qarşılıqlı maraq və potensialın olduğunu bildirib.
İki ölkənin əməkdaşlığında yüksək texnologiyaların vacib istiqamət olduğunu nəzərə çatdıran nazir İsrailin bu sahədə aparıcı dövlətlərdən olduğunu, onun zəngin təcrübəsindən Azərbaycanın da yararlana biləcəyini vurğulayıb. İKT sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafına verdiyi töhfəyə və göstərdiyi xidmətlərə görə səfirə təşəkkürünü bildirən Ə.Abbasov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Əməkdaşlığın genişləndirilməsində “BakuTel” Beynəlxalq sərgi-konfransının rolunu xüsusi vurğulayan R.Harpaz sonuncu sərgidə İsrail şirkətlərinin təmsil olunduğunu xatırladıb və bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan-İsrail Ticarət Palatasının birgə təşkil edəcəyi “İsrail-Azərbaycan Startaplar Forumu”nun uğurlu keçməsinə lazımi dəstəyin göstəriləcəyini deyib. R.Harpaz əməkdaşlığın bundan sonra da bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində dostluq və etimad müstəvisində davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israil_Azerbaycan_emekdasliginda_yuksek_texnologiyalar_vacib_istiqametdir-875910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR