"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən sayılır. Bu kompleks Ərçivan qəsəbəsinin cənub qurtaracağında, Bakı-Astara magistralının yaxınlığında yerləşir.
Kompleks insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından kibriti suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır. Yerli sakinlərin sözlərinə görə, bulaqdan aramsız axan kükürdlü su, bəzən 5-7 metr hündürlüyə də qalxır. Suyun daha bir möcüzəsi ondadır ki, yanan zaman ondan içəndə orqanizmə heç bir mənfi təsir göstərmir. Laborator müayinələr də bulağın suyunun müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq edib. Yerli sakinlər də belə deyirlər:
"Bu bulağın tikilməsi 1973-cü ilə təsadüf edir. Su təxminən 80 metr dərinlikdən çıxır. Müalicəvi əhəmiyyətli sudur. Mədə-bağırsaq sisteminə xeyri çoxdur. Hələ o vaxt sudan laboratoriyaya müayinəyə aparılıb. Oradan cavab veriblər ki, bu, içməyə yararlı sudur. Həkimlər xəstələrə məsləhət görürlər ki, gəlib bu sudan içsinlər və mədə-bağırsaqlarında olan problemlər aradan qalxsın".
"Yanar bulağ"a təkcə yerli əhali deyil, xarici səyahətçilər və turistlər tərəfindən də böyük maraq göstərilir.
"Yanar bulaq" haqqında çox eşitmişdim, amma görməmişdim. İndi gəlmişəm, bulağın möcüzəsinə təəccüb edirəm. Nə yaxşı ki, belə sərvəti olan ölkədə yaşayırıq. Şamaxıya qayıdandan sonra təəssüratlarımı hər yerdə danışacaq, Astarada belə bir təbiət möcüzəsinin varlığından söz açacağam".
Yerli sakinlər "Yanar bulağ"ın suyundan təyinatı üzrə istifadə edilmədiyindən təəssüflənirlər:
"Bulağın suyu fasiləsiz axır. Bu sudan təyinatı üzrə istifadə etmək olar. Suyu qablaşdırmaq, burada istehsal müəssisəsi açmaq da olar. Axı, yaxşı sudur, əhəmiyyətli sudur, yerə niyə axsın? Eşitdiyimə görə, bu istiqamətdə tədbir görüləcək. Çox istərdim ki, bu su havayı yerə axıb getməsin. Elə yer var insanlar su problemi yaşayır. Düşünürəm ki, bu suyu qablaşdırsalar insanlara xeyri olar".
Ərçivan qəsəbə sakini Yaşar Hüseynovun sözlərinə görə, "Yanar bulağ"ın suyundan ətirli, dadlı çay dəmləmək mümkündür. Bu kükürdlü su sifətdə olan səpkiləri də müalicə etməyə qadirdir.
Qeyd edək ki, Astara rayonunun turizm marşrutuna daxil edilən "Yanar bulaq" kompleksi həm də yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.