Latviyada hərbi xidmətə çağırış üzrə yeni sistem yaradılacaq

Latviyada hərbi xidmətə çağırış üzrə yeni sistem yaradılacaq
16:08 26 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+


Riqa, 26 yanvar, AzərTAc
Hərbi Xidmətə Çağırış və Yaunsardze (“ölkənin gənc keşikçiləri” təşkilatı) Mərkəzinin direktoru Druvis Kleyns jurnalistlərə bildirib ki, Latviya Müdafiə Nazirliyi hərbi xidmətə çağırış sistemini yenidən yaratmağı planlaşdırır.
Müdafiə naziri Raymond Veyonis bu həftə Seymə müraciət edərək 2018-ci ilə qədər hərbi qulluqçuların sayının artırılması barədə qərar qəbul etməyə çağırıb. Nazir bildirib ki, kadr ehtiyatlarını artırmadan Milli Silahlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək mümkün deyil.
D.Kleyns qeyd edib ki, nazirin müraciəti kontekstində çağırış sistemi mühüm rol oynayacaq, lakin yaxın vaxtlarda yaranmış böhrandan sonra bu sistem lazımınca inkişaf etməyib. D.Kleyns vurğulayıb: “Milli Silahlı Qüvvələrdə hərbi xidmətə namizədlər axınının artırılması üçün tezliklə tibbi komissiyalarda, seçim strukturlarında və namizədlər peşəkar hərbi xidmətə götürülməsi zamanı onların öyrədilməsi ilə məşğul olan bölmələrdə müvafiq şərait yaratmaq lazımdır”.
Mərkəzin direktoru ölkədə demoqrafik şərait, gənclərin sağlamlığı, onların fiziki hazırlığının vəziyyəti, hərbi xidmətə çağırış və təlim sisteminin imkanları haqda söhbət açaraq qeyd edib ki, mövcud çağırış sistemi çağırışçıların sayını əhəmiyyətli dərəcədə artırmağa imkan vermir, buna görə də həmin sistemin imkanlarını xeyli yaxşılaşdırmaq qərara alınıb. İndi zəruri hesablamalar aparılır, təkliflər hazırlanır. Bu, faktiki olaraq orduya çağırış üçün yeni sistem yaradılması deməkdir.
D.Kleyns vurğulayıb: “Əlbəttə, gənclərin Milli Silahlı Qüvvələrdə xidmət etməyə motivasiyası olması üçün çağırış, seçim və təlim sisteminin təkmilləşdirilməsi vacibdir. Müdafiə Nazirliyi gənclərin hərbi işlə bağlı karyera seçməyə marağını artırmaq üçün artıq indidən yaunsardzenin inkişafı və Zemessardzenin (Latviya Respublikası Mili Silahlı Qüvvələrinin tərkib hissəsi olan Latviya, Xalq Könüllü Silahlı Təşkilatı) gücləndirilməsi ilə ciddi məşğul olur. Ümid edirik ki, bu tədbirlər, habelə əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılması gənclərin Milli Silahlı Qüvvələrdə xidməti prestijli və sabit iş yeri hesab etmələri üçün kifayət qədər müsbət fon yaradacaq”.
Müdafiə naziri Seymdən 2018-ci ilə qədər hərbi qulluqçuların sayının iki min nəfər artırılmasına razılıq verilməsini xahiş edəcək. Xatırladaq ki, hazırda Latviya ordusunda təxminən beş min nəfər xidmət edir.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Riqa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR