Piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü məsuliyyətə cəlb edilib

15:38 8 Avqust 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 avqust, AZƏRTAC
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü paytaxtın Nəsimi rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, avqustun 7-də saat 04:30-da rayonun A.Mustafayev küçəsi 3007-ci məhəllənin qarşısında naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Bakı sakini 1965-ci il təvəllüdlü Namazov Məzahir Sədi oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yol-nəqliyyat hadisəsinin “VAZ 21725” markalı AZ 04-BL-046 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağcabədi rayonunun Hindarx kənd sakini 1992-ci il təvəllüdlü Rüstəmov Xalıq Allahverən oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Piyadanin_olumune_sebeb_olan_ve_hadise_yerinden_qachan_surucu_mesuliyyete_celb_edilib-876268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR