Tuyqun Nadirov: "Klub rəhbərləri polislərlə görüşəcək"

Tuyqun Nadirov: "Klub rəhbərləri polislərlə görüşəcək"
15:52 7 Avqust 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Klublar Komitəsinin baş tutan iclasından sonra, sədr vəzifəsini icra edən Tuyqun Nadirov jurnalistlər üçün brifinq keçirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın vitse-prezidenti daha çox teleyayımla bağlı məsələlərin müzakirə olunduğunu bildirib. 

- Tədbirdə "Qarabağ" niyə təmsil olunmurdu?
- Onların başı avrokuboklara qarışıb. Bunu anlayışla qarşılayırıq. "Qarabağ" rəhbərliyini müzakirə olunan məsələlər barədə məlumatlandırmışdıq.

- İclasda müzakirə olunan məsələlər barədə məlumat verərdiniz.
- Bu, cari mövsümdə ilk yığıncağımız idi. Gələcək planları müzakirə etdik. Bildiyiniz kimi, Premyer Liqaya yeni 3 klub qoşulub. Onlara uğurlar arzuladıq. Bir növ tanış olduq. Əminəm ki, onlar gələcək tədbirlərimizdə sadəcə iştirakçı yox, fəal təkliflər verən klublar kimi fəaliyyət göstərəcəklər. Eyni zamanda, teleyayım məsələləri də öz həllini tapıb. CBC kanalı tenderdə qalib gəldi. Söhbət hansı məbləğin klublara paylanmasından getmir. Əsas odu ki, sivil qaydada məsələni həll etdik. CBC kanalı ən müasir texnologiyalardan istifadə edəcək və bu, hər birimizi sevindirir.

- "Topaz"ın Premyer Liqanın sponsoru olacağı dəqiqləşib. Məlum olduğu kimi, klublar adlarından istifadə olunduğu üçün, bu şirkətdən vəsait tələb edirdilər. İndi vəziyyət necə həll edildi?
- Belə bir şərti bölgü apardıq. Teleyayım hüququnun satışına görə əldə edilən vəsait klublara paylanacaq, "Topaz"dan gələn gəlir isə PFL-ə veriləcək. Əsas odu ki, hamımız futbolun sivil qaydada inkişafını istəyirik.

- Dünən "Qəbələ"nin avrokubok qarşılaşmasında da gördük ki, polis-azarkeş münasibətləri olduqca pis vəziyyətdədi. Ölkə çempionatında da polislər futbolsevərləri incidirlər. Bu məsələ müzakirə olundumu? Olundusa, nə kimi qərarlar qəbul edildi?
- Futbolun bəzəyi azarkeşdi. Hər birimiz bu məsələyə həssas yanaşmalıyıq. Belə qərara aldıq ki, hər klub daim müraciət etdiyi polis bölməsinin ən yüksək rütbəli şəxsləri ilə görüş keçirsin və məsələnin ən yaxşı həllinə çalışsın.

- Çempionatın startına 2 gün qalıb. Bu görüş avqustun 9-dək baş tutacaqmı?
- Bura toplaşan klub rəsmiləri bərabərhüquqlu şəxslərdi. Heç kimə əmr edə bilmərik bunu. Ancaq qərara alınıb ki, klub prezidentləri sözügedən polis bölməsinin rəhbərləri ilə çempionatın startına qədər görüşsünlər.

- "Böyük oyun"da qonaq komandanın azarkeşlərinin iştirakının təmin edilməsi ilə bağlı müzakirələr oldumu?
- Bu yığıncaqda olmadı. Bir neçə iclas əvvəl belə bir müzakirələr aparılmışdı. Düşünürəm ki, növbəti iclasların birində yenidən məsələyə qayıdılacaq. Hesab edirəm ki, baş verən hadisələrdən xeyli vaxt ötüb və bu gün həm "Neftçi", həm də "Xəzər Lənkəran" fanatları səfər oyunlarında komandalarını dəstəkləyə bilərlər.

- Oyunların başlama saatı da müzakirə mövzusudu. Razılaşın ki, iş günündə oyunu gündüz saatına salmaqla, tribunaların boş qalmasını təmin edirsiniz.
- Oyunun saatını televiziya ilə PFL müəyyənləşdirir. Ancaq sizinlə razıyam ki, iş günündə oyunları axşam saatlarına salmaq lazımdı. Çünki insanlar işdən gəldikdən sonra stadiona dincəlməyə gedirlər. İstirahət günlərində isə hava şəraiti imkan verdiyi təqdirdə, qarşılaşmaların başlama saatının erkən vaxtlara salınması problem deyil. Məsələn, İngiltərədə hətta gündüz 12-də də oyunlar başlayır. Bu təbiidi.//futbolinfo.az

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotklub-rhbrlri-polislrl-goruckquot-t43087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR