Qubad İbadoğlu: Növbədənkənar qurultayın keçirilməsini istəyən üzvlərin sayı getdikcə artır (MÜSAHİBƏ)

Qubad İbadoğlu: Növbədənkənar qurultayın keçirilməsini istəyən üzvlərin sayı getdikcə artır (MÜSAHİBƏ)
14:08 26 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun Trend-ə müsahibəsi

- Qubad bəy, sizin tərəfdarınız olduğu deyilən Ənvər Əhmədin Müsavat Partiyasından çıxarılması ilə bağlı məlumat yayılıb. Sizcə, Ənvər Əhməd hansı səbəblərdən partiyadan xaric edilib?

- Ənvər Əhmədin Müsavat Partiyasından çıxarılması onun tənqidi fikirlərinə görə olub. Yəni partitya rəhbərliyi Ənvər Əhmədin tənqidi fikirlərinə, azad sözə dözümsüzlük nümayiş etdirib və belə bir addım atıb. Düşünürük ki, bu da nizamnamə pozuntusudur və Ənvər Əhmədin hüquqlarının qorunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

- ADR Hərəkatının təsis edilməsi istiqamətində hansı işlər görülür?

- Artıq 14 rayon təşkilatında təşəbbüs qrupu yaranıb və bu proses davam edir. Biz planlaşdırırıq ki, yaxın bir ay ərzində rayonlar üzrə təşəbbüs qruplarının sayını ölkə ərazisinin 1/3-i səviyyəsinə qaldıraq və gələn ayın sonuncu 10 günlüyündə təsis toplantısı keçirək. Təsis konfransında hərəkatın fəaliyyət proqramını, 2015-2018-ci illər üçün strateji planını və nizamnaməsini qəbul edəcəyik.

- Belə söhbətlər var ki, Hərəkatın yaranması Müsavat Partiyasının qurultayından narazı qalan və partiya daxilində fraksiya yaratmaq istəyən üzvlər arasında çaşqınlığa səbəb olub. Yəni, üzvlər Hərəkata və ya fraksiyaya getmək barədə qərar qəbul etməkdə çətinlik çəkirlər.

- Bunlar ayrı-ayrı məsələlərdir. Biz Müsavat daxilində fraksiyanın yaradılmasının tərəfdarı olmamışıq. Fraksiyanı biz formalaşdırmırıq və bizim tərəfdarlarımız da orada iştirak etmirlər. Bizim fraksiya yaratmaqla bağlı müzakirələrimiz onunla yekunlaşdı ki, tərəfdarlarımız partiya daxilində fəaliyyətlərini davam etdirsinlər və indi də partiya daxilində fəaliyyətimizi davam etdiririk. Mən də bundan sonra partiyanın nizamnaməsi və proqramına uyğun olaraq fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Bu baxımdan deyilənlərlə razı deyiləm. Ümumiyyətlə, hərəkatın Müsavat Partiyası ilə əlaqəsi yoxdur. Hərəkatda həm müsavatçılar, həm də digər siyasi partiyaların üzvləri təmsil olunurlar və bu da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Başqa ictimai birliklərdə təmsil olunan yüzlərlə müsavatçı var.

- Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi ilə bağlı fəaliyyətiniz davam edir?

- Bəli, bununla bağlı iş gedir. Hazırda patiya üzvləri arasında müzakirələrimiz davam edir və bu fikri dəstəkləyənlərin sayı getdikcə artır. Bilirsiniz ki, bu məsələ müəyyən zaman tələb edir və zamanı gələndə bununla bağlı da açıqlamalarımız olacaq.

- Bir sıra üzvlər bildirirlər ki, Müsavat Partiyasının hazırkı rəhbərliyi növbədənkənar qurultay keçirmək arzusunda deyil. Belə olan halda partiya Məclisinin növbədənkənar qurultay keçirməyə razılaşması nə dərəcədə real görünür?

- Partiya nizamnaməsinə görə, əgər Məclis üzvlərinin 1/3-i, yaxud rayon təşkilatlarının 1/5-i təşəbbüs göstərirsə, bu, Məclis qarşısında başqa alternativ qoymur və Məclis sadəcə olaraq bu müraciəti qəbul etmək məcburiyyətində olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR