Azərbaycan Premyer Liqası: 80 günlük istirahət, 3 oyun

Azərbaycan Premyer Liqası: 80 günlük istirahət, 3 oyun
11:37 9 Avqust 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə start veriləcək. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, 80 günlük istirahətdən sonra turnir 3 oyunla başlayacaq.
 
Peşəkar Futbol Liqası hər üç oyunun eyni saatda  - 21:00-da başlamasına qərar verib.
 
Maliyyə problemi ilə üzləşdiyi üçün hədəfini kiçildən "Neftçi" ilk turda əzəli rəqiblərindən olan "Kəpəz"i qəbul edəcək. Baş məşqçi postuna Şahin Diniyevi gətirən Gəncə klubu 30 aydan sonra üz-üzə gələcəyi rəqibini büdrətməyə çalışacaq. Axı 10 ildi "Kəpəz" paytaxt klubuna qalib gələ bilmir. Yayda heyətində gəncləşdirmə siyasəti aparan "Neftçi" isə "Kəpəz" üzərində 7 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədi.
 
Həmin gün meydana çıxacaq debütant "Zirə" Premyer Liqada ilk matçını AZAL-a qarşı keçirəcək. O AZAL ki, "Zirə" yay fasiləsində məhz həmin komandanın bir neçə futbolçusu ilə heyətini gücləndirib. Bu mənada sabiq AZAL-lıların keçmiş komandalarına qarşı dueli maraq doğurur. Ciddi böhran yaşadığı üçün gənclərin ümidinə qalan "təyyarəçilər"in debütantla qarşılaşmada şansları elə də yüksək deyil.
 
Yaşayıb-yaşamayacağı uzun müddət müzakirə mövzusu olan, buna baxmayaraq, Avropa Liqasında 2 mərhələ adlayan "İnter"i maraqlı Lənkəran səfəri gözləyir. Cənub təmsilçisi mövsümlərarası fasilədə heyətini xeyli gücləndirsə də, "bankirlər"lə qarşılaşmanın favoriti deyil. Çünki yeni gələnlərin heç biri məlum cəza səbəbindən sentyabra qədər komandaya kömək edə bilməyəcək. Bu isə baş məşqçi Yunis Hüseynovu çətin vəziyyətə salıb. İndi "İnter"in Lənkərandan 3 xalla dönmək üçün əlinə fürsət düşüb. Bu mövsüm avrokuboklarda uğurlu çıxış edən paytaxt klubu önündə lənkəranlıların işi çox çətin olacaq.
 
Topaz Premyer Liqası
I tur
 
9 avqust (bazar)
 
21:00 "Neftçi" - "Kəpəz"
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena"

21:00 "Zirə" - AZAL
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

21:00 "Xəzər Lənkəran" - "İnter"
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
"Xəzər Lənkəran" mərkəzi stadionu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR