İdman jurnalistlərinin bəyanatı: "Qatilləri tapın!"

İdman jurnalistlərinin bəyanatı:   "Qatilləri tapın!"
13:47 9 Avqust 2015
243 İdman
Ölkə mətbuatı
A- A+

İdman jurnalistləri Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. Bəyanatda "Qəbələ" klubuna və hüquq-mühafizə orqanlarına müraciət edilərək, jurnalistin ölümündə günahkar olanların tapılaraq cəzalandırılmasını tələb edib. Fanat.az bəyanatı olduğu kimi təqdim edir:


“Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia olunan jurnalist Rasim Əliyevin ölüm xəbəri hamımızı sarsıtdı. Mərhum Rasim Əliyevin ölümündə günahkar qismində futbolçu və onun qohumlarının göstərilməsi isə idman jurnalistləri olaraq bizi daha çox əlaqadar edir. 


Jurnalistin ölümündə məsuliyyət daşıyanlar hələ tam müəyyənləşməsə də, həmkarımızın faciəsində günahkar qismində “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun adının hallanmasından təəssüf hissi keçirdiyimizi bildiririk. 


Biz idman jurnalistləri “Qəbələ” klubunun rəhbərliyindən xahiş edirik ki, həmkarımızın ölümündə Cavid Hüseynovun rolunun olub-olmadığını dərindən araşdırsınlar və bu barədə məlumatı mətbuata çatdırsınlar.


Jurnalistin fikir bildirmək, tənqid etmək haqqı var. Jurnalist fikir bildirdiyinə görə heç bir halda fiziki təzyiqə məruz qalmamalı, öldürülməməlidi!


Bəli, Cavid Hüseynovu “Apollon”la oyunlardakı bayraq məsələsinə görə qəhrəmana çevirən mətbuat - bizim bəzi həmkarlarımız olmuşdu. Amma bu bəyanatın altında adı olan jurnalistlər bir daha bildirirlər ki, jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun və onun qohumlarının rolu varsa, cəzasını çəkməlidi. 


Biz hüquq-mühafizə orqanlarına da müraciət edərək, Rasim Əliyevin ölümündə əli qana batanları tez bir zamanda tapıb üzə çıxarmalarını xahiş edirik. 


Həmkarımızın ölümünü özümüz, gələcək fəaliyyətimiz üçün təhdid olaraq görürük, qatillərin tapılıb, layiqli cəzasını almasını tələb və xahiş edirik!"


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dman-jurnalistlrinin-byanat-t43129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR