Azərbaycanda bütün orta təhsil müəssisələrində uşaqların məktəbəqədər hazırlığı təşkil olunacaq

Azərbaycanda bütün orta təhsil müəssisələrində uşaqların məktəbəqədər hazırlığı təşkil olunacaq
13:58 26 Yanvar 2015
465 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 1-ci sinfə gedəcək uşaqların məktəbəqədər hazırlığı məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, bu istiqamətdə müəyyən işlərin aparılması nəzərdə tutulur.

Məktəbə hazırlığın çox vacib məsələ olduğunu xatırladan A.Әhmədov qeyd edib ki, əsas məsələ uşaqların eyni bacarıq və səriştə ilə məktəbə qədəm qoymasıdır.

Onun sözlərinə görə, uşaqların məktəbə hazırlığı bir qayda olaraq, məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. Ancaq bu gün mövcud məktəbəqədər müəssisələrin hamısında məktəbəhazırlıq qrupları yoxdur: "Bakının seçilmiş 89 məktəbində məktəbə hazırlıq qrupları yaradıldı. Gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Amma nəzərə almaq lazımdır ki, hər hansı yeniliyə keçməzdən əvvəl mövcud vəziyyət təhlil olunmalıdır. Xüsusilə kəndlərdə məktəbəqədər yaşlı uşaqların sayı, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu təhlil edilməlidir. Sözsüz ki, müəyyən tədbirlər həyata keçirməliyik. Hazırda ən doğru yollardan biri məktəbəqədər hazırlığın məktəblərdə təşkil olunmasıdır".

Qeyd edək ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsilin 1 il icbari olması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR