Marneulidə “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabının təqdimatı olub

Marneulidə “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabının təqdimatı olub
21:28 6 Avqust 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 6 avqust, AZƏRTAC
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabının təqdimatı keçirilib.
“Regionpress” qəzetinin redaktoru Binnət Əlioğlu tədbirdə bildirib ki, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) təşəbbüsü və təşkilatçılığı ilə nəşr edilən kitab Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunub.
Sonra GAJB-nin sədri, kitabın müəlliflərindən biri Nizami Məmmədzadə çıxış edərək nəşrdə milli mətbuatımızın tarixi, keçdiyi şərəfli yol və son üç əsrdə bu ölkədə fəaliyyət göstərən jurnalistlər barədə məlumatların yer aldığını bildirib.
Kitabın digər müəllifi, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, yazıçı-publisist Əli Abbas və başqaları çıxış edərək “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabının əhəmiyyətini vurğulayıblar.
SOCAR-ın maliyyə dəstəyi ilə ilk dəfə nəşr olunan kitabın gələcək nəsillər üçün Gürcüstanda yaşayan və fəaliyyət göstərən jurnalistlər haqqında əsas məlumat mənbəyi olduğu bildirilib.
Mərasimdə gələcəkdə kitabın təkmilləşdirilmiş halda ikinci hissəsinin də nəşr olunacağı qeyd edilib.
İyulun 22-də Bakıda milli mətbuatın 140 illiyinə həsr olunan təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurası tərəfindən müəlliflərin kitaba görə Ali Media Mükafatına layiq görüldükləri vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Marneulide_Gurcustanin_azerbaycanli_jurnalistleri_kitabinin_teqdimati_olub-875951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR