Qarabağı erməni daşnaklarından təmizləyən görkəmli sərkərdə

Qarabağı erməni daşnaklarından təmizləyən görkəmli sərkərdə
16:28 7 Avqust 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 7 avqust, Rauf Əliyev, AZƏRTAC
Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Naxçıvan şəhərində yerləşən muzeylərinin əməkdaşlarının iştirakı ilə Naxçıvan şəhərindəki Cəmşid Naxçıvanskinin ev-muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görkəmli sərkərdənin 120 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə ev-muzeyinin direktoru Zeynəb Heydərova muzeyin Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar 1981-ci ildə onun yaşadığı evdə yaradıldığını bildirib.
Zeynəb Heydərova qeyd edib ki, muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət 6 minə yaxın eksponat qorunub saxlanılır. Həmin eksponatlardan minə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Bunlar içərisində C.Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə aid sənədlər, 1918-1920-ci illərdə milli orduda hərbi xidmətləri, 1921-1931-ci illərdə Azərbaycan ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotoşəkillər, eləcə də 1931-1933-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.
Muzeyin baş elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Gülnaz Hüseynova görkəmli sərkərdənin həyatı barədə danışaraq bildirib ki, Cəmşid xan Naxçıvanskinin mənsub olduğu Kəngərli tayfasının əksəriyyətinin hərbçi, xüsusilə süvari döyüşçü olması, həmçinin atası Cəfərqulu xanın və əmilərinin tanınmış hərbçi sərkərdələr kimi şöhrət qazanmaları, onun bu sahəyə marağını artırıb. 1914-cü ilin martında Cəmşid xan Tiflis Kadet Korpusunda yeddiillik təhsilini başa vurub. 1914-cü il avqustun 1-də Yelizavetqrad Süvari Hərbi Məktəbində təhsilini davam etdirib.
“1920-ci ildə Naxçıvanski ikinci Qarabağ süvari polkunun komandiri təyin edilib. Ona Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizləmək vəzifəsi tapşırılır. Cəmşid xan həmin il aprel ayının 12-dək Ağdamı və Xankəndini, eləcə də Şuşanı erməni quldurlarından təmizləyib. C.Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradıb və həmin diviziyaya komandir təyin olunub”, - deyən Gülnaz Hüseynova qeyd edib ki, 1923-cü ildə Moskvadakı fəhlə-kəndli ordusunun Hərbi Akademiyasına birillik kursa oxumağa göndərilən Cəmşid xan yenidən Bakıya qayıdıb atıcı diviziyasına komandirlik edib. 1931-ci ildən isə Frunze adına Hərbi Akademiyanın xüsusi qrupunda təhsilini davam etdirib. Sonra isə həmin akademiyanın ikinci kurs rəisi kimi yüksək vəzifədə çalışıb. Lakin ötən əsrin 30-cu illərinin repressiya burulğanı Cəmşid Naxçıvanskidən də yan keçməyib. 1938-ci ildə antisovet millətçisi, sovet hökumətinin düşməni kimi qondarma ittihamlarla həbs edilərək güllələnib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova, Ədəbiyyat Muzeyinin direktoru Aləmzar İbrahimov, Cəmşid Naxçıvanskinin ev-muzeyinin keçmiş əməkdaşı Məmməd Şimiyev qeyd ediblər ki, görkəmli hərb xadiminin adı xalqına ulu öndərimiz Heydər Əliyev tərəfindən qaytarılıb. 1971-ci ildə Moskvanın əsassız cəhdlərinə baxmayaraq, Bakı şəhərində respublika hərbi təyinatlı orta internat məktəbi yaradılıb və Cəmşid Naxçıvanskinin adı bu məktəbdə əbədiləşdirilib. Sonralar bu məktəb hərbi liseyə çevrilib. Böyük sərkərdənin adına indi ölkəmizdə hərbi lisey, ev-muzeyi və tam orta məktəb var. Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli sərəncamları bu görkəmli şəxsiyyətin, hərb xadiminin həyat və fəaliyyətinin öyrənilməsində növbəti addımdır.
Vurğulanıb ki, Kəngərli tayfasının onlarla görkəmli siyasi və hərbi xadimləri arasında Cəmşid Naxçıvanskinin şərəfli həyatı maraqlı məqamları ilə seçilir. Sərkərdənin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Sonda tədbir iştirakçıları sərkərdənin ev-muzeyindəki eksponatlarla tanışlıq olublar.
 






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabagi_ermeni_dasnaklarindan_temizleyen_gorkemli_serkerde-876083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR