x
Loading...

"Oliqarxqeyt işi": yeni həbslər başladı

"Oliqarxqeyt işi": yeni həbslər başladı
09:37 8 Avqust 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Bankdan 30 milyon dollar kredit götürən Mingəçevir "İzolit" ASC-nin rəhbəri Mehman Mehdiyev həbs olunub

Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan "Oliqarxqeyt işi" yenidən gündəmin aktual mövzusuna çevrilib. 

Xəbər verildiyi kimi, bir neçə gün öncə iş adamı hacı İbrahim Nehrəmli yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bankdan götürdüyü 450 milyon manatın müəyyən hissəsini qeyri-real layihəni reallaşdırmaq adı ilə "Xəzər Adaları" meqaprojesində batırdığı, böyük hissəsini də xaricdə biznesə, dəbdəbəli maşınlara, təyyarəyə xərclədiyi deyilən  İ.Nehrəmli sorğu-sualdan sonra buraxılsa da, onun ölkədən çıxmasına qoyulan qadağa götürülməyib. Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında hazırda 20-yə yaxın sahibkar saxlanılır. Onların bəzilərini geniş ictimaiyyət tanımır və bu səbəbdən də barələrində informasiya yayılmır.

Saxlanılanların 50 milyon dollardan 340 milyon dollara qədər kredit öhdəliyi var. Ümumiyyətlə, üç aydan artıqdır ki, başlayan və yalnız Avropa Oyunları zamanı nisbətən ikinci plana keçən bu işlə bağlı istintaqda yüzlərlə şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs-qəti imkan tədbiri seçildiyi də gələn məlumatlar sırasındadır.

Azpolitika.info-nun məlumatına görə, Beynəlxalq Bankdan kredit alan hər kəs tədqiqata cəlb edilib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub. Ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq  Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da adları var. Məlumata görə, bu şəxslərin siyahısı istintaqa Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib. 

Qeyd edək ki, bu həftə DİN "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin prezidenti və "Yüksəliş naminə" qəzetinin baş redaktoru Elçin Məmmədin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılması ilə bağlı məlumat yayıb. DİN bəyan edib ki, E.Məmmədin polisə dəvət olunması və ölkədən çıxışına məhdudiyyət qoyulması Beynəlxalq Bankdan götürdüyü və ödəmədiyi pul krediti ilə bağlıdır. Bankın "yoxa çıxan" milyardlarının isə təxminən 25-30 nəfərdə olduğu bildirilir.

Yeri gəlmişkən, ilkin məlumatlarda Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcminin 6-7 milyard manat olduğu bildirilsə də, bunun izahı verilməyib. Məsələ ondadır ki, Beynəlxalq Bankın ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 100 milyon manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş, lakin dəyərsizləşməmiş, 377.7 milyon manatı isə dəyərsizləşmiş kreditlər sayılır.

Təsadüfi deyil ki, Beynəlxalq Bankın ötənilki hesabatına görə, qaytarılma vaxtı keçmiş 1,1 milyard kreditin, demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki, dəyərsizləşmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib və belə fikri də olmayıb.

***
Beynəlxalq Bank işi üzrə daha bir həbs bu günlərdə həyata keçirilib. Mingəçevir "İzolit" ASC İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub. 

Bu barədə AzNews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib. 
Vəkilin sözlərinə görə, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub: "Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılır. O, böyük məbləğdə, təxminən 30 milyon ABŞ dolları kredit götürüb. 17 milyon ABŞ dollarının ödənişini artıq həyata keçirib. 12 milyon 7 min ABŞ dolları məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəssisənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Hansı ki, o avadanlıqlar xarici ölkələrdən gətirilib və qiyməti çox bahadır".

A.Məmmədov qeyd edir ki, M.Mehdiyev özünü təqsirli hesab etmir: "Çünki başqalarından fərqli olaraq girovu var. Müəssisənin 20 milyon dollar civarında qiyməti var".

Vəkil qeyd edir ki, hazırda M.Mehdiyevin səhhətində ağır problemlər yaranıb. M.Mehdiyev əvvəllər enerji sahəsində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin sədri olub.

"Yeni Müsavat"



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR