Britaniyanın Azərbaycandakı səfiri Lənkəran şəhər dini icmasının nümayəndələri ilə görüşüb

18:08 7 Avqust 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərinin Böyük Bazar “Cümə” məscidi dini icmasının nümayəndələri ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsciddə səfiri qurumun cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi qazı Sədi Axundzadə qarşılayıb.
Diplomata dini icmanın fəaliyyəti, dindarlar üçün yaradılan şərait barədə məlumat verilib, onu maraqlandıran suallar cavablandırılıb. Səfir Azərbaycanda mövcud dini tolerantlıq mühitinin bariz nümunəsini səfər etdiyi bölgədə şəxsən müşahidə etməkdən məmnunluğunu bildirib.
QMİ-nin nümayəndəsi ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də dinlər və məzhəblər arasında münasibətlər müstəvisində heç bir problem yaşanmadığını, dindarlar arasında qarşılıqlı etimad və ehtiram ruhunun hökm sürdüyünü bildirib. O vurğulayıb ki, Azərbaycan dövlətinin tolerantlıq və multikultural həyat tərzini ən yüksək səviyyədə dəstəkləməsi və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin bu yöndə əməli fəaliyyəti ölkədə ənənəvi olaraq mövcud olmuş bu ali mənəviyyat nümunəsinin daha da dərinləşməsinə, möhkəmlənərək bütün dünya üçün örnək səviyyəsinə qalxmasına gətirib çıxarıb.
S.Axundzadə mütərəqqi dəyərlər aşılayan İslam dininin bəzən məkrlə, qərəzlə təhrif olunmasını təəssüflə bildirərək hər zaman əsl İslam həqiqətlərinin təbliğinin vacibliyini vurğulayıb. O, bu məqamın QMİ-nin fəaliyyətində prioritet səciyyə daşıdığını vurğulayıb, maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vüsət alan mənəvi irsin dirçəldilməsi prosesi, ölkəmizin iqtisadi qüdrəti artdıqca dini mənəviyyat abidələrinin tikinti və bərpası dövlətin bu sahəyə diqqət və qayğısının miqyasının artmasında özünü büruzə verir. Dini-mənəvi dəyərlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanması prosesində böyük rol oynadığına diqqəti çəkən QMİ-nin nümayəndəsi deyib ki, cənub bölgəsində radikalizm, ekstremizm təzahürlərinin yaranması üçün heç bir zəmin yoxdur. Dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dindarların mənəvi tələbatlarının ödənilməsi üçün hər cür şəraitin olması, sosial rifah və sabitlik şəraitinin hökm sürməsi neqativ halların qarşısını alır.
Səfirə Lənkəran şəhər Böyük Bazar “Cümə” məscidi barədə də ətraflı məlumat verilib.
Görüşdə İ.Siddiq İslam dininin demokratik dəyərlər daşıyıcısı olduğunu qeyd edib. O, yüksək ideallar - sülh, əmin-amanlıq, qardaşlıq və elm təlqin edən İslamın düzgün təqdim olunmasının böyük önəm kəsb etdiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_Azerbaycandaki_sefiri_Lenkeran_seher_dini_icmasinin_numayendeleri_ile_gorusub-876120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR