x
Loading...

"Azarkeşlərimizin arxasında sona qədər dayanacağıq" - "Qəbələ"nin vitse-prezidenti

"Azarkeşlərimizin arxasında sona qədər dayanacağıq" - "Qəbələ"nin vitse-prezidenti
11:09 7 Avqust 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cavidin yerində mən olsaydım, artığını edərdim, bu qədər şəhidləri niyə vermişik?"

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə “Apollon”la qollu heç-heçə (1:1) edən “Qəbələ” cavab görüşündə Kipr klubunu 1:0 hesabı ilə məğlub edərək, pley-off mərhələsinə vəsiqə qazanıb. “Qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov qarşılaşma ilə bağlı apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyundan sonra bu qədər gərginlik nədən yarandı?

- Kiprdəki matçda azarkeşlərlə bağlı problemlər olmuşdu. Amma burda hansısa təxribat olmadı. Görüş gərgin keçdi, əsas odu ki, qələbə qazandıq.

 

- Rəqib futbolçular hər addımda “Qəbələ”nin üzvlərini təxribata çəkirdilər. Onlar niyə belə edirdilər?

- Bunların hamısını görürdük. Ona görə də oyundan əvvəl işçilərimizlə, futbolçularla, azarkeşlərimizlə bu səpkidə söhbətlər etdik. Çünki hansısa bir addım bu qədər zəhməti yerə vura bilərdi.

 

- Ancaq futbolçularımız onların təxribatlarına uyurdular. Məsələn, Cavid Hüseynov lazımsız yerə sarı, Ürfan Abbasov isə qırmızı vərəqə aldı…

- Hamısı ilə söhbət etmişdik, təxribata uymamalarını tapşırmışdıq. Ürfan gəncdi, ondan bunu heç cür gözləmirdim. O, ordakı matçda da sakit oynamışdı. Cavidə gəldikdə, onu başa düşmək olar. Dövlətimizin bayrağını cırıblar. Hansı ki, bu bayrağın dalğalandırılması üçün minlərlə şəhid vermişik. Onlar yaralı yerimizə toxundular.

 

- Baş məşqçi Cavidə xüsusi simpatiya bəslədiyini və cəza verməyəcəyini deyib. Bəs klub rəhbrəliyi hansı addımı atacaq?

- Bu suala klub rəsmisi kimi deyil, idmançı kimi cavab vermək istəyirəm. Cavidin yerində mən olsaydım, artığını edərdim. Bu qədər şəhidləri niyə vermişik? Bayrağımızı cırırlar, nə klub rəhbərliyi, nə də UEFA tədbir görür. Bu baxımdan Cavid edə biləcəyini etdi.

 

- Bəs Qəbələnin stadionunu niyə cəzalandırdılar?

- Qəbələ şəhər stadionu bayraq yandırıldığına görə yox, portatif oturacaqlar quraşdırıldığına görə cəzalandırılıb. Həmin oturacaqlar yerə betonla bərkidilməmişdi. Ötən mövsüm icazə versələr də, bu dəfə razılaşmadılar. Həmin tribunaları da sökəndə cəmi 2000 azarkeş tutumu qalır. 2000 azarkeşin qarşısında necə oynayaq? Buna görə də böyük arenada çıxış etmək istədik.

 

- Bundan sonrakı mərhələ üçün nə düşünürsüz?

- Püşk atılsın, rəqibimiz bəlli olsun, ondan sonra fikir bildirmək olar.

 

- Oyundan sonra polislər azarkeşlərə qarşı çox aqressiv idilər. Hətta bir neçə azarkeş təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Bu baş verənlərin bir sonu olacaqmı?

- Bundan xəbərim yoxdu. Polis rəhbərliyi ilə danışacağıq. Azarkeşlərimiz gərək heç bir təxribata uymasınlar. Kiprdə baş verənləri hamı gördü, azarkeşlərimiz buna görə stadionu doldurdular, komandamızı sona qədər dəstəklədilər. Biz də hər bir azarkeşimizin arxasında sona qədər dayanacağıq.

 

- Gömrük Hospitalına aparılan azarkeşlə əlaqə saxlamısınızmı?

- Bəli, klubun həkimi də onunla gedib. Ciddi bir problem yoxdu. Hər ehtimala qarşı xəstəxanaya göndərdik. Əlaqə saxlayırıq.

 

- Transfer üçün danışıq apardığınız futbolçunun kimliyini açıqlaya bilərsinizmi?

- Bir yarımmüdafiəçi ilə danışırıq. Danışıq futbolçu tərəfindən uzadılır. Gözləyirik. Legionerdi, sizə tanışdı, amma adını deməyəcəm.

 

- Bu qədər legionerləri cəlb edirsiniz. Amma çempionatda da müəyyən limit var. Bəs sonra onlar oynamadıqca problem yaranmayacaq?

- Qışda bəzi futbolçularla anlaşmamız başa çatacaq. Qalıb-qalmayacaqlarını bilmirik. Onlar getsə, yarana biləcək boşluğu doldurmaq üçün indidən işlər görürük.

 

- Yeni mövsümdə komandanın hədəfi çempionluq uğrunda mübarizə aparmaq olacaq. Bu heyəti yetərli sayırsınızmı?

- Sayıram. Heç bir rəqibə zəif komanda kimi baxmıram. Amma etiraf edək ki, çempionatımızda rəqabət də zəifləyib. Bu baxımdan komandanı bundan artıq gücləndirməyin yeri yoxdu.

 

- Yayım hüququ CBC kanalına verildi. Onlar isə hələlik paytaxtda keçiriləcək oyunları yayımlayacaqlar. Bu sizi narahat etmir?

- Əgər bu şəkildə göstərəcəklərsə, buna dəyməz. Qəbələdəkilər, onsuz da, komandanın oyununu izləyəcəklər. Amma biz istəyirik ki, bütün ölkə çıxışımızı izləsin.

 

- Ola bilərmi, gələcəkdə yayım hüququnu geri alasınız?

- Biz yayım hüququnu öz razılığımızla PFL-ə vermişik. Klublar Komitəsinin iclasında belə qərara gəldik ki, yayım hüququ yenidən klubların özlərinə verilsin, özümüz nəsə fikirləşək, tender elan edək. İş elə alındı ki, tenderi AFFA və PFL həyata keçirdi. İndiki variantda bunu geri almağımız düzgün çıxmaz.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR