“Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri ilə görüş keçirilib (FOTOLAR)

“Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində  2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri ilə görüş keçirilib (FOTOLAR)
13:36 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə yenilik və innovativ dəyişikliklər təşviq edilir, yeni və mütərəqqi ideyaların reallaşması üçün hər bir dəstək göstərilir.

Bu günlərdə azərbaycanlı tələbələrdən ibarət startapçıların nüfuzlu beynəlxalq müsabiqədə qalib gəlməsi ölkəmizdə gənclərin innovativ biliklərinin inkişafı üçün yaradılan şəraitin nəticəsidir.

Belə ki, Azərbaycan Respublikası Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin “Microsoft Azerbaijan” şirkəti ilə birgə start verdiyi “Microsoft Imagine Cup” innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş “NoObs” komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş final mərhələsində də uğurla təmsil edib.







 “NoObs” komandası tərəfindən “Bluetooth-tənzimçilərin dəsti”, eyni zamanda “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi təqdim edilmiş və həmin layihə müsabiqədə 2-ci yeri tutmuşdur. Gənclərin İKT  sahəsinə marağının artırılması və əməyinin qiymətləndirilməsi üçün  “Microsoft” şirkəti tərəfindən tələbələr arasında keçirilmiş “Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovla görüşüb.







Nazir Bakı Dövlət və Xəzər universitetlərinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət “NoObs” komandasının bu mötəbər müsabiqənin “İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi “Spinal” layihəsini yüksək qiymətləndirmiş və qalib komandanı təbrik edib.
 



 


Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk dəfə təmsil olunaraq belə yüksək nəticə əldə etməsindən məmnunluğunu ifadə edən nazir yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə bundan sonra da istənilən dəstəyin göstəriləcəyini qeyd edib.  

Məlumat üçün bildirək ki, sözügedən müsabiqə ənənəvi olaraq üç kateqoriya üzrə keçirilib: “Dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr”, “Oyunlar” və “İnnovasiyalar”.
Azərbaycanlı tələbələrin “Spinal” layihəsinin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. “Microsoft Imagine Cup 2015” kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi “Microsoft” şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edilib.







Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək “Microsoft Windows” platformalarında tətbiq etmək, innovativ proqram layihəsi hazırlamaq və yaxud “Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır.
 
Nazir Əli Abbasovun əmrinə əsasən  “NoObs” komandasının üzvləri fəxri fərmanla təltif edilmişdir.


Sonda  mükafatçılara fəxri fərman və pul mükafatları təqdim edilib.
 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38093-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR