Nazir göstəriş verdi (FOTO)

Nazir göstəriş verdi (FOTO)
14:46 26 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son bir ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3937 nəfər azalıb".

ANS PRESS-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tam reabilitasiya olunanların sayı 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib: "Ümumilikdə tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. Ötən il Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi hazırlanıb. Bu sistem əlillik müayinəsi və bu müayinənin nəticələri barədə məlumatların elektron mübadiləsini həyata keçirməyə imkan verir. Ümumiyyətlə bu il əlillik təyinatlarının tam avtomatlaşdılması üçün də bir sıra mühüm addımlar atılacaq".

S.Müslümov əlavə edib ki, 2014-cü ildə əlilliyi olan şəxslər 26 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 577 ədəd əlil arabası, 519 ədəd eşitmə aparatı ilə təmin olunub. Habelə 7837 nəfərə bərpa-müalicə xidməti göstərilib, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə ixtisaslaşmış müalicə kursu keçməsi təşkil edilib.

Ötən il məşğulluq xidmətinə iş üçün müraciət edənlərin 62 faizinin, yəni 29440 nəfərin münasib işlə təmin edildiyini, 3786 nəfərin peşə hazırlığı kurslarına, 1605 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu diqqətə çatdıran nazir eyni zamanda “Məşğulluq haqqında” Qanunun tələblərini yerinə yetirməyən 207 işəgötürənə qarşı cərimələr tətbiq edildiyini, bu cərimələrin 93,6 faizinin artıq dövlət büdcəsinə ödənildiyini qeyd edib.

Sosial müdafiə əhəmiyyətli yeni obyektlərin inşasından söz açan S.Müslümov bildirib ki, bu il Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşmış Sosial Reabilitasiya Mərkəzi və Sosial sığınacaq, Qobustan rayonunda Penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək.

Bu obyektlərin məqsədyönlü fəaliyyəti üçün qabaqcıl beynəlxalq təcrübədən maksimum istifadə olunacaq: “Prezident İlham Əliyev respublika hökumətinin son iclasında bir daha bəyan etdi ki, 2015-ci ildə ölkəmizdə bütün sosial proqramlar tam həcmdə təmin ediləcək. Cari ildə bizim qarşımızda dayanan başlıca vəzifə də bu proqramların yüksək səviyyədə və dövlətimizin inkişafına layiq şəkildə icrasına öz dəyərli töhfələrimizi verməkdir”.

Kollegiya iclasında ƏƏSMN-nin fəaliyyət sahələrinə dair hesabatlar təqdim edilib. Aparılan müzakirələr zamanı görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan da bəhs olunub. İclasda fəaliyyətlərində nöqsanlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub və nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.











Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR