Ramin Musayev: "Ona görə də polis az idi"

Ramin Musayev: "Ona görə də polis az idi"
10:17 10 Avqust 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsini təqdim edir.

- Müəyyən fasilədən sonra "Kəpəz" Premyer Liqaya döndü və ilk oyununu keçirdi. Komandanın çıxışı sizi qane etdimi?

- "Kəpəz"in oyununu çox bəyəndim. Komanda meydanın hər qarışı uğurunda mübarizə apardı.
 
- Bəs "Neftçi"nin oyunu haqda nə deyə bilərsiniz?

- "Neftçi"nin də çıxışı haqda xoş sözlər demək olar. Unutmayaq, komandanın heyətində gənc futbolçular çoxluq təşkil edir. Ola bilsin, rəqibi yaxşı tanımırlar. İlk turdur, oyunlar çətin keçir. Bir oyuna görə fikir bildirmək düzgün olmaz. Deyə bilmərəm ki, "Kəpəz" güclüdür, "Neftçi" zəif. Kimin nəyə qadir olduğu 5 turdan sonra bilinəcək.
 
- Amma oyundan sonra xoşagəlməz hadisə baş verdi. "Kəpəz"in avtobusunun şüşəsi sındırıldı. Siz də hadisə yerində oldunuz. Bu haqda nə deyə bilərsiniz?

- Futbola ləzzət verən məqamlardan biri də azarkeşlər arasında baş verən olaylardır. Bu tək bizdə deyil. Bütün dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdirlər.
 
- Bu hadisəyə görə, "Neftçi"nin cəzalanması mümkündür?

- Aydınlaşdıracağıq. Bəlkə, bunu heç "Neftçi"nin azarkeşləri etməyiblər?
 
- Stadionda polislərin sayı az idi. Üstəlik, onlar əvvəlki oyunlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Bunda "Qəbələ" - "Apollon" oyunundan sonra baş verən insidentin rolu varmı?

- Malı-mala qatmayın. Bir var, avrokubok oyunu, bir də var, daxili çempionat. Bu gün stadionda 2-3 min azarkeş var idi. Ona görə də polis az idi. 11-12 min azarkeş olanda, təbii ki, polisin sayı da çox olmalıdır. Heç bir tapşırıq, göstəriş verilməyib. Hər şey qaydasındadır. Bizim rahat yaşamağımızın səbəbkarı polislərdir.
 
- Klublar Komitəsinin son iclasından sonra Tuyqun Nadirov bu barədə polislərlə danışıqlar aparılacağını söyləmişdi...

- Hər dəfə çempionat başlamamışdan öncə mən çempionatı keçirən qurumun rəhbəri kimi Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, eləcə də oyunları qəbul edəcək rayonların polis rəislərinə məktub göndərirəm. Onlardan xahiş edirik ki, stadionlarda təhlükəsizliyi yüksək səviyyədə təşkil etsinlər. Geridə qalan 7 ildə bununla bağlı hər hansı bir problem yaşamamışıq.
 
- "Xəzər Lənkəran" və "Neftçi" arasındakı oyunlarda qonaq azarkeşlərin iştirakı mümkündür?

- Mümkündür, amma bir şərtlə. Gərək hər iki klubun rəhbərliyi təhlükəsizliyə görə cavabdehlik daşısın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR