Allahşükür Paşazadənin vədi

Allahşükür Paşazadənin vədi
14:38 26 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

"Bu gün Azərbaycanın dünyada tanınması və inkişaf etməsi 20 yanvar günü tökülən qanların hesabınadır. Biz o günləri yaddan çıxarmamalıyıq. Allah-təala bizə o günü faciə kimi yox, Azərbaycanı təcavüzdən qorumaq üçün göndərdi. Biz də onu dərk elədik. Azərbaycan övladları əliyalın qoşunların qarşısına çıxaraq Azərbaycanın qan yaddaşını yazdılar. Lakin 25 ildir ki, 20 yanvar faicəsi hələ də öz tam qiymətini almamışdır. Xüsusən Azərbaycana İslam fundamentalizmi damğası vurmaq istəyirdilər. Azərbaycan göstərdi ki, tolerant ölkədir və İslamdan ədavət üçün yox, dostluq və birlik üçün istifadə etdilər". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə bu gün QMİ-nin "Böyük konfrans zalı"nda 20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbiri zamanı deyib.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, dövlət rəsmiləri, Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Şəhidlərin ruhları üçün İslam, xrsitian və yəhudi dininin qaydalarına uyğun dualar oxunduqdan sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş, dörddə bir əsr müddətin bizləri ayırdığı 20 Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaqdır: "Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməzdir".

Bütün Qafqazın şeyxi xüsusi vurğulayıb ki, bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib: "20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.

Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı. Beləliklə, 20 Yanvar xalqımızın birlik və vəhdətini təcəssüm etdirən məqama çevrildi. Qafqaz Müsəlmanları İdarəsi xalqımızın ağır ğünlərində faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri oldu, hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili – bunlar QMİ-nin fəaliyyətinin yalnız görünən tərəfiydi. O məqamda İdarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və xalqa həqiqi mənəvi dəstək oldu".

A.Paşazadə qeyd edib ki, QMİ qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışıb ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin. Dini lider olaraq, zamanında SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini nümayiş etdirmiş şeyxülislam təəssüf etdiyini bildirib ki, 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb: "Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini — M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də vardır. QMİ bugünədək hər il - 20 Yanvarın hər ildönümündə dünya ictimaiyyətinə ünvanlı bəyanatlarında təkidlə bunda israr edir".

Şeyxülislam vurğulayıb ki, məhz Azərbaycan xalqının böyuk oğlu Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra 20 Yanvar faciəsi əsl hüquqi-siyasi qiymətini aldı. 1994-cü ilin mart ayının 29-da Azərbaycan parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Şeyxülislam bildirib ki, şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir: "Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaqdır, inşallah. Bəzi insanlar bilmirlər ki, bizim müstəqilliyimiz əbədidir. Azərbaycan inşəallah əbədidir və həmişə yaşayacaqdır. Bunu ümummilli lider Heydər Əliyev də vaxtilə bəyan edib. Bu gün Prezident İlham Əliyev çalışır ki, Azərbaycanı dünyada layiqincə tanıda bilsin".

Onun sözlərinə görə, tədbirin bu gün - yanvarın 26-na təyin edilməsinin səbəbi 1990-cı ilin məhz bu günü Bakıdan sonra şəhidlərin Lənkəranda, Cəlilabadda dəfn edilməsi ilə bağlıdır.

Tədbirdə çıxış edən 20 Yanvar faciəsi şəhidlərinin ailə üzvləri öz ürək sözlərini bildirdilər. Tədbirdə QMİ tərəfindən onlara maddi yardım göstərilib, hər zaman Azərbaycan dövlətinin və xalqının diqqət və qayğısının onların üzərində olacağı bildirilib.

Tədbirdə “Qanlı Yanvar” filmi təqdim edilib. Filmə baxışdan sonra onun müzakirəsi zamanı QMİ sədri filmin ərsəyə gəlməsini yüksək dəyərləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR