x
Loading...

Tarixi abidələr xalqımızın malik olduğu zəngin mədəni irsdir

Tarixi abidələr xalqımızın malik olduğu zəngin mədəni irsdir
16:08 8 Avqust 2015
299 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Qax rayonundan və onun füsunkar guşələrindən olan İlisu kəndindən ana təbiət heç nəyi əsirgəməyib. Zəngin təbiəti, eyni zamanda, qədim tarixə malik mədəniyyət və memarlıq abidələrinin mövcudluğu rayonda turizmin inkişafı üçün geniş imkanlar açır. Hazırda rayon ərazisində ölkə və yerli əhəmiyyətli çoxlu sayda tarixi abidə vardır. Sovetlər dönəmində bu abidələrin bir qismi baxımsızlıq ucbatından uçub dağılmışdı. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarix-mədəniyyət abidələrinə olan münasibət də kökündən dəyişib.
Xalqımızın malik olduğu zəngin mədəni irsin mühafizəsi, inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas tərkib hissələrindəndir. 2005-ci ildən rayonda fəaliyyət göstərən İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu da məhz mədəni irsimizin qorunmasına xidmət edir.
Qoruğun direktoru Azər Qocayev AZƏRTAC-a müsahibəsində ərazidə yerləşən mədəniyyət və memarlıq abidələrinin mühafizəsi sahəsində görülən işlərdən danışıb. Müsahibimiz bildirib ki, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 50 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Digər 37 abidənin də qeydiyyatı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub. Bu abidələrin bir qismi, o cümlədən “Sumuq qala”, “Ulu körpü” və “Ulu məscid” İlisu sultanlığı dövründə inşa edilib. “Qalaça”, “Bürc qala” və digərləri isə çar qoşunlarının sultanlığı işğal etdikdən sonra inşa edilmiş abidələrdir. Qoruğun direktorunun sözlərinə görə, ərazidə alban dövrünə aid abidələrə də rast gəlmək mümkündür. “Cinli qala”, Ağçay kəndindəki “Oğlan qala-qız qala”, “Kilsə qalıqları” və başqaları belə abidələrdəndir.
Qeyd etmək lazımdır ki, son illər rayon ərazisində yerləşən tarixi abidələrin mühafizəsi və təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir. Qoruğun ərazisində yerləşən XVII-XVIII əsrlərə aid “Sumuq qala” memarlıq abidəsində bir neçə il əvvəl aparılan bərpa işləri buna ən yaxşı nümunədir. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına həyata keçirilən bərpa işləri zamanı qalanın torpaq altında qalan hissəsi və ətrafı qazılaraq üzə çıxarılıb, abidə öz əvvəlki görkəmini alıb. Hazırda “Sumuq qala” rayona gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Xatırladaq ki, xalqımızın malik olduğu mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətindəki səmərəli fəaliyyətinə görə bu il Qax rayonu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irs” mükafatına da layiq görülüb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarixi_abideler_xalqimizin_malik_oldugu_zengin_medeni_irsdir-876282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR