Qarabağda pilotsuz müharibə

Qarabağda pilotsuz müharibə
04:11 7 Avqust 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün (avqustun 6-da) Azərbaycan Müdafiə Nazirliyi Qarabağda, təmas xəttinin Ağdam istiqamətində Ermənistan ordusuna aid daha iki pilotsuz uçan aparatın vurulduğunu bəyan edib və aparatlardan birinin qalıqlarını nümayiş etdirib.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan ordusuna aid “Krunk-25” pilotsuz uçan aparatı Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşu həyata keçirərkən vaxtında aşkar edilib və məhv olunub.

Aparatların məhvinin detalları açıqlanmasa da yayılmış fotoşəkillərdən belə qənaət hasil olur ki, bu dəfə düşmənə aid pilotsuz aparatlar hava hücumundan müdafiə vasitələri ilə vurulub. Çünki təyyarənin radar tərəfindən necə aşkar edildiyinə dair kadrlar var.

Ermənistan Müdafiə Nazirliyi və qondarma “DQR müdafiə nazirliyi” isə bundan əvvəl olduğu kimi onlara aid pilotsuz uçan aparatların vurulduğunu təkzib ediblər. Lakin Azərbaycan tərəfinin yaydığı görüntülər bu dəfə ermənilərin təkzibini boşa çıxaracaq gücdədir.



Sonuncu insident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində uzun müddət snayper müharibəsi formasında davam edən qarşıdurmanın daha ciddi fazaya keçdiyi, orta və iriçaplı minaatanların duelinin adi xarakter aldığı bir vaxtda baş verir. Və belə demək olar ki, Qarabağda gərginlik pilotsuz uçan aparatların “döyüşü” ilə davam edir.

Bu isə nisbətən yenilikdir və Qarabağda mümkün müharibədə texnologiyaların nə dərəcədə həlledici söz sahibinə çevriləcəyini bəri başdan nümayiş etdirir.

Bəs bu pilotsuz hava mübarizəsində tərəflərin hansı imkanları var? Ermənistan ordusu niyə son vaxtlar pilotsuz uçan aparatlardan istifadəni intensivləşdirib?

Pilotsuz kəşfiyyat təyyarələri ilə silahlanma keçmiş sovet respublikaları üçün cəmi bir neçə il əvvələ qədər az qala əlçatmaz yenilik idi. Çünki bu sahədə qabaqcıl texnologiyalara malik olan inkişaf etmiş ölkələr belə aparatları ixrac etməkdə o qədər də maraqlı deyildi.

Lakin Azərbaycan İsraillə qurduğu uğurlu hərbi-texniki əməkdaşlıq sayəsində öz ordusunu pilotsuz kəşfiyyat təyyarələri ilə təchiz edən ilk keçmiş sovet respublikalarından biri oldu. 2008-2009-cu illərdə Azərbaycan İsraildən “Hermes 450”, “Aerostar” və “Orbiter M” pilotsuz təyyarələrinin iri partiyasını idxal etdi.


“Hermes 450”

Daha sonra “Orbiter M” və “Aerostar” aparatlarını Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi İsrailin “Aeronautics Defense Systems Ltd.” şirkəti ilə birgə istehsal etməyə başladı.

Virtualaz.org saytı xatırladır ki, həmin vaxt regionda heç bir ölkənin sərəncamında bu qədər pilotsuz kəşfiyyat təyyarələri mövcud deyildi. Hətta Rusiya kimi qüdrətli hərbi sənayesi olan ölkə pilotsuz kəşfiyyat təyyarələrini İsraildən idxal etmək üçün xeyli səy göstərirdi. Çünki Rusiya pilotsuz kəşfiyyat təyyarələrinin istehsalı texnologiyalarında bu sahənin liderləri olan İsrail və ABŞ kimi ölkələrdən geri qalırdı.

Ermənistanın isə pilotsuz kəşfiyyat təyyarələrinə malik olmasından heç söhbət gedə bilməzdi.

Nəticədə Azərbaycan silahlanmanın daha bir istiqaməti üzrə Ermənistan üzərində əzici üstünlüyə nail oldu. Azərbaycan ordusunun sərəncamında olan pilotsuz təyyarələr düşmən mövqeləri üzərində və işğal altındakı ərazilərdə kəşfiyyat aparır, düşmən qüvvələrinin taktiki yerdəyişməsini izləyir, qarnizonlarının və digər hərbi obyektlərinin dəqiq koordinatlarını müəyyən edə bilirdi.

Bu isə hərbdə müqayisəedilməz dərəcədə qiymətli kəşfiyyat məlumatlarıdır. Çünki pilotsuz təyyarələr olmayanda belə kəşfiyyat məlumatlarını əldə edə bilmək üçün böyük risk və qüvvə tələb olunurdu. Hətta belə demək olar ki, pilotsuz uçan aparatlarla toplanılan kəşfiyyat məlumatlarının hamısını digər kəşfiyyat vasitələri ilə toplamaq nəzəri baxımdan belə qeyri-mümkün görünür. Nəticədə Azərbaycan ordusu Ermənistan işğalçı qüvvələri üzərində qısa müddət ərzində böyük taktiki üstünlük əldə edə bildi - düşmən barədə daha çox və daha dəqiq kəşfiyyat məlumatlarını əlində cəmləşdirdi.

2011-ci ilin oktyabrında isə Qarabağda pilotsuz kəşfiyyat təyyarələrinin vurulmasına dair ilk fakt qeydə alındı. Ermənistan tərəfi bəyan etdi ki, təmas xəttinin Ağdam istiqamətində, Əsgəran üzərində Azərbaycana aid “Hermes 450” pilotsuz kəşfiyyat təyyarəsi vurulub salınıb.



Düşmən tərəf sübut kimi təyyarənin demək olar ki, zədə almamış şəkildə görüntülərini yaydı. Aparatın üzərində heç bir tanınma nişanı yox idi (adətən pilotsuz təyyarələrin üzərində onun hansı ölkəyə məxsus olduğuna dair tanınma nişanları qoyulmur, çünki söhbət kəşfiyyat xarakterli uçuşdan gedir).

Azərbaycan Müdafiə Nazirliyi isə bəyan etdi ki, görüntüləri yayılan təyyarə ona aid deyil.

Bununla belə İsrail kəşfiyyatına yaxın qaynaqlar təyyarənin vurulub salınmasına dair sensasion detalları yaydılar. Orada deyilirdi ki, təyyarə Rusiyadan göndərilmiş mütəxəssislər tərəfindən yenə Rusiyaya aid olan, radiosiqnalları qarışdırmaqla pilotsuz uçan aparatların idarəedilməsinə nəzarəti ələ keçirən və onu endirməyə nail olan xüsusi texnikanın köməyi ilə sıradan çıxarılıb.

Bu məlumatda həqiqət payı az deyildi. Çünki Azərbaycanın İsrail istehsalı olan pilotsuz təyyarələrə malik olması nəinki Ermənistanı, o cümlədən Rusiya və İran kimi ölkələri də qayğılandıra bilərdi.

Təxminən həmin vaxtlarda belə məlum oldu ki, Ermənistan da ciddi cəhdlə pilotsuz uçan təyyarələrə malik olmağa çalışır və ilk nəticələr əldə edib -“Krunk” adı verilən hansısa pilotsuz aparatın istehsalına başlayıb.

Ermənistanın bu aparatların hissələrini hansı ölkədən aldığı açıqlanmırdı, ehtimal olunurdu ki, o qədər də ciddi göstəricilərə malik olmayan bu aparatların hissələrini ya Çindən alırlar, ya ABŞ-ın hansısa özəl şirkəti mülki təyinatlı pilotsuz uçan aparatların istehsalında Ermənistana kömək edir.

Azərbaycan isə pilotsuz kəşfiyyat təyyarələrinin alınmasına və birgə istehsalına dair İsraillə tərəfdaşlığı uğurla davam etdirirdi. Məlumatlar yayıldı ki, İsraildən təkcə düşmənin nəzarətində olan ərazilərin dərinliklərində foto-video çəkilişləri aparmağa qadir olan aparatlar deyil, eyni zamanda hədəfə dəqiq silahlarla zərbə endirə bilən daha iri təyyarələrin alınmasına dair danışıqlar aparır.

Bu danışıqların necə nəticələndiyinə dair məlumatlar olmasa da tam əminliklə demək olar ki, Azərbaycan pilotsuz kəşfiyyat təyyarələrinin həm sayına, həm də bu aparatların taktiki-texniki göstəricilərinə görə Ermənistan üçün əlçatmaz dərəcədə irəliləyib.

Üstəlik pilotsuz kəşfiyyat təyyarələrindən düşmən hədəflərinə dəqiq artilleriya-minomyot zərbələri endirmək və onun hərbi texnikasını təmas xəttinin taktiki dərinliklərində məhv etmək üçün keçirilən əməliyyatlarda istifadə edir.

Belə vəziyyətdə Ermənistan da öz arsenalındakı pilotsuz vasitələrdən istifadəni intensivləşdirməyə başladı.

Lakin bu zaman hansı mənzərə üzə çıxdı? Son bir-iki ayda Azərbaycan ordusu təmas xətti üzərində Ermənistanın bir neçə pilotsuz aparatını vurub saldı və məlum oldu ki, ermənilər kəşfiyyat üçün Çin istehsalı olan “DJİ İnspire” pilotsuz aparatlarından-kvadrokopterlərdən geniş istifadə edir.

İnternet mənbələrində bu aparatların göstəricilərinə və qiymətinə, habelə onları asanlıqla hər kəsin əldə edə biləcəyinə dair kifayət qədər məlumatlar tapmaq mümkündür.

Və görünür, bu amili nəzərə alan Ermənistan tərəfi hər dəfə aparatların onlara aid olmadığını, bu cür “oyuncaqlardan” istifadə etmədiklərini bildirdi.

“DJİ İnspire” kvadrokopterləri doğrudan da oyuncaq hesab edilə bilər. Ancaq Ermənistanın pilotsuz kəşfiyyat təyyarələri sahəsində Azərbaycana necə uduzduğunu görərək bu oyuncaqlardan istifadə etməsi niyə inandırıcı olmasın?

Axı belə aparatlardan istifadə etməklə də kəşfiyyat xarakterli məlumatlar - foto və videokadrlar əldə etmək olar. Həm də Qarabağda, tərəflərin mövqelərinin bir-birinə cəmi bir neçə yüz metr məsafədə yerləşdiyi münaqişə zonasında.

Bu kvadrokopterlər bir neçə yüz metr hündürlüyə qalxa, tamamilə səssiz şəkildə uça və sutkanın qaranlıq vaxtında belə çəkilişlər apara, çəkdiyi kadrları komanda məntəqəsinə ötürə bilir. Üstəlik aparatların qiyməti təxminən 3-4 min dollar olduğuna görə onlardan istifadə ciddi maddi itki riski də yaratmır.

Doğrudur, bu “oyuncaqlar” havada çox qala bilmir. Ancaq tərəflərin mövqeləri arasında məsafənin yaxınlığı nəzərə alınarsa, “DJİ İnspire” kvadrokopterləri Azərbaycan ordusunun mövqelərinin görüntülərini və digər kəşfiyyat xarakterli məlumatları qeydə almaq üçün kifayət edərdi. Başqa sözlə, bu aparatlar oyuncaq sayılsa belə onlardan Qarabağda hərbi məqsədlərlə istifadə etmək tamamilə mümkündür.


“DJİ İnspire”

Digər tərəfdən bu aparatları əldə etmək çox sadədir. Azərbaycan ordusunun bölmələri isə bu aparatları aşkar edərək adi silahlarla onu neytrallaşdırmaqda xüsusi çətinlik çəkmir.

Sonuncu insidentdə isə daha iri və hərbi təyinatlı aparatın - “Krunk 25”in vurulmasından söhbət gedir. Ermənistan ordusu bu aparatları hərbi paradlarda nümayiş etdirib. Aparatın maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kq, uzunluğu 2,95 metr, qanadların açılma uzunluğu 4,2 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.

Ehtimal edilir ki, Ermənistan “milli istehsal” kimi təqdim etdiyi bu aparatları Çinin, yaxud Rusiyanın köməyi ilə yığır. Çünki Rusiya özü də son illərdə pilotsuz uçan aparatların istehsalı sahəsində irəliləyib.

Beləliklə, texnologiyaların sürətlə inkişaf etdiyi və yayıldığı indiki dövrdə Ermənistanın da nəhayət pilotsuz uçan aparatlar üzrə arsenalını genişləndirməsi (oyuncaqlar hesabına olsa belə ) təəccüblü görünmür.

Belə vəziyyətdə Azərbaycan hədəfi dəqiq vuran raketlər daşıyan daha iri pilotsuz təyyarələr əldə edə bilsə bax bu erməniləri yaxşıca təəccübləndirə və düşünməyə məcbur edə bilərdi. Çünki bu tipli pilotsuz təyyarələrin ABŞ və İsrail tərəfindən terrorla mübarizədə necə effektli silah olduğu yaxşı məlumdur...

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR