"Yaxşı olardı ki, Kiprdə üzləşdiyimiz hörmətsizliyi orada görməyək"

"Yaxşı olardı ki, Kiprdə üzləşdiyimiz hörmətsizliyi orada görməyək"
16:47 8 Avqust 2015
75 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasovun azerisport.az saytına müsahibəsini təqdim edir.

- "Qəbələ" Avropa Liqasının pley-off mərhələsində Yunanıstan "Panatinaikos"u ilə qarşılaşacaq. Növbəti rəqibiniz barədə nə düşünürsünüz?

- Güclü komandadır. Amma əminəm ki, rəqibi yaxşı analiz edəcəyik və ən yaxşı şəkildə hazırlaşacağıq.

- Yunanıstan klubu əvvəlki rəqiblərinizdən çox təcrübəlidir. Bu, sizi qorxutmur?

- Rəqibin kimliyinin önəmi yoxdur. Bizim komandada da təcrübəli futbolçular var. Güclü olan qalib gələcək. Bizim üçün vacib olan "Panatinaikos"la oyunlara yaxşı hazırlaşmaqdır.

- "Panatinaikos"la ilk oyunu Cavid Hüseynov da buraxmalı olacaq, siz də. Bu, komandanın oyununa təsir göstərməyəcək?

- Cavidin oynamaması çox pis oldu. Amma əminəm ki, uşaqlar bizim yoxluğumuzu hiss etdirməmək üçün əllərindən gələni edəcəklər. Heyətimizdə kifayət qədər yaxşı futbolçular var. Sadəcə, Cavidin əlavə liderlik keyfiyyətləri də var ki, onun olmaması bir qədər təəssüf doğurur.

- Kiprlə Yunanıstan bir-birinə çox yaxın olan ölkələrdir. Düşünmürsünüz ki, "Apollon"la oyunda baş verən hadisələr Afinada da təkrarlana bilər?

- Bildiyimə görə, "Panatinaikos" azarkeşləri də çox aqressivdirlər. Amma onların bizimlə oyunlar zamanı özlərini necə aparacaqlarını bilmirəm. Yaxşı olardı ki, Kiprdə üzləşdiyimiz hörmətsizliyi orada görməyək. Qalan şeylərin önəmi yoxdur. Biz onsuz da hər şeyə hazırıq.

- Sabah Topaz Premyer Liqasında yeni mövsüm başlayır. Sizi isə ilk turda "Qarabağ"la oyun gözləyir...

- "Qarabağ" haqda nəsə demək artıq olar. Bu komanda öz sözünü həm daxili, həm də xarici arenada deyib. Onların necə güclü olduğunu da hamı bilir. Bu gündən həmin oyunun hazırlığına başlayırıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Qələbəyə oynayacağıq.

- "Apollon"la cavab matçında niyə qırmızı vərəqə aldınız?

- Çox gərgin oyun alındı. Amma biz bütün gücümüzü meydanda qoyduq. Çünki Kiprdə Azərbaycan bayrağına qarşı edilən hörmətsizlikdən sonra buna borcluyduq. Nəticədə layiqli qələbə qazandıq. Hamı yaxşı oynadı. Qırmızı vərəqəyə gəlincə, "Apollon"un futbolçusu ilə mübahisə yarandı. Həmin vaxt onun zərbəsi mənim çiynimə dəydi. Onu özümdən uzaqlaşdırmaq üçün ayağımdan da istifadə etdim. Amma vurmadım. Hakim isə buna görə mənə qırmızı vərəqə göstərdi.

- Buna nə ehtiyac var idi ki? Rəqibin sizi tez-tez təxribata çəkdiyini görmürdünüz? Siz də cəzalı duruma düşdünüz, Cavid Hüseynov da. Yəni, rəqib ən azı bu istəyinə çatdı...

- Həmin epizodda qırmızı vərəqəlik heç nə yox idi. Amma hakim elə qərar qəbul etdi.

- Baş məşqçi Roman Qriqorçuk buna görə sizə bir söz demədi?

- Xeyr. Bu barədə heç bir söhbətimiz olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR