"AtaBank"da bütün əsas göstəricilər artıb

"AtaBank"da bütün əsas göstəricilər artıb
16:38 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

"AtaBank" ASC-nin 2014-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub. Belə ki, ötən il aktivlərin dinamikasında 54,8% və ya 205,4 milyon manat artım müşahidə olunub. Başqa sözlə, ilin əvvəlində aktivlər 374,9 milyon manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 580,3 milyon manata çatıb.

Bankdan Trend-ə verilən məlumata görə, aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədədir. Artım 91,4% və ya 221 milyon manat təşkil edib. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 241,7 milyon manat olduğu halda, yekunda bu rəqəm 462,7 milyon manatı aşıb.

2014-cü ilin yekunlarına görə bankın ümumi depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 60,3% və ya 192,3 milyon manat artaraq 511 milyon manat təşkil edib. Qeyd edək ki, 2014-cü ilin əvvəlinə bu göstərici 318,7 milyon manat təşkil edirdi. Müddətli depozit portfeli isə 244,1 milyon manatdan 197,3 milyon manat və ya 80,8% artaraq 441,4 milyon manat təşkil edib.

İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliyi müvafiq olaraq 2,18% və 23,48% təşkil edib.

2014-cü ilin sonunda bankın bankomatlarının sayı 78, şəbəkəsinə qoşulmuş POS-terminal sayı isə 18 567 ədəd olub.

İlin nəticəsinə görə bankın xalis mənfəəti 7,6 milyon manat təşkil edib.

2014-cü il “AtaBank” ASC üçün yüksək maliyyə göstəriciləri və yeni məhsullarla yadda qaldı. İlin əsas uğurlarından biri isə “AtaNet” internet bankçılıq məhsulunun istifadəyə verilməsidir. Yenilik isə ondan ibarətdir ki, “AtaNet” məhsulu "ASAN imza" ilə inteqrasiya olunmuş ilk internet bankçılıq məhsuludur. “AtaNet” ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir bankçılıq sistemidir. Həmin ildə “AtaBank” ASC bütün elektron xidmətlərini pulsuz olaraq təqdim edib. 2014-cü ildə “AtaBank” ASC tariflər siyasətinə yenidən baxaraq müştərilərə daha sərfəli şərtlər təklif edib. “AtaBank” ASC bu istiqamətdə də yüksək uğurlar əldə edərək geniş müştəri kütləsi cəlb edib. Nağdsız ödənişlərin stimullaşdırılmasına dair dövlət proqramını dəstəkləyən bank ötən il olduğu kimi, bu il də “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasına davam edəcək.

Eyni zamanda, bank müştərilərin rahatlığını düşünərək ölkənin regionlarında bir sira şöbələr və filialar açıb. Həmçinin bu il Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilmiş nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna dəstək olan “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edib. “AtaBank” ölkənin fərqli regionlarında, əhalinin sıx olduğu istirahət obyektlərində əhaliyə “AtaMatik”dən istifadə etmək imkanı yaradıb. Korporativ Sosial Məsuliyyət sahəsində 2014-cü il ərzində bank tərəfindən 350-dən artıq məktəbli uşaqlar üçün Yeni il, Novruz bayramı, Ramazan və Qurban bayramları şənlikləri təşkil olunub.

Əldə olunan uğurlar 2015-ci ildə bankın, onun əməkdaşlarının üzərinə düşən məsuliyyəti daha da artırır. Daim bir addım öndə olmağı qarşısına prioritet məqsəd kimi qoyan "AtaBank" ASC bu il də iş sistemini bir qədər təkmilləşdirmək, müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq məqsədi ilə yeni layihələri həyata keçirmək niyyətindədir. Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafın uğurla davam etdirilməsi də bankın inkişaf strategiyasının ayrılmaz hissəsidir. 2015-ci ildə yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, müştərilərin maliyyə savadının artırılması, beynəlxalq reytinq agentliklərindən yüksək reytinqlərin alınması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Hazırda bankın 2014-cü il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan "PriceWaterhouseCoopers" həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR