Tibbimizin sığorta xəstəliyinə əlac tapılmır

Tibbimizin sığorta xəstəliyinə əlac tapılmır
12:52 7 Avqust 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bir çox inkişaf etmiş ölkələrdə vətəndaşların tibbi sığortasının olması onların işini xeyli yüngülləşdirir. Tibbi siğortanın olması, eyni zamanda səhiyyənin inkişafına da dəstək olur. Azərbaycanda isə "Tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul olunub. Qanuna əsasən, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi formasıdır. Sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir. Əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.

Qanunun qəbul olunmasından 15 il keçməsinə baxmayaraq, tibbi siğorta hələ də gecikir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Elman Mehdiyev jurnalistlərə müsahibəsində bildirib ki, icbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradılıb: "Bu qərar artıq Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclasında qəbul olunub. İclasda səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub". 

"İnsan infarkt olur, müalicə etdirə bilmir"

Həkim Adil Qeybulla "Bizim Yol"a açıqlamasında bildirdi ki, tibbi sığorta tibbi xidmətin xüsusi növlərindən biridir. Əgər Azərbaycan vətəndaşlarının sosial müdafiəsindən söhbət ediriksə, onun mühüm göstəricilərindən biri - tibbi siğortasının olmasıdır: "Baxmayaraq ki, 1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tibb siğortası haqqında qanun layihəsi imzalanıb, ancaq indiyə kimi qüvvəyə minməyib. Bunun qüvvəyə minməməsi isə təbii ki, çox böyük narahatçılıq doğurur. Bu gün səhiyyə sistemində olan bütün çatışmazlıqlar - xəstə ilə həkim arasında olan anlaşılmazlıqlar, problemlər əslində icbari tibbi siğortanın olmamasından qaynaqlanır. İcbari tibb sığortası olacağı təqdirdə vətəndaşlar ən əsası təxirəsalınmaz yardımdan və doğuşdan sığortalanırlar. Yəni, sığorta bu sistemi örtür. Avtomobil qəzasına düşən, bədbəxt hadisəyə düçar olan, qanaxması olan, qarın boşluğunda kəskin cərrahi problemləri olan və s. kimi təxirəsalınmaz yardım tələb edən bütün xəstəliklər sığortanın prinsipində olmalıdır. Demək insan infarkt olur, gedib müalicə etdirə bilmir. Çünki bu müalicə həddindən artıq baha olur. Bu qəfildən baş verən proses olduğu üçün icbari sığortanın fəaliyyət dairəsində olmalıdır. Doğuş - təbii artımla bağlı olan məsələdir. İnsanlar bununla bağlı çətinlik çəkməməlidirlər. Sığortanın naliyyətlərindən bəhrələnməlidirlər".

A.Qeybullanın fikrincə, icbari tibbi sığorta bəzi uzun diaqnostik prosedurları da əhatə edə bilər. Qalan məsələlər - vərəm kimi xəstəliklər dövlət proqramı çərçivəsində araşdırıla bilər: "Ancaq icbari tibb sığortası vətəndaşın ən çox ehtiyacı olduğu sahələri əhatə edir. Bu gün, məsələn, dərmanların qiymətləri ilə bağlı müxtəlif söhbətlər gedir, dövlət buna müdaxilə edir. Ancaq bütün dərmanların - ağrıkəsicilərin, antibiotiklərin və digər dərmanların, hansıları ki vətəndaş gündəlik tələb edir, onların icbari tibb sığortaya daxil edilməsi insanların işini bir xeyli asanlaşdıra bilər. O ki, qaldı müxtəlif bahalı dərmanlar, hansılar ki kosmetik vasitələrdə, plastik cərrahi əməliyyatlarda istifadə olunur, onların qiymətini azaltmağa ehtiyac yoxdur. Çünki onlar icbari tibbi sığortanın fəaliyyətindən kənar hesab olunur. Tibbi sığorta o sahələri əhatə edir ki, insanların birbaşa ona ehtiyacı var".

"Bəzi qüvvələr qanunun tətbiqinə imkan vermir"

Ekspert deyir ki, vətəndaşlar bir neçə qayda əsasında siğortalana bilər: "Birinci qrupa daxil olan insanlar maaşı olmayan, işləməyən, dövlət himayəsində olan insanlar ola bilər ki, onlar da dövlət hesabına siğortalana bilər. Yəni bu insanların tibbi xərclərini dövlət çəkir. İkinci kateqoriyaya daxil ola biləcək insanlar isə gənclərdir, hansı ki, əmək brijalarında qeydiyyatdadırlar. Təəssüf ki, bu praktika hələ yoxdur. Onlar əmək birjalarının vəsaitlərindən siğortalanırlar. Üçüncü kateqoriyaya isə dövlət sturukturunda, bələdiyyədə işləyən insanlar daxil ola bilər. Onlar da birbaşa maaşlarından sığortalana bilərlər. Dördüncü kateqoriyaya isə məmurlar, iş adamları daxil ola bilər ki, onlar da xüsusi qaydada sığortalana bilərlər. Yəni, bütün Azərbaycan vətəndaşlarının əlində siğortayla bağlı vəsiqə olur. Bu vəsiqə ilə onlar müvafiq xəstəxanalarda tibbi siğortanın verdiyi imkanlardan istifadə edə bilərlər. Bununla da həkimlərin maaşı siğortaya bağlı olaraq dəyişir. Yəni onlar bugünkündən 8-10 dəfə çox maaş alır, xəstə həkim arasında neqativ münasibət, xəstələrin narazılığı aradan qalxır. İcbari tibbi sığortanın indiyə kimi tətbiq olunmamasına, mən belə başa düşürəm ki, ayrı-ayrı sturukturlar, qüvvələr koorporativ maraqları üşün imkan vermirlər. Ancaq hesab edirəm ki, buna siyasi iradə lazımdır və məsələ öz həllini tapmalıdır. İcbari tibbi siğorta qüvvəyə mindikdən sonra isə könüllü tibbi sığorta meydana çıxa bilər. İnsanların, ölkənin iqtisadi imkanları artdıqca buna keçid də mümkündür".

"Bütün region sakinləri Bakıya axışacaqlar"

Millət vəkili Məlahət İbrahimqızı "Bizim Yol"a açıqlamasında bildirdi ki, icbari tibbi sığorta səhiyyə sahəsində böyük bir reformdur: "Bununla bağlı da həqiqətən ciddi işlər görülür. Tibbi siğortaya təkcə xəstələrin dövlət hesabına müalicəsi kimi baxmaq olmaz. Bunun üçün səhiyyədə kompleks işlər görülməlidir. Məsələn, birinci səhiyyənin köklü infrasturukturunun yaradılması. Gördüyünüz kimi, onunla bağlı dövlət səviyyəsində olduqca böyük işlər görülür. Prezidentimiz regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkənin hər bir yerində səhiyyə sahəsində gözəl infrasturuktur layihələri yaradır. Çünki sabah tibbi sığorta tətbiq olunduqda insanlar düşünəcəklər ki, onsuz da tibbi sığortası və daha kənddəki sovetlər dövründən qalmış, uçulmuş dağılmış tibb məntəqəsində öz müalicəsini aparmayacaq. O məcburdur ki, Bakıya gəlsin və klinikaların birində müalicə alsın. Onda təsəvvür edin ki, bütün kənd, regionlar Bakıya gəlməlidir. Onda görün hansı vəziyyət yaranacaq. Bütöv xaos yaranacaq və bunun qarşısında kifayət qədər keyfiyyətli tibbi xidmət etmək də mümkün olmaz. İlk növbədə tibbi siğortanın səmərəli tətbiqinə qaraltı olan məsələlərdən biri səhiyyənin bügünki tələblərə cavab verən infrasturukturun yaradılmasıdır".

M.İbrahimqızının sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün yüksək səviyyəli kadrların yetişdirilməsinə ehtiyac var: "Məsələn rayonların birində icbari tibbi sığortası olan biri həmin rayonda yeni xəstəxananın olmasına baxmayaraq deyəcək ki, Bakıdakı filan klinikada müalicə olunum. Çünki oradakı həkimlər Türkiyədə, Avropada təhsil almış kadrlardır. Bu da xaosun yaranması üçün digər bir səbəbdir. Təsəvvür edin, bölgənin bütün insanalrı kadr məsələsinə görə Bakıya gələcək. Digər bir məsələ isə dərman təchizatı ilə bağlıdır. Ona görə bəzən mətbuatda tibbi sığortanın niyə gec tətbiq olunması ilə bağlı qeyri-obyektiv müzakirələr gedir. Tibbi siğortanın tətbiqi üçün yüksək səviyyəli infrasturukturun yaradılması, kadrların yetişdirilməsi və dərman təchizatı məsələləri gündəmdədir. Bu yaxında bilirsiniz ki, prezidentin tapşırığı və Əli Əhmədovun rəhbərliyi ilə dərman təchizatı ilə bağlı yəni onların keyfiyyəti, qiyməti ilə bağlı xüsusi komissiya yaradıldı. Bütün bunlar hamısı tibbi siğortaya yönəlik məsələlərdir. Tibbi siğorta ilə bizim aramızda çox az bir məsafə var".

"Ağırlıq büdcənin üzərinə düşəcək"

Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibb sığortanın şərtləri, təqribən də olsa, müəyyənləşib. İlkin şərtlərə görə, əmək qabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işə götürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olunacaq.  Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyələşmə mənbələri də dəqiqləşib. Fins.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini Əli Əhmədov rəsmi mətbuata müsahibəsində məlumat verib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün eyni adlı fond yaradılacaq - İcbari Tibbi Sığorta fondu. Bura vəsaitlər 3 mənbədən daxil olacaq: dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan. Baş nazirin müavini bildirib ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək.
 

"Bizim Yol"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR