Yaponiya İordaniya ilə yapon girovun azad olunması barədə müzakirələr aparır

Yaponiya İordaniya ilə yapon girovun azad olunması barədə müzakirələr aparır
14:58 26 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 26 yanvar, AzərTAc
Yaponiya hökuməti İordaniyanın hakimiyyət orqanları ilə yapon girov Kenzi Qotonun azad olunmasına yardım göstərilməsi üçün sıx əlaqə saxlayır.
Yanvarın 26-da xarici işlər naziri Fumio Kişida jurnalistlərə bildirib ki, o, İordaniyada olan xarici işlər nazirinin müavini Yasuhide Nakayamanın rəhbərlik etdiyi qrupla daimi əlaqə saxlayaraq yapon girovun azad olunmasına çalışır.
F.Kişida İordaniya tərəfi ilə aparılan danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.
Yanvarın 25-də NHK televiziya kanalına müsahibə verən Baş nazir Şinzo Abe bildirmişdi ki, hökumət İordaniyadan kifayət qədər məlumat alır və bu ölkə ilə yaxşı əlaqələrə malikdir.
İordaniyadakı xüsusi qrupun rəhbəri Yasuhide Nakayama da deyib ki, Yaponiya hökuməti Kenzi Qotonu xilas etmək üçün bütün mümkün kanallardan istifadə edəcək. Yanvarın 25-də Əmmanda jurnalistlərlə görüşən Y.Nakayama qeyd edib ki, Yaponiya K.Qotonun azad olunması üçün sonadək mübarizə aparacaq.
Bununla bərabər, İordaniya kəşfiyyatının sabiq əməkdaşı Mahmud əl-Harabşah deyib ki, İŞİD-in yapon girovun azad olunması ilə bağlı son tələbinin ciddi təhlili onun hansı gizli planlarının olduğunu aydınlaşdırmağa imkan verə bilər. “Nə üçün İŞİD İordaniyadan deyil, Yaponiyadan terrorçu qadının azad edilməsini tələb edir”, - deyə soruşan sabiq kəşfiyyatçı bildirir ki, bunun üçün onun əlində həmin ölkənin hərbi təyyarəçisi də var.
Mahmud al-Harabşah qeyd edir ki, ola bilsin İŞİD girov məsələsinə Əmmanı cəlb etməklə Yaponiya ilə İordaniya arasında münasibətləri korlamaq istəyir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR