Lənkəran sakininin bambukdan düzəltdiyi əl işlərinə maraq artmaqdadır

Lənkəran sakininin bambukdan düzəltdiyi əl işlərinə maraq artmaqdadır
10:43 7 Avqust 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 7 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Talışlı kənd sakini Eynulla Cəlalovun maraqlı hobbisi var. O, 10 ilə yaxındır bambukdan məişətdə işlədilən müxtəlif növ əşyalar hazırlayır.
Eynulla Cəlalov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Çində “həyat ağacı” adlandırılan bambuk bitkisi Lənkəran rayonuna ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşır.
Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı bu gün onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammal mənbəyinə çevrilib. Boş vaxtlarını həyətindəki kiçik emalatxanasında bambukdan əl işləri hazırlamağa sərf edən ustanın düzəltdiyi məişət əşyaları sırasında çarpayı, stol, stul, kreslo, kitab rəfi daha çox yer tutur. Bu əşyaların hər birinin hazırlanması üçün səbir, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Son vaxtlar usta Eynullanın bambukdan düzəltdiyi məişət əşyalarına tələbat da artıb. Onun əl işləri dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.
Bambuk ağacının xüsusiyyətlərindən söz açan Eynulla Cəlalov bildirir ki, Vətəni Çin olan bu bitkinin qəribə böyümə xüsusiyyəti var. Bambukun toxumu əkildikdən və ona beş il müddətində qulluq göstərildikdən sonra cücərməyə başlayır, altı həftə ərzində isə hündürlüyü 27 metrə çatır. Bu bitkinin ağacları müxtəlif diametrlərdə olur.
Eynulla usta xammal kimi əsasən cücərdikdən sonra boy atan 3 illik bambuk ağaclarından istifadə etməyə üstünlük verir. Onun sözlərinə görə, bambuk çox qiymətli bitkidir və mebel sənayesində istifadə edilsə səmərəsi daha çox olar.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_sakininin_bambukdan_duzeltdiyi_el_islerine_maraq_artmaqdadir-875984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR